Türkiyə ictimai-siyasi və media məkanında Azərbaycana qarşı əsən bu küləkləri sadəcə ikitərəfli münasibətlər ətrafında fikir ayrılığı kimi təqdim etmək doğru deyil.
27-09-2026, 12:44

Son illər Türkiyənin müxtəlif siyasi və ictimai platformalarında yağışdan sonra göbələk kimi artan, İranın və Rusiyanın geosiyasi maraqlarını ifadə və müdafiə edən, xüsusilə həssas məqamlarda SEPAH və QRU mənşəli narrativləri demək olar ki, olduğu kimi təkrarlayan geniş təsir şəbəkələri formalaşıb.
Bunun səbəbini anlamaq çətin deyil. Türkiyə ilə Azərbaycanın strateji müttəfiqliyi, hərbi və siyasi sahələrdəki sıx koordinasiyası Cənubi Qafqazda və daha geniş regionda bir sıra aktorların təsir imkanlarını məhdudlaşdırır.
Azərbaycana qarşı yönələn ideoloji, media və siyasi kampaniyaların əsas hədəfi də məhz bu koordinasiyanı zəiflətməkdir.
Sistemli yanaşdıqda, Türkiyənin ictimai-siyasi və media məkanında üçüncü tərəflərin öz maraqlarını hansı kanallarla ifadə etdiyini və hansı narrativlər vasitəsilə yaydığını görmək mümkündür.
Azərbaycanda da bənzər təsir xətləri mövcuddur.
Əvvəllər hər iki ölkədə bu mövqelər “islam həmrəyliyi”, “fərdi baxış” və ya “obyektiv yanaşma” adı altında təqdim olunurdu.
Bu gün isə mənzərə daha açıqdır: hər iki ölkənin ictimai-siyasi platformalarında kənar geosiyasi maraqların müdafiəçiləri artıq öz mövqelərini gizlətməyə ehtiyac duymurlar.
Onlar hər iki ölkədə milli düşüncənin ictimai diskursdakı təsirini zəiflətməkdə və media-siyasi gündəmin formalaşmasında kifayət qədər söz sahibi olduqlarına əmindirlər.
Nəticədə, Türkiyə ictimai-siyasi və media məkanında Azərbaycana qarşı əsən bu küləkləri sadəcə ikitərəfli münasibətlər ətrafında fikir ayrılığı kimi təqdim etmək doğru deyil.
Burada regionda geosiyasi nüfuz uğrunda mübarizə aparan üçüncü tərəflərin və kənar maraqların təsir mexanizmlərini görmək lazımdır.
Lakin bu təsir xəttinin arxasında dayananların nəzərə almalı olduğu fundamental bir reallıq var:
- Azərbaycan Yaxın Şərq ölkəsi deyil və Yaxın Şərq uğrunda gedən geosiyasi mübarizənin tərəfi deyil.
Bəli , Azərbaycan müsəlman ölkəsidir və müsəlman dünyası ilə həmrəylik bizim tarixi və mənəvi dəyərlərimizin mühüm hissəsidir.
Ancaq bu həmrəylik Azərbaycanı dini-ideoloji qarşıdurmaların iştirakçısına və ya hər hansı regional gücün geosiyasi maraqlarının alətinə çevirmir.
Azərbaycanın dünyəvi dövlətçilik ənənəsi, tarixi inkişaf yolu və müstəqil xarici siyasət xətti bunun sübutudur.
Azərbaycanın nə İsrail–İran qarşıdurmasında, nə də Yaxın Şərqdəki geosiyasi mübarizədə tərəf olmaq kimi bir öhdəliyi yoxdur.
Azərbaycan öz coğrafiyasında yerləşən, öz təhlükəsizliyinə özü cavabdeh olan və qərarlarını öz milli maraqları əsasında verən suveren dövlətdir.
Ona görə də Yaxın Şərqin müxtəlif geosiyasi oyunçularının Azərbaycandan öz regional maraqlarına uyğun davranış gözləməsi sadəcə yanlış gözlənti deyil .
Bu həm də Azərbaycanın dövlətçilik fəlsəfəsini, xarici siyasətinin məntiqini və milli maraqlarının prioritetlərini anlamamaqdır.
Yegana Hajiyeva

