"SpaceX" süni intellekt əsaslı yeni cihaz üzərində işləyə bilər
3-07-2026, 17:24
İlon Maska məxsus "SpaceX" şirkətinin telefonu xatırladan süni intellekt cihazı hazırladığı iddia olunur.
"The Wall Street Journal"ın məlumatına görə, şirkət investorlara bu cihazın erkən mərhələdə olan prototipini təqdim edib. Bildirilir ki, cihaz "Qualcomm" prosessoru ilə təchiz olunub, "xAI" texnologiyalarından istifadə edir və "Android" və ya "iOS" əvəzinə "SpaceX"in öz əməliyyat sistemi əsasında işləyir.
Məlumata əsasən, yeni məhsul ənənəvi smartfondan daha çox süni intellekt funksiyalarını ön plana çıxaran fərdi cihaz kimi nəzərdə tutulur. Layihənin İlon Maskın müxtəlif şirkətlərini vahid ekosistemdə birləşdirməyi hədəfləyən "everything app" konsepsiyasının bir hissəsi ola biləcəyi də qeyd edilir.
Bununla belə, cihazın bazara çıxarılıb-çıxarılmayacağı hələ dəqiq deyil. Layihənin erkən inkişaf mərhələsində olduğu bildirilir. İlon Mask isə "X" platformasında yayılan bu iddiaları "tamamilə yanlışdır" sözləri ilə təkzib edib.