Bir alimin abidəsi üçün bir şəhidin abidəsi sökülməlidirmi?

15-09-2026, 09:37           
Bir alimin abidəsi üçün bir şəhidin abidəsi sökülməlidirmi?
Şəmkirdə baş verən hadisə, əgər jurnalist və sabiq deputat Etibar Hüseynovun açıqladığı kimidirsə, sadəcə anlaşılmaz qərar deyil, mənəvi baxımdan çox ağır məsələdir.
Etibar Hüseynov bildirir ki, şəhid Xəqani İbrahimlinin adını daşıyan parkdakı büst götürülüb və artıq yerində yoxdur. Onun sözlərinə görə, park bundan sonra məşhur geoloq Fərman Salmanovun adını daşıyacaq.
Daha qəribəsi isə budur: Hüseynovun dediyinə görə, şəhidin ailəsinə bildirilib ki, Xəqani İbrahimlinin yeni büstünü öz hesablarına hazırlatsınlar, sonra parkın bir yerində onun üçün yer ayrılması məsələsinə baxıla bilər.
Əgər bu doğrudursa, bunu anlamaq çox çətindir.
Fərman Salmanov böyük alimdir. Onun dünya neft geologiyasında xidmətləri danılmazdır. Ona Şəmkirdə abidə qoyulmasına da heç bir etiraz ola bilməz.
Amma bunun üçün niyə şəhidin adını daşıyan park dəyişdirilməlidir?
Niyə şəhidin büstü götürülməlidir?
Və ən əsası, niyə Vətən uğrunda həyatını itirmiş insanın ailəsinə deyilməlidir ki, onun büstünü öz pulunuzla düzəltdirin?
Xəqani İbrahimli Əfqanıstan müharibəsindən keçmiş, sonra Qarabağ savaşına qoşulmuş və Şuşanın müdafiəsində şəhid olmuş insandır. Belə bir adamın xatirəsi hansısa inzibati qərarın qarşısında ikinci plana keçirilə bilməz.
Bir alimi ucaltmaq üçün bir şəhidi kölgəyə salmağa ehtiyac yoxdur.
Şəmkir həm Fərman Salmanova, həm də Xəqani İbrahimliyə çatacaq qədər böyükdür.
Şəhid ailəsinə “büstü öz pulunuza düzəltdirin, sonra baxarıq harada qoyarıq” demək isə rəzalətdir.
Bir alimi ucaltmaq üçün bir şəhidi endirmək olmaz.

Elbeyi Hesenli












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]