13 sentyabr 1944-cü il, Daxau həbs düşərgəsində almanlar İngiltərənin müsəlman kəşfiyyatçısı Nur İnayət Xanı qətlə yetirirlər.

14-09-2026, 11:44           
13 sentyabr 1944-cü il, Daxau həbs düşərgəsində almanlar İngiltərənin müsəlman kəşfiyyatçısı Nur İnayət Xanı qətlə yetirirlər.
O, hindistanlı müsəlman zadəgan ailəsində 1914-cü il yanvarın 1-də Moskvada anadan olub. Onun əcdadı Tipu Sultan XVIII əsrin sonlarında Maysur hakimi idi və ingilislərə qarşı apardığı mübarizədə “Maysur aslanı” kimi tanınırdı. Anası isə amerikalı idi.
Nurun anadan olmasından bir neçə ay sonra ailəsi Londona, 1920-ci ildə isə Parisə köçür. İkinci dünya müharibəsi zamanı Fransa almanlar tərəfindən işğal olunanda yenidən İngiltərəyə qayıdırlar.
Burada Nur İnayət əvvəlcə Qadın Köməkçi Hava Qüvvələrinə qoşulur, daha sonra radistlik kurslarına göndərilir. Kursu bitirdikdə Xüsusi Əməliyyatlar İdarəsinin (SOE) əməkdaşı olur. Bundan sonra düşmən arxasında kəşfiyyat üçün hazırlanır.
Qeyd etmək lazımdır ki, rəhbərlik onun kəşfiyyatçı keyfiyyətləri barədə çox da yüksək fikirdə deyildi. 1943-cü il iyunun ortalarında Fransaya göndərildikdən sonra da bir sıra səhvlərə yol verdi və nəticədə oktyabrın 13-də həbs olundu. Amma həbsdə özünü çox ləyaqətlə apardı və heç bir sirr vermədi.
Nur iki dəfə qaçmağa cəhd etdi, amma hər iki cəhdi uğursuz oldu. İkinci cəhdindən sonra onu Almaniyanın Pfortshaym şəhərindəki həbsxanaya göndərdilər və 9 ay təkadamlıq kamerada saxladılar. Yenə də əməkdaşlığa razılıq verməyən kəşfiyyatçını 1944-cü il sentyabrın 11-də Daxau həbs düşərgəsinə apardılar və iki gün sonra daha üç casus qadınla (İolanda Bikman, Madlen Damerman, Elian Plevman) birlikdə güllələyərək edam etdilər.
2012-ci ildə Londonun Qordon Skver parkında Nur İnayət Xanın büstünün açılışı oldu.
2014-cü ildə “Reyxin düşməni: Nur Hidayət Xanın tarixçəsi” (Enemy of the Reich: The Noor Inayat Khan Story) adlı sənədli-dramatik film çəkildi. Nurun əhvalatı 2019-cu ildə çəkilən “Casusluğa çağırış” (A Call to Spy) filmində də işıqlandırılır.
Yadigar Sadıqlı












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]