Albrext Durerin “Əllər” rəsm əsərini çoxları tanıyır.

16-09-2026, 08:34           
Albrext Durerin “Əllər” rəsm əsərini çoxları tanıyır.
Ancaq bu rəsmin yaranma tarixini az adam bilir. Düşünürəm ki, Düreri tanımayan hər kəs bu hekayəni ömrünün sonuna qədər xatırlayacaq.
15-ci əsrdə Nürnberq yaxınlığındakı kiçik bir kənddə on səkkiz uşaqlı bir ailə yaşayırdı. On səkkiz!
Belə böyük bir ailəni dolandırmaq üçün, zərgər ata gündə on səkkiz saat işləyirdi. O, zərgərlik emalatxanasında işləyirdi, həm də istənilən ödənişli işi öz üzərinə götürürdü.
Demək olar ki, ümidsiz vəziyyətə baxmayaraq, uşaqların ikisinin bir arzusu vardı. Onlar incəsənətdə istedadlarını inkişaf etdirmək istəyirdilər, lakin bilirdilər ki, ataları onların heç birini Nürnberqdəki Akademiyaya oxumağa göndərə bilməyəcək. Uzun gecələr boyu davam edən müzakirələrdən sonra, iki qardaş bir-biri ilə razılığa gəlir. Onlar bir sikkə atmağa qərar verirlər. Uduzan kömür mədənlərdə işləməyə gedəcək və qazancı ilə o biri qardaşının təhsilini ödəyəcək. Sonra isə o biri qardaş oxuyub, təhsilini başa vurduqda, mədəndə işləyən qardaşının təhsil haqqını əsərlərini satmaqla, lazım gələrsə, mədəndə də işlətməklə ödəyəcək.
Bazar günü səhər kilsə duasından sonra, onlar sikkə atırlar. Albrext Durer qalib gəlir və Nürnberqə təhsil almaq üçün yola düşür. Albert isə, təhlükəli mədənlərdə işləməyə gedir və dörd il ərzində Akademiyadakı işi dərhal sensasiyaya çevrilən qardaşının təhsili üçün pul ödəməyə başlayır.
Albrextin qravüraları, taxta oymaları və rəsmləri hətta bir çox professorların işindən də üstün olur. Məktəbi bitirəndə artıq işinə görə yaxşı pul qazanmağa başlayır. Gənc rəssam kəndinə qayıdanda Dürer ailəsi Albrextin zəfərlə qayıdışını qeyd etmək üçün, çəmənlikdə bayram naharı təşkil edir.
Musiqi və gülüşlə dolu uzun və yaddaqalan şam yeməyindən sonra, Albextin arzusunu gerçəkləşdirmək üçün, uzun illər fədakarlıq edən sevimli qardaşına tost qaldırmaq üçün, o, süfrənin başındakı fəxri yerindən qalxır. Çıxışının sonunda deyir: “İndi, Albert, mənim mübarək qardaşım, sənin növbən gəldi. İndi sən arzularının arxasınca getmək üçün, Nürnberqə gedə bilərsən, mən sənin qayğını çəkəcəm”.
Hamı səbirsizliklə stolun o biri başında oturan Albertə tərəf dönür. Göz yaşları solğun sifətindən aşağı axırdı və o, hönkür-hönkür ağlayaraq başını tərpətdi və “Yox...yox...yox...yox” dedi. Nəhayət ayağa qalxıb göz yaşlarını sildi. O, çox sevdiyi insanların üzünə baxıb, sonra əllərini üzünə yaxınlaşdıraraq yavaşca dedi: “Yox, qardaş. Mən Nürnberqə gedə bilmərəm. Mənim üçün çox gecdir. Baxın! Mədəndəki o dörd il mənim əllərimə nə günə qoyub! Hər barmağımdakı sümüklər ən azı bir dəfə qırılıb və bu yaxınlarda sağ əlimdə artrit xəstəliyinin əmələ gəldiyini bildim. Bax, heç əlimdə sənin şərəfinə qaldırdığım badəni belə saxlaya bilmirəm. Daha perqamentə və ya kətana qələm və ya fırğa ilə gözəl xətlər çəkə bilmərəm. Xeyr, qardaş, mənim üçün çox gecdir.”
500 ildən çox vaxt keçib. İndi dünyanın hər bir böyük muzeyində yüzlərlə portret, qələm və gümüş karandaş rəsmləri, akvarellər, kömür rəsmləri, ağac kəsmələri və mis oymalar asılır. Çox güman ki, siz Albrext Durerin ən azı bir əsəri ilə tanışsınız. Bəlkə də evinizdə və ya ofisinizdə onun əsərlərindən birinin nümunəsi var.
Qardaşı Albertın verdiyi bütün fədakarlıqlara görə, hörmətlə yanaşan Albrext qardaşının səmaya işarə edən qırışıq əllərini kətana köçürdür. O, güclü məntiq əks etdirən tablosunu çox sadə adlandırıb: “Əllər”.
Ancaq bütün dünya demək olar ki, dərhal ürəyini bu şah əsərin heyranlığına bağladığından, bu rəsmə "Dua edənin əlləri" adını verib.
Esmira ŞÜKÜROVA












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]