Mobil telefonlar – Sivilizasiyanın möcüzəsi, yoxsa insanlığın sınağı?

16-09-2026, 10:08           
Mobil telefonlar – Sivilizasiyanın möcüzəsi, yoxsa insanlığın sınağı?
Müasir dövrümüzün ən böyük nailiyyətlərindən biri mobil telefonlardır. Bu gün elm və texnika özünün indiyədək görünməmiş ən yüksək inkişaf mərhələsini yaşayır. Artıq həyatımızı mobil telefonsuz təsəvvür etmək qeyri-mümkündür; bu texnika gündəlik yaşayışımızın ayrılmaz bir parçasına çevrilib.
İstənilən məlumatı öyrənmək üçün bircə barmaq toxunuşu kifayət edir. Bir zəng və ya mesajla əzizlərimizin, qohumlarımızın, tanışlarımızın hal-əhvalını öyrənir, ən uzaq məsafədə olanlardan belə anında xəbər tuturuq. Dünyada baş verən hadisələr telefonumuza bildiriş olaraq gəlir, hətta axtarmağımıza belə ehtiyac qalmır. Şagirdlər bilmədikləri tapşırıqları, tələbələr araşdırmalı olduqları mövzuları bu texnikanın sayəsində asanlıqla mənimsəyirlər. Tanımadığımız yerlərdə yol bələdçimiz olan bu balaca möcüzə, uzun və darıxdırıcı səyahətlərdə əhvalımızı qaldıran əyləncə vasitəsinə çevrilir. O, gözəl anlarımızı yaddaşa həkk edən fotoqraf, ruhumuzu oxşayan musiqiçi, yemək bişirməyi bacarmayan üçün aşpaz, xəstə üçün isə həkimi əvəz etməyə qadirdir. Bir çox qurumlara getmədən vacib işlərimizi həll edərək yükümüzü yüngülləşdirir. Deyərdim ki, insan həyatını asanlaşdırmaqda onunla yarışa girəcək ikinci bir texnologiya yoxdur.
Bəs biz bu texnikadan nə qədər düzgün istifadə edirik?
Bu gün uşaqlar və gənclər ondan elm öyrənmək üçün deyil, sırf əyləncə vasitəsi kimi istifadə edirlərsə, yaşlı insanlar vaxt öldürmək, fırıldaqçılar kiməsə maddi-mənəvi ziyan vurmaq, bəzi şəxslər isə cəmiyyətdə mənəvi pozğunluq yaymaq üçün istifadə edirlərsə, artıq burada texnikanın zərərli tərəfi ön plana çıxır. Halbuki onu kəşf edənlər və inkişaf etdirənlər heç də insanlara zərər vurmağı məqsəd qoymamışdılar.
Müxtəlif düşüncəli insanların əlində bu texnika sanki əsir qalıb. Ümumiyyətlə, hər kəs ondan öz dünyagörüşü səviyyəsində istifadə edir. Texnologiyanın hansı məqsədə xidmət edəcəyi onun potensial imkanlarından çox, kimin əlində olmasından asılıdır. Həqiqətən zənginləşdirilmiş uranın həm ən güclü enerji mənbəyi, həm də dünyanın ən dağıdıcı silahı kimi istifadə olunması buna aydın nümunədir.
Heç bir elmi kəşfin özlüyündə insana ziyanı yoxdur. Əslində, hər bir yenilik insan həyatını asanlaşdıran bir amildir — bir şərtlə ki, insanın insafı, vicdanı və dünyagörüşü neqativ meyllərin əsirinə çevrilməsin. Ziqmund Freyd səbəbsiz yere qeyd etmirdi ki, insanlar daim sivilizasiyanın nailiyyətləri qarşısında narahatlıq və vahimə hiss edirlər, çünki bu nailiyyətlər insanın öz əleyhinə istifadə oluna bilər.
Təəssüf ki, bu gün cəmiyyət bu çətin durumla üz-üzədir. Bir qrup bu texnologiyadan cəmiyyətin zərərinə istifadə edir, digər bir kütlə isə onun asılısına, əsirinə çevrilib. Bu iki təbəqəyə aid olmayanların nə xoş halına! Həqiqətən, insan özünün ən böyük düşmənidir. İnsanı da, insanlığı da məhv etməyə qadir olan bəşəriyyət bu gün həmin dağıdıcı potensialından maksimum istifadə edir. Sanki elm və texnika inkişaf etdikcə insanın dağıdıcılıq meyli də artır. Halbuki bu inkişafı qlobal problemlərin həllinə yönəltsək, bəlkə də insanlığı xilas etmiş olarıq.

Şahane Hesenova












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]