Dövlətin silinməz yaddaşı olar, kini yox! Dövlətin gücü olar, nifrəti yox!

28-09-2026, 10:22           
Dövlətin silinməz yaddaşı olar, kini yox! Dövlətin gücü olar, nifrəti yox!
Çünki kin də, nifrət də dövləti zəif salar, zalıma döndərər! Ədalət, şəfqət və mərhəmət isə dövləti güclü, etibarlı və uzunömürlü edər, onu məzlumun ümid və xilas ünvanına çevirər!
Azərbaycan dövləti də hazırda xərçənglə ölüm-qalım savaşına girmiş Evez Zeynallini xəstə çarpayısında yalnız və çarəsiz buraxmamalı, son anda da olsa, ona son dəfə öz barış əlini uzatmalıdır!
Bu addım, bəlkə də, Əvəzin xərçənglə mübarizəsində mənəvi qələbəsini təmin edən son uğurlu cəhd olacaq, onu sağaldıb yenidən bizə qaytaracaq! Axı bizi hər gün imtahan edən Allahdan ümid kəsilməz!!!
Bu addım həm də o namərd xəstəlikdən əziyyət çəkən və onun dəhşətli vahiməsinə, xofuna təslim olmaq istəməyən onminlərlə vətəndaşımıza, körpə balalarımıza da özünəinam bəxş etmək, onlara sağala biləcəklərinə ümid yaratmaq, dövlətin son anadək onları tək buraxmayacağını göstərmək demək olar!
Onsuz da Əvəz iki ilə yaxın müddətdə öz dəyanəti, ləyaqətli dirənişi, dözümü ilə bu xəstəliyə mənəvi baxımdan qalib gəlib – “IV dərəcə xərçəng xəstəsi” diaqnozu altında təkcə bu namərdlə ölüm-qalım savaşı aparmaqla kifayətlənməyib, həm də bu halıyla çalışıb, yazıb, yaradıb, danışıla bilməyənləri belə, danışıb, siyasi mübarizə aparıb! Ölkəsinə, xalqına faydalı olmağa, qalıcı nəsə etməyə çalışıb!
Əminəm ki, onun bu müddət ərzində yaşadıqları haçansa əfsanəvi bir filmin süjeti olacaq!
...Əvəz Azərbaycanın böyük bir gələcəyinin olacağına zərrə qədər şübhə etməyən, bu inamın göstəricisi olaraq da ilk jurnalının adını “Böyük Gələcək” qoyan, 30 ildən çox ölkənin ictimai-siyasi həyatında fəal iştirak edən peşəkar media adamı və həm də müasir sionizmin Azərbaycandakı qurbanlarından və hədəflərindən biri olub - Hitlerin "Mənim Savaşım" kitabını tərcümə və nəşr etdiyinə görə ovaxtkı MTN tərəfindən barəsində cinayət işi açılıb, ondan sonra da davamlı təqib və təzyiq altda saxlanılıb, 2 dəfə həbs edilib, bütün həyatı stress, gərginlik içərisində keçib.
O, bir ölkənin təbliğat işini təkbaşına çiyinlərində daşımağa ideoloji hazırlıqlı, dövlətin yaxından tanıdığı ən bacarıqlı və vətənpərvər jurnalistlərimizdən sayılsa da, elə təkcə bu səbəbə görə heç vaxt xoşbəxt gələcəyi üçün çalışdığı dövlətindən öz həqiqi dəyərini almayıb! Nə ad verdilər, nə ev, nə mükafat! Türkiyədən qayıdarkən dövlət adından verdikləri iş vədi də məhkəmə hökmləri - həbsi oldu!
Mən Əvəzi həmişə ayaqüstə, ipə-sapa yatmayan, mübarizə aparan, yorulmaq bilməyən, təslim olmayan və öz azadlığını saxlamaq üçün bədəninin yarısını da kəsib tullamaq cəsarətinə sahib bir insan kimi tanımışam, öz aramızda ona həmişə “Yaşlı Qurd” deyə, xitab etmişəm!
Bu gün ziyarətinə getdiyim bu Yalquzağı – bu Tənha Adamı yataqda, olduqca halsız, fiziki tükənmiş, bir dəri-bir sümük qalmış və həm də dövlətindən küskün, incik gördüm... O haldakı fotosunu çəkməyə qıymadım... Sadəcə, zəifləmiş, dövrünün ən iti, ən kəsərli qələmini daşımış və kimsənin yaza bilməyəcəklərini yazmış, efirlərdən bir çoxunun qəlbinə ox kimi tuşlanmış əllərini sıxdım, o mübarizə alovu sönməmiş və özünün sağalacağına, iki gül balasının və ölkəsinin böyük gələcəyinə hələ də inamını itirməmiş parlaq gözlərinə baxdım, baxdım, baxdım...
Qoy O, elə həmişə ayaqüstə, gülərüz, heç kimə və heç nəyə təslim olmayan, hamıya meydan oxuyan, yalnız Allahdan kömək gözləyən və sonda Allahın möcüzəsiylə də yenidən ayağa qalxmağı bacaran dəyanətli insan kimi yadımızda qalsın!
Mənim nəzərimdə Əvəz artıq qalibdir - dəyanətiylə, dözümüylə, dirənişiylə, ən ağır vaxtındakı ləyaqətli davranışıyla!
Allah köməyi olsun! Allah ondan rəhmini və şəfasını əsirgəməsin!
Elkhan Shukurlu
TEREF












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]