Əvvəl “filankəs yazıb” deyirdilər. İndi “Aİ yazıb” deyirlər.
14-09-2026, 15:18

Əvvəllər yazılarımı, hekayələrimi oxuyan bəzi natamam kompleksli insanlar “Bunu özü yazmayıb, filankəs yazıb” deyirdilər. İndi isə eyni ittihamın müasir versiyası ilə qarşılaşıram “Bunu süni intellekt yazıb”.
Açığı, özümü, istedadımı, intellektimi kiməsə sübut etmək kimi heç vaxt bir məcburiyyət hiss etməmişəm. İndi də hiss etmirəm. Buna görə narahat deyiləm.
Süni intellektdən istifadə edirəm. Mövzuya uyğun vizual hazırlamaq, şübhəli məlumatları və sözlərin dəqiqliyini yoxlamaq kimi məsələlərdə. Necə ki, jurnalist illərlə lüğətdən, redaktordan, korrektorundan istifadə edib. Amma 18 illik jurnalistika fəaliyyətim, yüzlərlə yazım, reportajım, müsahibəm və illərlə formalaşmış müəllif səsim bir gün ortaya çıxmış süni intellektlə başlamayıb. Nə haqqında yazacağımı, nəyi problem hesab etdiyimi, nəyə etiraz etdiyimi, hansı detalı gördüyümü və bu hadisədən hansı nəticəni çıxardığımı mənim yerimə heç bir süni intellekt müəyyənləşdirə bilməz.
Bir mətnin fikrini, müşahidəsini, müəllif səsini və düşüncə tərzini süni intellektin yazdığı hazır mətnlə qarışdırmaq tamam başqa məsələdir.
Məni əslində narahat edən də budur.
Çünki süni intellektin mətni ilə müəllif mətninin arasındakı fərqi hiss edə bilməmək, hər yazını “bunu AI yazıb” səviyyəsində qiymətləndirmək texnologiya məsələsindən çox, mütaliə məsələsidir.
Çox oxuyan adam müəllif səsini tanıyır.
Bir yazıçının hansı cümləni necə qurduğunu, hansı fikrə necə gəldiyini, hansı sözün onun dünyasından gəldiyini zamanla hiss edir. Müəllifin səsi bir yazıda yaranmır; illərlə yazılan mətnlərin içindən formalaşır.
Ona görə də mənim üçün “bunu sən yazmamısan” ittihamı yeni deyil. Sadəcə ittihamın texnologiyası dəyişib.
Əvvəl “filankəs yazıb” deyirdilər.
İndi “Aİ yazıb” deyirlər.
Gunel Musa

