Hər il bayramlar yaxınlaşanda eyni söhbətlər yenidən başlayır.
26-09-2026, 00:03

"Müəllimə nə alaq?" "Nə qədər yığaq?" "Uşaqlarımızın əziyyətini çəkir, nəsə etmək lazımdır."
Sosial şəbəkələrdə V.K.S- nin, bəzi müəllimlərin, direktorların səs yazıları yayılır. Adam xəcalət çəkir.
Müəllimə peşə bayramında hədiyyə almaq olar. Amma başqa bayramlarda ( 8 mart, Yeni il, Novruz Bayramı, Ramazan Bayramı) pul və ya hədiyyə "hörmət əlaməti" sayılmır açıq rüşvətdir. Öz peşəsinə və adına hörmət edən müəllim onsuz da belə şeyləri qəbul etmir. Çünki müəllim öz əməyinin qarşılığını dövlətdən alır. Elə müəllimlərin qarşısında baş əyirəm. Təəssüf ki, şagirdə avro-dollar gözü ilə baxan, əməyinin qarşılığını dövlətdən aldığı halda bir də şagirddən çıxarmağa çalışan müəllimlər də az deyil.
İndi gəlib altdan yazanlar da olacaq:
"Ölkənin büdcəsini talayanlara söz deməyə cürətin çatmır, gəlib müəllimə verilən puldan danışırsan?"
Mən isə məhz buna görə müəllimə verilən puldan danışıram.
Çünki söhbət 20 manatdan, 50 manatdan, bir buketdən, bir qutudan getmir. Söhbət uşağın gözünün qarşısında hansı davranışın "normal" kimi təqdim edilməsindən gedir.
Biz uşağa korrupsiyanın pis olduğunu deyib, onun gözünün qabağında xırda korrupsiya davranışlarını "hörmət", "ayıb olmasın" adı ilə normallaşdırırıqsa, sonra böyüyəndə bir vəzifə tutanda həmin uşaqdan necə davranmasını gözləyirik.
Böyük korrupsiyanı yalnız böyük oğurluqdan danışmaqla yox, gündəlik həyatda xırda yanlışları normallaşdırmamaqla müzakirə etmək lazımdır.
İndi gələk V. K. S- nə. Çox vaxt bu ənənəni elə valideynlərin özləri yaradır.
Sakitçilikdi. Heç kim heç nə istəmir. Birdən valideyn qrupunda biri yazır:
"Müəllim uşaqlarımızın əziyyətini çəkir, nəsə eləmək lazımdır."
Anam, bacım, sənin varındı kefini istəyir sən et. Niyə hamını da təşviq edirsən? Müəllim geri qaytarır, aparıb evində verir. Bu nə əziklik sindiromudur belə?
Bir valideyn müəllimə öz təşəbbüsü ilə hədiyyə almaq istəyirsə, bu onun şəxsi seçimidir. Amma bunu "hamımız etməliyik", "ayıbdır", "heç nə etməsək pis çıxar" adı ilə kollektiv öhdəliyə çevirmək olmaz.
Mən bunu öz təcrübəmə əsasən deyirəm.
Dörd il valideyn komitəsində olmuşam. Bu dörd ildə ən çox mübarizə apardığım məsələlərdən biri yersiz pul yığımları olub.
Valideynləri dəfələrlə maarifləndirməyə çalışmışam ki, hər tədbirin, hər ehtiyacın, hər bəhanənin arxasınca pul yığmaq normal hal deyil.
Hətta bir valideyn belə çıxıb deyə bilməz ki, mən müəllim üçün pul yığılmasını təklif etmişəm. Əksinə, belə təşəbbüslərin qarşısında dəfələrlə mən dayanmışam. Gördüm valideynlərlə bacarmıram bu məsələdə başını buraxdım sinifin.
Bəs mən o komitədə nə etmişəm?
Uşaqların tədbiri, əyləncəsi üçün lazım gəldikdə öz cibimdən pul xərcləmişəm.
Test, iş dəftəri və digər materialları daha münasib qiymətə haradan almağın mümkün olduğunu tapmaq üçün saatlarla, günlərlə vaxt sərf etmişəm. Tədbir olub zalı, sinfi bəzəmişəm. Yəni komitə mənim üçün valideynlərdən pul toplamaq yeri olmayıb. Əksinə, mümkün qədər valideynin cibindən pul çıxmamasına çalışmışam. Valideyn komitəsinin işi pul yığmaq deyil, valideynlərin haqqını və uşaqların marağını qorumaqdır.
Müəllimə hörmətin isə qiymət etiketi olmamalıdır.
Gunel Musa
TEREF

