Xain, ermənilərin böyük dostu Qatır Məmmədin xəyanəti barədə bir necə təkzibolunmaz fakt...
15-09-2026, 00:08

Yəqin ki, hamı onun haqqında filmə baxanda həm qürrələnib, həm də kədərlənib.
Ancaq təəssüflə qeyd etməliyəm ki, bu fəxr, bu kədər hissi hədər yerə imiş.
Söhbət “kasıbların dayağı” kimi təqdim edilsə də, xain olan, ermənilərlə əlbir işləyən, üzdə “Xalq qəhrəmanı”mız Qatır Məmməddən gedir.
Ümumiyyətlə, Qatır Məmməd qətiyyən filmdə göstərilən və haqqında yazılan, danışılan kimi bir adam olmayıb.
Bir qaçaq təsəvvür edin ki, dayaq, güvən yeri ermənilər idi.
Bir qaçaq təsəvvür edin ki, ən yaxın dostu Azərbaycanın düşməni Şaumyan idi. Onlar o qədər yaxın dost idilər ki, Bakıya bir neçə dəfə gələn Qatır Məmməd hər dəfə Stepanın evində qalırdı.
Ermənilərə özündən də çox güvənən Qatır Məmməd, hətta qızıllarını, pullarını da saxlamaq üçün onlara verirdi, ancaq onlara güvənirdi.
Məlumata görə, Qatır Məmmədin dəstəsində olan 150 nəfərdən 100 nəfəri də erməni daşnakları idi.
Əslində, Qatır Məmmədin ermənilər, bolşeviklərlə dostluğu da təsadüfi olmayıb.
Belə ki, hələ 1906-cı ilin fevralında sosial-demokrat tələbə təşkilatının təşəbbüsüylə Bakı texniki məktəbində məktəb müdriyyətinin özbaşınalıqlarına etiraz əlaməti olaraq ümumi tətil keçirildi.
Qatır Məmmədin köməkliyi ilə Gəncə texniki məktəbi də Bakı tələbələrinin tətilinə dəstək vermişdi. Ancaq iki gündən sonra tətil yatırıldı və Məmmədlə dostları Sibirə sürgün edilirlər.
Bəli, məhz bu məqamdan sonra 19 yaşlı Məmməd bolşeviklərlə tanış oldu.
Əslində, ermənilər də heç vaxt çox sevdiyi Qatırı diqqətsiz qoymayıblar.
Ona görə də məhz həbsdən qaçmaq üçün Qatır Məmmədə Stepan Şaumyanın adamları kömək etmişdilər.
O gün dən sonra isə Qatır Məmmədin silahlı üsyanları başladı.
Məmməd artıq 19 yaşı olarkən silahlı üsyan təşkil edir, başına yığdığı dəstəylə birgə kəndlərə daxil olur, bəylərin, xanların var-dövlətini, torpağını müsadirə edirdi.
Ermənilərin Qatır Məmməfə dəstəyi isə dəfələrlə olub.
Məsələn, üsyanların birində də Qatır Məmməd həbs olunaraq Gəncə qalasına salınmışdı.
Lakin 4 aydan sonra Gəncə erməniləri pul yığıb Gəncə kommunist təşkilatına verirlər və onların yardımı ilə Qatır Məmməd çıxarıldığı məhkəmədə bəraət alır.
Qatır Məmməd başına yığdığı dəstə ilə əsasən Müsavat hökumətinə qarşı vuruşub.
Təbii, onun əsas maliyyə dəstəyi də Stepan Şaumyan və yaxınlarından ibarət idi.
Hətta Məşədi Əzizbəyov da onu yaxın dostu kimi qəbul edirdi.
Digər bir tarixi fakt da bundan ibarətdir ki, Müsavat hökuməti qurulandan sonra Osmanlı dövlətinə Bakının azad edilməsi üçün müraciət edildiyini eşidən Stepan Şaumyan, Qatır Məmmə də geri qayıdıb onların qarşısını almağı tapşırır və silahla təmin edir.
Bəli, “Qırmızı partizan" dəstəsi adını alan Məmmədin adamları, Nuru Paşanın başçılığında Gəncədən çıxaraq Goranboy istiqamətinə doğru getməsini eşidib pusqu qurur. Gəncədən gələn Nuru Paşa və Tovuzdan gələn türk paşası Hulusi bəyin də qoşununun qarşısını alıb onların Bakıya gəlməsini bir neçə müddət gecikdirir.
Qatır Məmmədin xainlikləri bunlarla da bitməyib.
Daha dəqiq, o, xain əməllərini daha da yüksək səviyyəyə qaldırmaq üçün, Məşədi Səmədlə birgə Əzizbəyovla görüşür və qərara gəlirlər ki, Müsavat ordusu daxilində inqilabi iş aparmaq zəruridir.
Bundan sonra, Qatır Məmməd və Məşədi Səməd saxta sənədlər düzəltdirərək Müsavat ordusuna yazılırlar.
Ancaq bu plan baş tutmur. Çünki Əhməd bəy Məmmədxanbəyov Qatır Məmmədi əsgərlər arasında görüb tanıyır və bunu hərbi hissə komandirinə xəbər verir. Qatır Məmməd və Məşədi Səməd dərhal həbs edilərək zindana salınırlar. Gəncədə səhra məhkəməsi qurulur. Məhkəmə Qatır Məmməd və Məşədi Səmədi dar ağacından asılmaqla ölüm hökmünə məhkum edir.
Lakin edama bir gün qalmış Gəncə şəhər kommunist təşkilatının üzvləri həbsxana divarını dələrək onları qaçırmağa müvəffəq olurlar.
Bütün bunlardan əlavə, Stepan Şaumyana Bakıda və rayonlarda Mart qırığını zamanı silan göndərən də Qatır Məmməd və erməni silahdaşları idi.
Cümhuriyyətin naziri Fətəli xan Xoyskinin başçılıq etdiyi dəstəyə ağır zərbə endirən də Qatır Məmməd idi.
Təsəvvür edin, o, Azərbaycanın paytaxtı ilə Qərbini birləşdirən telefon, teleqraf xətlərini dağıdıb sıradan çıxarıb, Bakı-Gəncə dəmiryolunu partladıb ki, Fətəli Xan Xoyskinin başçılıq etdiyi Azərbaycan ordusu Qarabağ, Zəngəzur, Göyçə və Gəncəbasar bölgələrində erməni soyqırımına məruz qalmış köməksiz Azərbaycan türklərini erməni-rus vəhşiliyindən qurtarmaq üçün həmin tərəfə hərəkət edə bilməsin.
Ümumiyyətlə, onun ermənilərlə əlaqəsini sübut edən onlarla fakt var.
Məsələn, 1919-cu ilin 11 sentyabrında Gəncə prokuroru Azərbaycan daxili işlər nazirlinə teleqram göndərir.
Teleqramda yazılır:
“Biz Qatır Məmmədi öldürmək üçün erməni daşnaklarına müraciət elədik. Onlara pul da təklif etdik. Lakin onlar Qatır bizim qardaşımızdır deyib imtina etdilər”.
Nəhayət, sonda Qatır Məmməd Azərbaycan Cümhuriyyət ordusunun zabiti Teymur bəy Mirzə Hacı bəy oğlu tərəfindən 1919-cu ilin 18 sentyabrında güllələnərək öldürülüb.
Orxan Saffari

