Qəhrəmanlarını Səhv Salan Cəmiyyət
21-09-2026, 15:04

Biz dəyərlərin sıradan çıxdığı və təməl anlayışların yerini dəyişdiyi qəribə bir dövrdə yaşayırıq. Smartfon ekranlarından və televiziya studiyalarından gənc nəsillərə çox təhlükəli bir mesaj ötürülür: "Elmin arxasınca qaçmaq, illərlə oxumaq mənasız bir vaxt itkisidir. Pul qazanmaq üçün əsas olan cəlbedici görünmək, diqqət çəkmək və bunun nəticəsində sponsor tapmaqdır". Təəssüf ki, bu deviz hal-hazırda özünü doğruldaraq kütləvi şəkildə alqışlanır və cəmiyyətin yeni həyat fəlsəfəsinə çevrilib.
Kütlənin gözündə uğurun meyarı artıq intellektual töhfə deyil, sosial mediada baxış sayıdır. Bir tərəfdə 15 saniyəlik əyləncəli video ilə milyonlar qazanan, gənclərin kumirinə çevrilən müasir avaralar – influenserlər və bloqerlər dayanır. Digər tərəfdə isə həyatının ən gözəl illərini ağır elmləri mənimsəməyə həsr edən peşəkarlar. Bəs necə olur ki, bir sivilizasiyanın inkişafına səbəb olan dərin elmi bilik və zəhmət arxa planda qalır, lakin gülümsəmə və marka reklamı baş kürsüyə keçir? Əvvəlki məqaləmdə də qeyd etmişdim ki, dövləti qüdrətli edən yalnız onun mühəndis və alim ordusudur.
Bu absurd mənzərənin əsas memarlarından biri də mediadır. Maarifləndirmə missiyasını çoxdan reytinqə qurban vermiş bəzi telekanallar ən hörmətli qonaq qismində alimləri, tədqiqatçıları yox, məhz əxlaqsızlıqları ilə tanınan tiktokerləri efirə çıxarırlar. Çünki cəmiyyətin ucuz dopaminə, asan həzm olunan, düşüncə tələb etməyən məzmuna ehtiyacı var. Mürəkkəb bir texnoloji məlumatı dinləmək beyindən enerji və intellekt tələb edir; kiminsə şəxsi həyatını müzakirə etmək isə zövq verir.
Lakin dövlət rəsmiləri unudurlar ki, "oxumaq lazımsızdır" ideologiyasını təbliğ edənlər əslində gələcək nəsillərin intellektual qətlinə fərman verirlər.
Sosial şəbəkə avaralarının populyarlığı bir sabun köpüyüdür. Parlaq, rəngarəng və diqqətçəkicidir, lakin içi boşdur. Tarix sübut edir ki, bəşəriyyət zaman-zaman cəhalətin illüziyasına qapılsa da, sonda həmişə rasionalizmə və elmə qayıdır. Çünki elmdən qidalanmayan heç bir cəmiyyət ayaqda qala bilməz.
Bu gün efirləri və ekranları zəbt edənlər bəlkə də günün qalibləridir. Amma gələcək onlara yox, cəmiyyətin real sütunlarını quran aydın beyinlərə məxsusdur. Bir gün dünya düzəni mütləq dəyişəcək. O günə qədər isə həqiqi peşəkarların və ziyalıların yeganə vəzifəsi öz işıqlı yollarından dönməmək və cəmiyyətə əsl dəyərin nə olduğunu öz əməlləri ilə sübut etməyə davam etməkdir.
Dr. Benjamin Karimov

