Əlilliyi olan şəxslərin sayının müəmmalı şəkildə azalması ...
26-09-2026, 00:07

Son illər ölkədə əlillərin sayı kəskin azalıb. Burada “azaldılıb” ifadəsi daha çox yerinə düşərdi. Yeni meyarlar həm sayın azalmasına, təbii olaraq, onminlərlə insanın müavinətdən məhrum qalmasına gətirib çıxardı. 2018-ci ildə ölkədə 620 mindən çox vətəndaşın “əlilliyi olan şəxs” statusu vardısa, indi say heç 500 min nəfərə çatmır.
Bizimyol.info xəbər verir ki, Azərbaycanda əlilliyi olan şəxslər ölkə əhalisinin 4,7 faizini təşkil edir. Son 35 ildə iki böyük müharibə görmüş, uzun müddət torpaqları işğal altında olduğundan düşmənlə təmas nöqtəsində itkilər vermiş ölkə üçün olduqca aşağı göstəricidir.
Dünya Səhiyyə Təşkilatının və Dünya Bankının son hesabatına görə, dünya əhalisinin təxminən 16 faizi belə status daşıyır. Bu halda Azərbaycanda həmin şəxslərin sayının azaldıldığını süni şəkildə həyata keçirildiyini iddia etmək olar.
Son günlər 20 Yanvar faciəsi zamanı güllə yarası almış şəxsin əlilliyinin ləğv edilməsi sosial mediada geniş müzakirəyə çıxarılıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ciddi tənqid edilir. Çünki məhz nazirliyin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi imtina qərarını həyata keçirən qurum kimi tanınır. Altı il əvvəlki müharibədə sağlamlığını itirənlərin əlilliyinin ləğvi ilə bağlı xəbərlər də bir-birini əvəz edir.
Agentliyə Latviya, Finlandiya təcrübəsi ilə tanış olmaq tövsiyə edilir. Baltikyanı ölkədə yüngül funksional məhdudiyyətləri də nəzərə alırlar. Latviyada yaşlı insanlara çox həssas yanaşılır. Bunun nəticəsidir ki, Avropa İttifaqında ən yüksək göstərici qeydə alınıb. Orada əhalinin 41,2 faizi əlilliyi olan şəxs statusu daşıyır.
Finlandiyada göstərici 34,9 faizdir. İnkişaf etmiş sosial və geniş tibbi təyinat sistemi sayəsində kiçik fəaliyyət məhdudiyyətləri belə, statistikaya daxil edilir.

