Bizim faciəmiz ondadır ki, böyükləri oxumadığımız üçün kiçiklər gözümüzə böyük görünür....

15-09-2026, 12:24           
Bizim faciəmiz ondadır ki, böyükləri oxumadığımız üçün kiçiklər gözümüzə böyük görünür....
Bir gün bir şeir həvəskarı Əliağa Vahidi görür, həyəcanla yaxınlaşıb əlini sıxır: Vahid, sən zəmanəmizin Füzulisisən!
Vahid gülümsəyib sakitcə cavab verir: Mənim bəxtim ondadır ki, sən Füzulini tanımırsan...
Bu əhvalatın içində Azərbaycan ədəbiyyatının bugünkü dərdini izah edəcək qədər böyük bir həqiqət var: meyar itəndə əzgil koluna sərv ağacı deyərlər.
Ənvər Məmmədxanlını, Salam Qədirzadəni, Yusif Vəzir Çəmənzəminlini, İsa Hüseynovu oxuyan adam publika üçün status yazan müəlliflərə "yazıçı", "dahi" deməz. Əgər dahilik budursa, gərək bu dəfə Nəsimi dərisini "ənəl-həqq" üçün yox, "dahilik" sözünün abrını qorumaq üçün özü soyub içindən çıxsın.
"Müəllim", "bəy", "xanım" kimi vaxtilə çəkisi olan sözləri kimə gəldi paylaya-paylaya ucuzlaşdırdıq. Buna öyrəşdik.
İndi də "dahi", "ədib", "şair" sözlərinin başına eyni oyunu açırıq. Dünən hər yazı yazana yazıçı dedik, bu gün hər qafiyə qoşana şair, iki cümləni yanaşı qoyana dahi deyirik. Belə getsə, gələcək nəsil "dahi" sözünü eşidəndə Nəsimini, Füzulini yox, Facebookda axşam "xalq qəhrəmanı" olub yazdığı statusu səhər bir barmaq silkələnəndə silən adamı təsəvvür edəcək. Sözlərin mənası hələ lüğətdə yaşayır, amma abrını biz çoxdan öldürmüşük.
Uzağa da getməyək, Əliağa Vahidi, Bəxtiyar Vahabzadəni yaxşı tanıyan adam hər qafiyə qoşana şair deməz. Natəvanı oxuyan xalq, heyvan səsi çıxaran, gic-gic şeylər oxuyana "şairə" adı verməz. Çünki müqayisə üçün əvvəlcə meyar lazımdır.
Bunları da bir kənara qoyaq və kitaba baxaq. Çünki yüz il sonra heç kim müəllifin hansı gecə sərxoş olduğunu, kimlə dalaşdığını, hansı statusu yazıb səhər sildiyini araşdırmayacaq. Əgər qalacaqsa, kitabı qalacaq. Məsələ də elə budur ki, o kitab qalmağa dəyəcəkmi?
Problem əlbəttə, bir-iki nəfər sosial şəbəkə "dahi"si ilə bitmir. Zatən sosial şəbəkə "yazıçı"ları ciddi qəbul olunmur. Onlar sadəcə "əlçatmaz yazıçı" imici qazananların nöqsanlarını görməməyimiz üçün bir pərdədir
Bu gün Azərbaycan Yazıçılar Birliyində yüksək vəzifə tutan Çingiz Abdullayevin əsərlərini götürək. Çingiz Aytmatovu oxuyandan sonra adaşı Çingiz Abdullayevdə “yazıçı" sözünün çəkisi dəyişir. Aytmatovun yaratdığı "Manqurt" obrazı bir roman personajı olaraq qalmadı, bütöv bir mənəvi və ictimai anlayışa çevrildi. Aytmatovun bircə "Manqurt" obrazının ədəbiyyatda qoyduğu iz Abdullayevin bütöv kitab silsilələrinin qoyduğu izdən ağır gəlir. Ədəbiyyatın qüdrəti də budur: müəllif gedir, yaratdığı obraz dilin içində yaşamağa davam edir.
İndi soruşuram: bugünkü populyar nəsrimiz "Manqurt" obrazı kimi neçə belə obraz yarada bilib?
Elxan Elatlının detektivlərini oxuyanda isə məni ən çox yoran süjetlərin qabaqcadan sezilməsidir. Aqata Kristini, Artur Konan Doylu və klassik detektiv ədəbiyyatını oxumuş adam üçün hadisələrin mexanizmi tez-tez tanış gəlir. Bəzi süjet və obrazlarda başqa əsərlərdən, xüsusilə populyar detektiv və kriminal ekran qəhrəmanlarından tanıdığımız modellərin kölgəsi hiss olunur. Ad dəyişir, küçə dəyişir, amma skelet tanış qalır.
Halbuki bizim öz detektiv nəsrimizin Cəmşid Əmirov kimi müəllifi olub. "Brilyant məsələsi", "Qara Volqa" kimi əsərləri oxuyanda müəllifin yalnız cinayət tapmacası qurmadığını, dövrün şəhərini, kriminal mühitini və insan psixologiyasını da yaratmağa çalışdığını görürsən.
Bugünkü nəsrimizin başqa bir xəstəliyi isə söz çoxluğunu ədəbiyyat hesab etməkdir.
Elxan Elatlı və Çingiz Abdullayev romanın həcmini böyütməyi romanın dünyasını böyütmək hesab edirlər. Maşının təkəri, şalvarın kəməri, otağın pərdəsi, qadının alt paltarı səhifələrlə təsvir edilir. Bədii təsvir əsərin boynundan asılan zinət əşyası deyil. Əgər təsvir hadisəni, atmosferi və obrazın daxili dünyasını dərinləşdirmirsə, onun adı bədii təsvir deyil - söz zibilxanasıdır.
Qadın obrazlarında vəziyyət bəzən daha acınacaqlıdır. Qadının daxili dünyasını, qorxusunu, ziddiyyətini, mənəvi sarsıntısını yaratmaq əvəzinə onun bədəninin təsvirinə keçilir. Sanki qadının psixologiyasına gedən yol mütləq "18+" səhnədən keçir.
Çünki psixologiya yaratmaq çətindir, anatomiyanı təsvir etmək asan.
Mənim üçün romanın ən böyük məğlubiyyətlərindən biri isə budur: ilk əlli səhifədən sonuncu səhifəni görmək. Bir neçə səhifədən sonra kimin xəyanət edəcəyini, kimin öləcəyini, qatilin kim çıxacağını, müəllifin harada "gözlənilməz dönüş" edəcəyini təxmin edirəmsə, artıq müəllif məni əsərin içində aparmır - mən müəllifdən qabaqda gedirəm.
Detektiv ədəbiyyatda bundan ağır biabırçılıq yoxdur - oxucu kitabın əvvəlində cinayətkarı özü tapır, müəllif isə hələ axtarır...
Bütün bunların arxasında daha böyük problem görürəm: ədəbi meyarın dağılması. Söhbət kiminsə kitab çap etdirməsinə qadağa qoymaqdan getmir. İstəyən yazsın, istəyən çap etdirsin. Senzura ədəbiyyat yaratmır. Amma çap olunmaqla yazıçı olmaq, kitab sahibi olmaqla ədəbiyyata düşmək də eyni şey deyil. Burada peşəkar redaktənin, ciddi ədəbi tənqidin, nəşriyyatların və xüsusilə Azərbaycan Yazıçılar Birliyi kimi qurumların məsuliyyəti başlayır. Ədəbiyyatın qapısında senzura yox, meyar dayanmalıdır.
Bu gün on nəfərdən beşi şeir kitabı çap etdirir, sabah beşi roman yazır. Qoy yazsınlar. Problem yazmaq deyil. Problem yaxşı ilə pisin, istedadla iddianın, ədəbiyyatla mətn yığınının arasındakı sərhədin silinməsidir. Çünki kitab adi istehlak malı deyil. Bu gün çap etdiyimiz mətn sabah kitabxanaya düşür, o biri gün gənc bir adamın əlinə keçir və beləcə gələcək nəslin qarşısına "bizim dövrün ədəbiyyatı" adı ilə çıxır.
Bizdən əvvəlkilər bizə nə qoydular, biz özümüzdən sonrakılara nə qoyuruq?
Bizə Füzuli qaldı. Natəvan qaldı. Seyid Əzim qaldı. Sabir qaldı. Cəlil Məmmədquluzadə, Çəmənzəminli, Ənvər Məmmədxanlı, İsa Hüseynov qaldı.
Heç olmasa Xalid Hüseyni səviyyəsində insan taleyini götürüb oxucunun sinəsinə daş kimi qoya biləcək roman yazarlarımız varmı? Kitabı bağlayandan sonra günlərlə adamın arxasınca gələn obrazlarımız varmı? Bir cümləsi illərlə yaddaşdan çıxmayan əsərlərimiz varmı? Yoxdur!
İstisnalar var. Qəsdən ad çəkmirəm. Mən ayrı-ayrı müəlliflərin siyahısını deyil, ümumi mənzərəni deyirəm.
Azərbaycan ədəbiyyatının ən böyük təhlükəsi istedadsız adamın kitab yazması deyil. İstedadsız adam dünən də yazırdı, sabah da yazacaq. Əsl faciə zövqün ölməsidir.
Zövq ölən kimi meyar ölür. Meyar ölən kimi yüngüllük istedad adı ilə gəzir. Bir az sonra şairlə qafiyəçini, yazıçı ilə mətn yığanı ayırmaq mümkün olmur. Sonra titul gəlir, tərif gəlir, "xalq yazıçısı", "böyük şair" sözləri gəlir və bir gün baxıb görürük ki, sözlərin özünün də qiymətini öldürmüşük.
Onda Əliağa Vahidin o acı təbəssümünün mənasını daha yaxşı anlayacağıq.
Bəzilərinin "böyük"lüyü özlərində deyil.... Bizim faciəmiz ondadır ki, böyükləri oxumadığımız üçün kiçiklər gözümüzə böyük görünür....
Var Azəribaycan Yazıçı Birliyi - göyçək
Rüşvət ora rəhbərdisə əlyazmadan əl çək
Alqış tutarıq Elza kimi "şairə" görcək
Gəl gör neçə təlxəklərə əhsən deyirik biz.
Bərk anqıran eşşəklərə əhsən deyirik biz....
Namiq Haşimzadə












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]