İSLAM ALİMLƏRİ və NOSTRADAMUS ÖNCƏGÖRMƏLƏRİ
15-09-2026, 10:54

("Qısa qeydlər" silsiləsindən)
Bu yaxınlarda Feyzdə bir şair dostum original bir sual ünvanlamışdı: İslam alimləri kimdir və müasir dövrdə onlar nə işlə məşğuldur? Düzü, bu sual məni də çoxdan narahat edirdi, özüm üçün araşdırmışdım, hətta cavab da tapmışdım. Şair dostuma da yazdım...
Deməli, İslam alimləri dini mədrəsələrdə ali təhsili alan, Quranın surələrini öyrənən, sonra onun ayələrini şərh edən tədqiqatçılardır. Onların fikrincə, Quran bir kitab, bir mənbə kimi tükənməzdir, burda yerin, göyün, elmin bütün sirləri verilibdir. İslam alimləri də bu sirləri şərh etməklə məsğuldurlar.
Amma bu şərhlər nədənsə həmişə gecikən, elmin ardınca gedən olur. Yəni İslam alimləri artıq məlum olan elmi kəşvlərin izlərini Quranda axtarırlar və həmişə də tapırlar. Təxminən fransızlar dünyanın bütun yeniliklərini və hadisələrini Nastradamusun öncəgörmələrində tapdıqları kimi...
Məsələn, Nostradamus deyirdi ki, qara qurdlar ağ gəminin canına daraşacaqlar və onu yeyib dagıdacaqlar. Fransızlar deyir ki, Nostradamus "ağ gəmi" deyəndə Yer kürəsini, "qara qurdlar" deyəndə Nüvə silahını nəzərdə tutur, yəni, Nüvə silahları dünyanı məhv edəcək. Ya da XX əsrdə Nostradamusun öncəgörmələrində Napoleonun, Hitlerin, Stalinin adlarını axtarırlar...
Yaxşı, Nostradamus XVI əsrdə bu adları çəkmişdisə, XX əsrə kimi niyə məlum deyildi, niyə bir dəfə Amerikanın adını çəkmirdi, köhnə dünyanın qərbində yeni bir dünyanın olduğunu demirdi?! Düşünürəm ki, eyni sualları İslam alimlərinə də vermək olar, Quranda bütün sualların cavabı, bütün elmi kəşvləri izahı verilibsə, niyə bir dəfə günbatanda yerləşən böyük dünyanın, yəni Amerikanın adı çəkilmir, insanlara Allahın ismarışı göndərilmir?!
Qalib ARİF

