Qədim Skiflərin şanlı varisləri – Qızılbaşlar
16-09-2026, 17:54

Qızılbaşların İskit papaqları...
Səfəvi tarixçisi İsgəndər bəy Münşi (1560–1634) “Aləmi bəzəyən Abbasın tarixi” adlı əsərində yazırdı:
“Şeyx Heydər (1460–1488) bir gecə sonralar həqiqətə çevriləcək bir röya gördü: Qeyb aləminin xəbərgətirənləri onun öhdəsinə qoydular ki, o, gərək On İki İmamın əlaməti olan qırmızı zolaqlı papaqla öz tərəfdarlarının başlarını bəzəsin.
Sultan Heydər bu yuxunu gördükdən sonra başına şadimanlıq papağı qoyub o vaxtlar dəbdə olan türkman papağını on iki zolaqlı Heydər papağı ilə əvəz etdi. Onun arxasınca gedənlər də o Həzrətə tabe oldular və bu xanədanın bütün üzvləri həmin dəyərli papağı başlarına qoymaqla başqalarından seçildilər. Elə buna görə də o şan-şöhrətli adamlar qızılbaş adı ilə məşhur oldular”.
Mehman Süleymanov “Şah İsmayıl Səfəvi” adlı əsərində yazır: “Bu papaqlar qırmızı rəngli keçədən olmaqla yuxarısı dairəvi və ensiz şiş ucluqla tamamlanırdı. Onun üstünə isə ağ və bəzən də yaşıl parça əmmamə kimi dolandırılırdı”.
Rəssam Fərəh Məmmədova yazır: Azərbaycan miniatürünün ən səciyyəvi əlaməti əsərlərdə Heydər tacının təsviridir. Heydət tacının miniatür sənətində əks olunması Azərbaycan miniatür ocağını Şərqin digər miniatür məktəblərindən ayırmaq işini xeyli asanlaşdırmışdır. İndi qətiyyətlə demək olar ki, XVI yüzilə aid elə bir Azərbaycan miniatürü yoxdur ki, orada qızılbaş papağı təsvir olunmasın”.
Səfəvi dövrünə aid miniatürlərdə qızılbaş papağı hündür, şiş ucluqlu baş geyimi kimi təsvir edilmişdir. Həmin şəkillərə diqqət yetirsək görərik ki, qızılbaş papağı 1969-cu ildə Qazaxıstandakı İssık kurqanından tapılmış “qızıl adam”ın baş geyimi ilə faktiki olaraq eynidir. Fərq yalnız qızılbaş papağının aşağı hissəsinə dolandırılmış əmmamədədir.
Sovet arxeoloqlarının ehtimalına görə, e.ə. V əsrə aid İssık kurqanı qədim saka xalqının ən böyük tayfasının – tiqraxaudaların yadigarıdır. Tiqraxauda sözü qədim dillərdə şiş, dik ucluqlu papaq mənasını verirdi. Əski yunan təsvirlərindən isə aydın olur ki, nəinki saka-skiflər, həm də onlardan əvvəlki kimmerlər də məhz belə papaqlar qoymuşlar.
Qeyd etmək lazımdır ki, XX əsrin əvvəllərinədək qazax və qırğız qadınlarının ən populyar baş geyimlərindən biri olmuş saukele adlı papaq da məhz qədim saka papağının eynisidir. Qazax tarixçisi Məşhur Jüsip Köpeyulı (1858–1931) yazırdı ki, keçmişdə saukeleni ən varlı qazax kişiləri geyinirdilər.
Qırğızlar qızılla bəzədilən bu papağı şökülö adlandırırlar. Saukele və şökülö sözlərinin dəqiq mənaları bəlli deyil. Lakin aşağıdakı faktlara əsaslanaraq ehtimal edə bilərik ki, həmin adın ilkin forması “sarıkele” (sarıbaş) və ya “zarküle” (qızılbaş) olmuşdur.
Araz Şəhrilinin məqaləsindən
Milli Kimlik

