Təlim, tərbiyə və təhsilimiz dərindən bir islahat gözləyir

25-09-2026, 09:24           
Təlim, tərbiyə və təhsilimiz dərindən bir islahat gözləyir
Bu gün məktəbdə valideyn iclası var idi. Saatı səhv bildiyim üçün biraz tez getmişdim və bu fürsətdən istifadə edib məktəbin foyesində şagirdləri bir xeyli müşahidə etdim. Üzr istəyirəm ifadəmə görə, amma uşaqların 90 faizi özünü məktəbdə yox, sanki meşədə hiss edir. Təlim və tərbiyə ocağı sayılan bir məkanda özünü bu cür idarə edən şagirdlərin digər yerlərdə necə davrandığını təsəvvür belə etmək çətindir.
Geyim formadadır, amma qızların əksəriyyətinin saçları səliqəli yığılmaq əvəzinə çiyinlərinə səpələnib, üzlərində ağır makiyaj var — sanki məktəbə deyil, gəzməyə gəliblər. Bəziləri belə hesab edə bilər ki, tərbiyəyə məktəb cavabdehdir. Halbuki, tərbiyənin bünövrəsi evdə qoyulur. İlk növbədə valideyn evdən çıxan uşağına nəzarət etməli, daha sonra məktəb heyəti bu işdə diqqətli olmalıdır. Keçən il 4-cü sinifdə oxuyan qızımın sinif rəhbəri iclasda dilə gəlib dedi: «Ay valideynlər, nəzarət edin uşaqlara, mən qızların saçını hörməkdən yoruldum.» 11-ci siniflər isə özlərini məktəbin ağası kimi aparırlar, bu da ayrı bir dərddir.
Bir anlıq öz məktəb illərimi xatırladım; necə həyəcanlı, necə çəkingən və necə məsuliyyətli idik. Valideynlərimizdən çox müəllimlərimizdən çəkinirdik. Bu gün evdə bir uşağının öhdəsindən gələ bilməyən valideyn, müəllim tərəfindən sehrli çubuqla 40 uşağın idarə olunmasını tələb edir. Hətta övladına «gözün üstə qaşın var» deyənin gözünü çıxarmağa hazırdır. Bu yanaşma müəllim nüfuzunu şagirdin gözündə sıfıra endirir. Müəllimə hörmətin olmadığı yerdə isə hansı təlimdən, hansı təhsildən söhbət gedə bilər? Həqiqətən, biz cəmiyyət olaraq harada səhv etdik, bilmirəm.
Gələk təhsildəki digər problemlərə. Vaxtilə uşaqların əlindən tutub onlara hərf yazmağı öyrədən müəllim bu gün I sinifə gələn şagirdin artıq sərbəst oxuyub-yazmasını gözləyir. Bu, müəllimin istəyi deyil, indiki təhsil sisteminin tələbidir. Uşaqlar ağır dərs yükü ilə o qədər yüklənirlər ki, bir müddət sonra yorulub məktəbdən bezirlər. Məktəbin əsas rolu uşağa öyrənməyi sevdirmək olduğu halda, proqramın ağırlaşması onları mexaniki əzbərçiliyə sövq edir. Təhsil proqramını ağırlaşdırıb onu şagirdlər üçün əlçatmaz etmək bizə yaxşı gələcək vəd etmir.
Qurani-Kərimdə elmin vacibliyi dəfələrlə vurğulanır: «Yaradan Rəbbinin adı ilə oxu» əmri bizə elmin nə qədər mühüm olduğunu öyrədir. Hz. Əlinin «Mənə bir hərf öyrədənin 40 il köləsi olaram» kəlamı isə elmə və müəllimə verilən dəyərin ən ali nümunəsidir. Müasir dünyada universitetlər fundamental elmi kəşflərin və innovasiyaların mərkəzinə çevrildiyi bir vaxtda, biz hələ də məsələnin yalnız zahiri tərəfi ilə məşğuluq.
Dünyanın ən mükəmməl təhsil modellərindən biri hesab olunan Finlandiya sisteminə diqqət yetirək:
Şagird məktəbdə daha az vaxt keçirir, ev tapşırığına cəmi 30 dəqiqə ayrılır ki, uşaq ailəsi ilə vaxt keçirə bilsin.
Məktəbdə imtahan yoxdur; müəllimlər deyir: «Biz uşaqları imtahana yox, həyata hazırlayırıq.»
Şagirdlərə sərbəstlik verilir, hətta geyim formasında belə qadağalar yoxdur. Uşaq dərs vaxtı ayaqqabılarını çıxarıb corab ilə otura hətta xalça üzərində uzanada bilər. 3- cü sinifə qədər qiymətləndirmə yoxdur. 3-7-ci siniflərin qiyməti isə özlərinə deyilir və qiymətə görə heç bir uşaq tənbeh olunmur.
Mən məktəbli formasının əleyhinə deyiləm, əksinə, səliqəli geyimi bəyənirəm. Lakin bizim yalnız geyim məsələsinə ilişib qalmağımız, hətta bu səbəbdən inancına və baş örtüyünə görə təhsil almaq hüququndan məhrum edilən şagirdləri görmək insanı təəssüfləndirir. Dünya təhsildə hansı səviyyəyə çatdığı halda, biz bir baş örtüyünün əlində əsir qalmışıq. Halbuki geyimin və ya baş örtüyünün təhsilin keyfiyyətinə hər hansı təsirinin olduğunu düşünmək özü savadsızlıqdır. Şəkildən məzmuna keçməli, diqqəti uşağın təfəkkürünə və mənəviyyatına yönəltməliyik.
Təhsil sahəsində həqiqətən böyük və köklü islahatlara ehtiyac var. Bunu bütün təhsil işçiləri və təhsildən az-çox anlayışı olan hər kəs təsdiqləyər. Uşaqları təhsilə cəlb etmək, onlarda mütaliəyə həvəs yaratmaq və müəllim peşəsinin nüfuzunu bərpa etmək üçün ciddi addımlar atılmalıdır. Unutmayaq ki, istənilən sahədə uğur qazanan hər bir şəxs bu nailiyyətə görə ona elm öyrədən müəllimə borcludur. Savadlı və sağlam gələcəyin yeganə yolu doğru təhsildən keçir.
Şahane Hesenova












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]