Birmənalı şəkildə anlayın ki, biz əxlaqsızlığı təbliğ etmirik.

24-09-2026, 09:44           
Birmənalı şəkildə anlayın ki, biz əxlaqsızlığı təbliğ etmirik.
Məktəblərdə şagird geyimləri ilə bağlı müəyyən qaydalar qüvvəyə minib. Məsələ gündəmə gələn kimi sosial şəbəkələrdə müzakirələr başladı. İnsanlar etiraz etdilər: “Hicab qadağan oluna bilməz”, “Azadlıq harada qaldı?”, “Uşağın geyiminə kim qarışa bilər?”
İndi mən sizə bir sual verirəm, uşağın öz azadlığı harada qalır?
Bir uşağın başını bağlayanda onun buna həqiqətən öz iradəsi ilə qərar verib-vermədiyini heç düşünürükmü? Əgər bu qərarı verirsə, onun bu qərarı hansı yaşda, hansı düşüncə ilə və hansı təsirlər altında formalaşıb?
Axı söhbət böyüklərdən getmir. Söhbət hələ dünyanı yeni tanıyan, xarakteri və dünyagörüşü formalaşmaqda olan uşaqlardan gedir.
Uşağın qarşısına müəyyən bir seçim qoyub, sonra da həmin seçimi onun “azad iradəsi” kimi təqdim etmək nə dərəcədə doğrudur?
Məktəb uşağın dünyagörüşünün formalaşdığı, müxtəlif insanlarla ünsiyyət qurduğu, fərqli fikirlərlə qarşılaşdığı və öz şəxsiyyətini kəşf etdiyi məkandır.
Məktəbli formasının məqsədi də uşaqları bir-birindən geyimlərinə görə fərqləndirməmək, məktəb mühitində müəyyən qayda yaratmaqdır. Əlbəttə, hər bir qaydanın müzakirə olunması, uşaqların hüquq və maraqlarının nəzərə alınması vacibdir. Amma bu müzakirənin mərkəzində bir sual dayanmalıdır: biz uşağa nə qazandırmaq istəyirik?
Əgər siz uşağınızı hicaba salmaqla onun tərbiyəsini düzgün quracağınızı düşünürsünüzsə, yanılırsınız.
Tərbiyə uşağa geyindirdiyiniz paltarda deyil, ona ötürdüyünüz davranışlarda, verdiyiniz dəyərlərdə, göstərdiyiniz münasibətdə formalaşır.
Uşağa hörməti öyrətmək, vicdanı aşılamaq, doğru ilə yanlışı ayırmağı öyrətmək, başqasının haqqına hörmət etməyi anlatmaq - əsl tərbiyə budur.
Uşaq sabah böyüyəcək. Onun geyimi dəyişəcək, saç düzümü dəyişəcək, dünyaya baxışı dəyişəcək. Amma uşaqlıqdan ona verilən dəyərlər onunla qalacaq.
Şahanə Ziyad












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]