Prezidentin tezislərinin Türkiyəyə heç bir dəxli yoxdur, çünki...

3-10-2026, 12:28           
Prezidentin tezislərinin Türkiyəyə heç bir dəxli yoxdur, çünki...
Bəri başdan deyim ki, Türkiyədəki bəzi radikal dindar çevrələrin yeri gəldi-gəlmədi Azərbaycanın xarici siyasətinə müdaxilə cəhdlərinə həmişə qarşı çıxmışam və bu barədə düşüncələrimi heç bir zaman gizlətməmişəm, dövri mətbuatda dərc olunan yazılarımda açıq şəkildə bəyan etmişəm. Bununla belə, Prezident İlham Əliyevin dünən YAP-ın 8-ci qurultayında dilə gətirdiyi bəzi fikirlərlə məhz Türkiyəni hədəfə aldığını da düşünmürəm. Çünki ölkə başçısının dilə gətirdiyi fikirlərin Türkiyənin II Qarabağ döyüşləri zamanı Azərbaycana satdığı silahların həcmiylə heç bir əlaqəsi yoxdur.
Belə ki, Prezident müzakirələrə səbəb olan həmin çıxışında eynilə belə deyirdi: “Bizə lazım olan vaxtda bizə heç kim kömək etməyib. Bir milyon qaçqınımız olanda heç kim bizə əl uzatmayıb. Nə almışıqsa, pulla almışıq. O cümlədən bütün silahları da pulla almışıq, özü də dünya qiymətinə – son gülləyə qədər. Mən sizə tam məsuliyyətlə deyirəm, Ali Baş Komandan kimi, bütün bu məsələlərə rəhbərlik edən şəxs kimi. Bilirsiniz ki, 2003-cü ildən bu yana Azərbaycan nə qədər silahlanıb, həm yerli istehsalı yaradıb, həm xaricdən alıb. Bir dəfə də bizə bir manat, bir dollar güzəşt etməyiblər. Hətta bəzən dünya qiymətindən bir neçə dəfə baha satıblar”.
Prezidentin çıxışından aldığım bu ixtibasın yalnız ilk cümləsi bizə Elçibəyin məşhur sözlərini xatırladır: “Türkiyədən yaralılarımızı xilas etmək üçün helkopter istədik vermədi”. Həmin hadisə isə 1990-cı illərdə və Süleyman Dəmirəlin zamanında baş verib. Mövcud hakimiyyət isə özündən əvvəlki hakimiyyətləri Azərbaycanla bağlı yanlış siyasət yürütdüyünə görə zatən tənqid atəşinə tutur.
Digər cümlələrin, xüsusilə də silah alış-verişi ilə bağlı iddiaların isə Türkiyəyə az dəxli var. Ona görə ki, Prezidentin bəhs etdiyi 2003-cü ildən 2020-ci ildəki II Qarabağ döyüşlərinə qədər Azərbaycanın ən az silah aldığı ölkə Türkiyə idi. Bunu İsveçin Stokholm Beynəlxalq Sülh Tədqiqatları İnstitutunun (SIPRI) hesabatları da təsdiqləyir. Hesabatda deyilir: “SIPRI hesablamalarına görə, 2011-20-ci onillikdə Rusiya həm Ermənistana, həm də Azərbaycana ən böyük silah ixracatçısı olub. Bu dövrdə Ermənistanın demək olar ki, bütün əsas silahlarını, Azərbaycanın isə təxminən üçdə ikisini təchiz edib. İsrail, Belarus və Türkiyə 2011-20-ci illərdə müvafiq olaraq Azərbaycana ikinci, üçüncü və dördüncü ən böyük silah tədarükçüləri olublar”.
https://www.sipri.org/.../arms-transfers-conflict-zones...
SIPRI-nin dərc etdiyi qrafikdə də bu açıq şəkildə görünür. Qrafikdən aydın olur ki, Azərbaycan hesabat dövrü ərzində idxal silahlarının 60.1%-ni Rusiyadan, 26.6%-ni İsraildən, 7.1%-ni Belarusdan, 3.3%-ni Ukraynadan, cəmi 2.9%-ni isə Türkiyədən almışdı. O başqa söhbətdir ki, Rusiyadan aldığımız 60%-dən çox silahın böyük hissəsi heç bir işə yaramamışdır. Türkiyənin bizə satdığı “Bayraktar” dronları və bəzi İsrail silahları ilə bərabər müharibənin taleyində həlledici rol oynamışdır. Məhz bu məqamı nəzərə alıb rahatlıqla söyləmək olar ki, Prezidentin dilə gətirdiyi iddialar Türkiyəyə yox, Rusiyaya daha çox aiddir. Onun “Hətta bəzən dünya qiymətindən bir neçə dəfə baha satıblar” sözləri də Rusiyaya daha çox yapışır. Rusiya həqiqətən də bu müddət ərzində bizə öz sınıq-salxaq silahlarını od qiymətinə satır, sonra isə eyni miqdarda silahı Ermənistana müftə verib qüvvələr balansının pozulmasına imkan vermirdi.
Prezidentin sözünü ora-bura çəkib Türkiyə ilə Azərbaycan arasında yaranan isti münasibətlərə kölgə salmayın, arxadaşlar!
Heydər Oğuz
TEREF












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]