Səməd Vurğun xəstəxanada yatırmış...
23-09-2026, 08:14

Səməd Vurğun xəstəxanada yatırmış. Bir gün Bəxtiyar Vahabzadə Yusif Səmədoğlu ilə birlikdə onu ziyarətə gedir. Bir qədər söhbət edib hal əhval tutandan sonra Səməd Vurğun gənc Bəxtiyardan yaradıcılıqda hansı yeniliklərin olduğunu və təzə nə yazdığını soruşur.
Yusif Səmədoğlu atasının sözünə qarışıb deyir ki, Bəxtiyar bir gözəl şeir yazıb, amma qəzetlər onu dərc etmir. Səbəb kimi də şeirin millətçi olduğunu göstərirlər.
Səməd Vurğun şeirlə maraqlanıb onun Bəxtiyarın yanında olub olmadığını soruşur. Bəxtiyar cibindən şeir yazılmış vərəqi çıxarıb Səməd Vurğuna verir. Şair vərəqi diqqətlə oxuyur. Sonra qələmini götürüb şeirin adı ilə ilk bəndin birinci misrası arasındakı boş yerə, epiqraf ithaf hissəsinə öz əli ilə bu sözləri yazır:
“Biz Vətənimizi, millətimizi və dilimizi sevirik! V.İ.Lenin”
Daha sonra vərəqi Bəxtiyara qaytarıb ona ertəsi gün şeiri “Kommunist” qəzetinə aparmağı məsləhət görür.
Bəxtiyar da ertəsi gün Səməd Vurğunun dediyi kimi edir. Çox keçmir ki, Bəxtiyar Vahabzadənin sonralar dillər əzbərinə çevrilən məşhur “Ana dili” əsəri Azərbaycan SSR-in bir nömrəli qəzeti sayılan “Kommunist”in ilk səhifəsində dərc olunur.
Ş. Aydınoğlu

