Naxçıvanı qana boyayan Enkel kim idi?
15-09-2026, 08:24

Dünən Luici Villarinin Naxçıvan qeydləri haqda yazmışdım. Qeydlərində Naxçıvanın naçalniki Enkellə görüşmək istədiyini amma məcbur müavinini Qoqoberidze ilə görüşdüyünü qeyd edirdi. Villari həmçinin onu ermənilərə düşmən biri kimi təqdim edir. Mənə maraqlı gəldi ki, bəs kim idi Enkel?
Məhəmməd Səid Ordubadi öz "Qanlı sənələr" əsərində onun adını "Angil" kimi tələffüz edir və ermənilərlə aranı daha da qızışdırmaqda ittiham edirdi: "Böyük Rusiya inqilabına görə mərkəzi hökumətin başı özünə qarışdığından xırda məmurlar özbaşınalığa üz qoyub
erməni-müsəlman iğtişaşlarının sakitləşməsi üçün bir tədbirdə bulunmadılar. Bulundularsa da, ermənilərin terrorları qorxusundan bir tərəfi əldə saxlayıb, digər tərəfə növbənöv vicdansızlıqlar etməkdə idilər. Demək ki, bir tərəfi əzib qoyduğundan, əzilən camaat qarşı tərəfdən intiqam almaq üçün hər cür təşəbbüslərdə bulunmağa məcbur olurdular. Budur ki, Qafqazın gözəl şəhərləri dağıdılıb yandırılıb, yurdlarımız qan çalasına döndərilirdi. Bunlara şahid Naxçıvan uyezdinin naçalniki Angil kimi viedansızların fitnəkar hərəkətləridir. Belə ki, yanan atəşləri söndürməyib, əksinə, caniləri bir sıra cinayətlərə sövq edirdi."
Aksel Valdemar Enkell etnik fin idi. Qardaşı daha məşhur fin rəssam Maqnus Enkell idi. Hərbçi kimi yetişmişdi və 1900-cü ildə Qafqaza ezam edilmişdi. Karyerası Şuşa qəza naçalnikinin müavini kimi başlamışdı. Daha sonra 27 oktyabr 1900 tarixində Naxçıvan qəzasına naçalnik kimi təyin edilmişdi. Vəzifəsi ilk dövrlər yaxşı gedirdi. Həmin il Naxçıvanda ipəkçilik ticarətini tənzimləmək üçün yerli ipəkqurdu yetişdiricilərinin üç günlük regional konqresinə sədrlik etmişdi. 1903-cü ilin əvvəllərində o, Cəfərqulu xan Naxçıvanski ilə birlikdə bölgədə geniş yayılmış göz xəstəliklərini müalicə etmək üçün göndərilən səyyar oftalmoloji ekspedisiya təşkil etmişdi.
Naxçıvan İran sərhədindən əvvəl əsas Rusiya tranzit məntəqəsi olduğundan, Enkell və yerli pravoslav keşiş Ananiya Ksenodoxov müntəzəm olaraq rus heyəti və Urmiyadakı Rusiya Kilsə Missiyasına gedən kilsə karvanları üçün səyahət, logistika rəsmiləşdirilməsi və təhlükəsizlik tədbirləri təşkil edirdilər. Dövrün kilsə bülletenlərində sərhədi keçən səyahətçilərə göstərdiyi yardıma görə Enkell təriflənmişdi.
1905-ci il qırğınları başlayanda Enkell tezliklə hər iki tərəfi özünə düşmənə çevirməyə başladı. Enkellin davranışı həmçinin qəzanı sakitləşdirmək üçün göndərilən məmurlar arasında mübahisə mövzusuna çevrildi. 1905-ci ilin mayında Naxçıvana fövqəladə səlahiyyətlərlə göndərilən general-mayor Maksud Əlixanov-Avarskinin Qafqaz canişininə verdiyi hesabata görə, Əlixanov Enkellə müsəlman sakinləri qamçılamağı qadağan etmişdi, çünki qamçılamalar qurbanların ailələrinin iştirakı ilə həyata keçirilirdi və bu yaxınlarda fiziki cəza ləğv edilmişdi. İyun ayında Naxçıvanda keçirilən iclasda İrəvanın yeni təyin olunmuş general-qubernatoru Lui-Napoleon Bonapart qadağaya etiraz etmiş, Əlixanovun Enkellin rayondan geri çağırılması tələbini rədd etmiş, fiziki cəzanın tətbiqini bərpa etmiş və Enkellə bütün məsələlər barədə Əlixanova deyil, İrəvan qubernatoru Vladimir Tizenhauzenə hesabat verməyi tapşırmışdı.
Enkell 26 fevral 1905-ci ildən podpolkovnik rütbəsinə yüksəldi. O, 22 dekabr 1905-ci ildə Naxçıvanı tərk edərək Eçmiədzin qəzasının üçüncü bölməsinin müvəqqəti arbitri (mirovoy posrednik) oldu.1906-cı ildə Difai Enkellin "cəzalandırıldığını" elan etmişdi: "Naxçıvan bazarını yandırdan və Cəhri kəndini dağıddırıb xaraba qoyan iləriki Naxçıvan uyezd naçalniki polkovnik Engel millət qəhrəmanın iki dənə gülləsinə hədəf olub, bu günlərdə Difai firqəsi qət etdiyi cəzasına çatdı. "
Amma görünür ya Enkell sadəcə yaralanmış, ya da heç zədə almamışdı. Çünki Enkell növbəti dəfə 31 yanvar 1907-ci ildə Qərbi Gürcüstanın Kutaisi quberniyasında dağlıq Leçxumi qəzasının naçalniki təyin edildi edildi və bu vəzifədə 1915-ci ilin yanvar ayına qədər çalışdı. 1908-ci ildə fərqləndiyinə görə polkovnik rütbəsinə yüksəldi.
Enkell Birinci Dünya Müharibəsinin ilk aylarında mülki administrasiyada qaldı; 4 yanvar 1915-ci ilə qədər qəza naçalniki kimi qaldı. Həmin tarixdə o, 20-ci Piyada Diviziyasının 77-ci Tenqinski Piyada Alayına köçürüldü və daha sonra Qafqaz Hərbi Dairəsindəki Axaltsixedə yerləşdirildi. 1917-ci ildə rezervə alındı. Enkell bolşeviklərə qoşulan Çar ordusunun çox az sayda yüksək rütbəli zabitlərindən biri idi. Tarixçi Sergey Volkov rus zabit korpusunu araşdırarkən 1917-ci ilin sonlarında Bolşevik partiyasına mənsub olan zabitlərin demək olar ki, yalnız kiçik rütbəli zabitlər olduğunu qeyd edir və Enkelli həmin qrupdakı bir neçə səhra zabiti arasında sadalayır; bu cür zabitlər adətən Oktyabr İnqilabı zamanı və dərhal sonra əsgər komitələrinə rəhbərlik edir və bolşevik hərbi birləşmələrinə rəhbərlik edirdi. Daha sonra o, Qırmızı Orduda xidmət etmiş və 1 iyun 1920-ci ilə qədər Həştərxan piyada komandanlıq kurslarının təlim bölməsinə rəhbərlik etmişdir. O, 28 aprel 1921-ci ildə Saratov quberniyasının Volsk şəhərində tif xəstəliyindən vəfat etmişdi.
Finlandiyadakı qohumları müharibədən bəri onun haqqında heç bir xəbər almamışdılar və Rusiyada bolşeviklərin onu öldürməyindən qorxurdular; onun uzun sürən xəstəliyi və ölümü xəbəri onlara yalnız dul arvadı Anna Hessel Finlandiyaya qayıtmağa imkan tapdıqdan sonra çatdı.
Azərbaycan tarixçiliyində "Angil"in haqqında çox məlumat yoxdur, kiçik personaj sayılır, haqqında yazanlar da AMEA işçisi Nazim Mustafa kimi şəxslərdir və onlar Difainin versiyasını doğru olaraq qəbul edirlər.
Foto: Aksel Valdemar Enkel kadet formasında.
Cavid Ağa

