Ağ Qarpıza Görə 4 Uşaq Atasını Çörəksiz Qoyan Millət Vəkili: Fəzail İbrahimlinin Bu Hərəkəti Vicdana Sığır?
27-09-2026, 09:14

Xəyal Əsədov adlı vətəndaşın başına gələnlər hər kəsin qəlbini sızladan, eyni zamanda insanı dərin qəzəbə gətirən bir mənzərədir.
Bu ölkədə bir tikə halal çörək qazanmaq, 4 övladının boğazından bir loxma isti yemək keçirmək üçün gecə-gündüz zəhmət çəkən bir insanın əməyini yerlə-yeksan etmək hansı vicdana, hansı insafa sığır?
Məsələnin mahiyyəti nədir?
Sadəcə bir ağ qarpız üstündə düşən mübahisə! Amma görün nəticə nə olur: deputatla mübahisə edən satıcı 15 dəqiqə sonra polisə aparılır, guya bıçaq çəkməklə günahlandırılır.
Şükür ki, kamera görüntüləri var imiş və bu yalanın üstü açılır, vətəndaşın günahsız olduğu ortaya çıxır.
Amma haqsızlıq bununla bitmir.
O insidentdən sonra 4 uşaq atasının çörək qazandığı yer sökülüb əlindən alınır.
İndi haqlı olaraq soruşuruq: Bir ağ qarpıza görə 4 uşaq atasını çörəksiz qoyan millət vəkili Fəzail İbrahimli, görəsən, parlamentdə seçicilərini də bu tipli müdafiə edirmi?
Onların haqqını, hüququnu qoruyurmu?
Seçicilərinin probleminə öz şəxsi problemi kimi yanaşırmı?
Yoxsa ele həmin zəhmətkeş işçinin, sadə vətəndaşın dövlətə ödədiyi vergidən maaş alıb evinə qarpız aparmaqla kifayətlənir?
Xalq sizə o mandatı ehtiyacı olanın üstünə yerimək, gücünüzü zəifə göstərmək üçün verməyib! Bir insanın ruzisini kəsmək, 4 uşağı ac-yalavac qoymaq heç bir vəzifə səlahiyyətinə, heç bir mənəviyyata sığmır.
Günahsızlığı sübuta yetirildikdən sonra belə, kin saxlayıb o insanın çörək ağacını baltalamaq acizlikdir.
Millət vəkili adını daşıyan şəxs xalqa xidmət etməli, onun çörəyi ilə oynamaq əvəzinə haqqına sahib çıxmalıdır.
Bu hərəkət qətiyyən qəbul edilə bilməz və ən kəskin şəkildə qınanmalıdır!
Sima Babayeva
TEREF

