Güntay Tolqaya cavab: "Füzulini müdafiə edən mən, sən, yaxud hansısa ədəbiyyatşünas deyil. Qarşında Füzulinin özü dayanıb." FOTO
28-09-2026, 09:08

Ləzgi demişkən: "Caa qardaş, girsə də, girməsə də, mən soxa varam..."
Güntay Tölge də deyəsən Füzuli məsələsində ləzgi qardaşın prinsipi ilə hərəkət edir: söz həqiqət oldu-olmadı, mənbə təsdiqlədi-təsdiqləmədi fərqi yoxdur, əsas odur sox getsin. "Rəkik"i "söyüş" elə, Füzulini öz ana dilinə düşmən çıxart, üstünə bir az Səfəvi, bir az İran mollası, bir az da Təbrizin "Eşşəklər çayxanası"ndan qat, oldu "elmi-tənqidi araşdırma".
Güntay Tölge, yaxın gəl görək! Sənin bu yazını oxuyanda adam düşünür ki, Füzuli beş yüz il əvvəl oturub türkcənin başına nə oyun açıbmış ki, indi gəlib onu səndən müdafiə etməli olmuşuq. Amma yazını bir az diqqətlə oxuyanda məsələ dəyişir, burada Füzulidən çox, Füzuliyə deyilənlər danışır.
Füzulinin öz mətninə baxaq. Şair "Hədiqətüs-süəda"nı niyə türkcə yazdığını özü izah edir: Kərbəla hadisələri ərəb və fars dillərində nəql edildiyindən "əizzeyi-ətrak", yəni əziz türklər bundan lazımınca faydalana bilmirdilər. Buna görə də türkcə məqtəl yazmaq qərarına gəlir ki, "füsəha türki zəbanında" ondan faydalansın və məzmunu anlamaqda ərəbə-farsa möhtac qalmasın.
Füzulinin "türk dili söyüş dilidir" dediyini iddia etmək üçün əvvəlcə sözlərin mənasını dəyişmək lazımdır. "Rəkik" sözünü götürüb mötərizədə "söyüş" yazmaqla məsələ həll olunmur. Klassik ədəbiyyatda sözləri bugünkü danışıq dilində ağlımıza gələn ilk mənaya çevirib sonra müəllifə hökm vermək olmaz. Füzuli türkcənin klassik şeir və nəsr dili kimi işlənməsinin çətinliyindən danışırdı. Hətta özü deyirdi:
"Nəzmi-nazik türk ləfzilə ikən düşvar olur
Məndə tövfiq olsa bu düşvarı asan eylərəm."
Yəni deyir ki, türkcədə incə şeir yaratmaq çətindir, amma mən bu çətini asan edəcəyəm. Güntay Tölgenin məntiqinə görə isə bunu belə oxumalıyıq: "Türkcə söyüş dilidir." Məhəmməd Füzuli 16-cı əsrdə yazanda ağlına gəlməyib ki, beş yüz il sonra Güntay onun sözlərinin yanına mötərizə açıb yeni lüğət tərtib edəcək.
Ən gülməlisi budur ki, guya Füzuli türk dilini aşağılayırmış. Bəs bu adam niyə türkcə Divan yazdı? Niyə "Leyli və Məcnun"u türkcə yaratdı? Niyə Kərbəla kimi özü üçün müqəddəs bir mövzunu "Hədiqətüs-süəda"da türkcə qələmə aldı? Adam ana dilinə o qədər "nifrət edib" ki, həmin dildə ölməz ədəbiyyat yaradıb. Belə nifrət hər dilə qismət olmur...
Füzulinin sözünün mənasını dəyişib sonra həmin dəyişdirilmiş mənaya əsasən Füzuliyə "türk dilini aşağılayan adam" demək, əməlli-başlı bilərəkdən özünü biabır etməkdir.
Çünki ortada çox inadkar bir şahid dayanıb: Füzulinin öz yaradıcılığı.
Füzulinin Türkcə Divanı var. "Leyli və Məcnun"u, "Hədiqətüs-süəda"sı var. İndi bunların hamısını kənara qoyub Füzulinin türk dilinə düşmən olduğunu sübut etmək istəyirsənsə, işin doğrudan da çətindir. Çünki bu dəfə qarşında Füzulini müdafiə edən mən, sən, yaxud hansısa ədəbiyyatşünas deyil.
Qarşında Füzulinin özü dayanıb.
P.S. Güntay, sən Füzulini əzbərləməyə vaxtı haradan tapmısan, bilmirəm, amma bu iddianın özünə inanmaq Füzulini əzbərləməkdən daha çətindir. Vaxtın olanda Füzulini əzbərləməzdən qabaq bir saçlarını dara. Dəli Qaratelə oxşayırsan. Füzuli qaçmır, əvvəl darağı tap....
Namiq Haşimzadə


