Sinqapur modelinə yanaşmanın tətbiq olunacağı məktəb mühiti necədir?
29-09-2026, 16:47

Dünən dərsliklərlə bağlı yazımdan sonra təhsil ekspertlərindən, hətta nazirlik əməkdaşlarından etirazlar gəldi. Arqumentləri də Azərbaycan dərsliklərinin beynəlxalq təcrübə əsasında hazırlanması müxtəlif ölkələrin, o cümlədən Sinqapur modelinin təcrübəsi nəzərə alınmasıdır.
Mən təhsil eksperti deyiləm. Bəlkə də bəzi məsələlərdə yanılıram. Amma valideyn kimi çox sadə bir sual verirəm. Bu dərsliklər uşağı həqiqətən düşündürür, öyrədir və öyrəndiyini həyatda tətbiq etməyə hazırlayırmı?
Beynəlxalq təcrübədən istifadə edilməsi mənim üçün dərsliyin keyfiyyətinə dair arqument deyil, sadəcə hazırlanma üsuluna dair məlumatdır. Mən isə nəticəyə baxıram. Həmin yanaşma Azərbaycan uşağının yaşına, dilinə, düşünmə səviyyəsinə və real məktəb mühitinə nə dərəcədə uğurla uyğunlaşdırılıb? Statistika şəffaf aparılsa mənzərə faciəlidir. Çünki iki uşaq oxuduram. Qardaşımın yaxınlarımın, tanıdığım yüzlərlə insanın övladları məktəbdə oxuyur. Hər sinifdə 37-38 uşaq var. Sinfin yarısından çoxu oxuduğundan heç nə anlamır. Uşaqlar ağlayır, zülüm çəkir. Elə bu yaxınlarda həmkarım Serdar da yazmışdı ki, qızım deyir ata məni məktəbdən qoru. Tanıdığım yüzlərlə müəllim də mən deyəni deyir.
Problem beynəlxalq təcrübənin bilinməməsində deyil. Problem məncə, onu necə tətbiq etməkdədir.
Bir ölkənin təhsil modelindən müəyyən metodları, terminləri, yanaşmaları götürmək hələ həmin modelin uğurunu gətirmir. Çünki təhsil sistemi yalnız dərslikdən ibarət deyil. Dərsliyin arxasında müəllim var, sinif var, şagird var, proqram var, qiymətləndirmə sistemi var, məktəbin real imkanları var.
Mənim dərsliklərlə bağlı iradımı PISA nəticələri ilə cavablandırmayın. PISA ayrıca müzakirə mövzusudur və onun nəticələrinə təsir edən çoxsaylı amillər var. Mən konkret dərslikdən və bu dərsliklərdən çox şey oxuyub heç nə öyrənə bilməyən şagird ordusundan danışıram.
Beynəlxalq təcrübədən danışırıq. Sinqapur modelindən, başqa ölkələrin təhsil yanaşmalarından nümunələr gətiririk. Yaxşı. Bəs həmin yanaşmanın tətbiq olunacağı məktəb mühiti necədir?
Əgər dərslikdə nəzərdə tutulan fəaliyyət üçün müəyyən infrastruktur, texnologiya, material, müəllim hazırlığı, sinif şəraiti və vaxt lazımdırsa, bunların hamısının eyni səviyyədə olmadığı məktəblərdə həmin metod necə işləyəcək?
Gunel Musa

