Pensiyası kəsilən adam hüququnu necə müdafiə etsin? - İmkansızlıqdan məhkəməyə gedə bilmirlər

23-09-2026, 17:06           
Pensiyası kəsilən adam hüququnu necə müdafiə etsin? - İmkansızlıqdan məhkəməyə gedə bilmirlər
Azərbaycanda pensiya təyinatı, pensiyanın yenidən hesablanması və ya ödənişin dayandırılması ilə bağlı vətəndaşların narazılıqları vaxtaşırı gündəmə gəlir. Belə hallarda vətəndaşın qarşısında əsas sual dayanır: əgər pensiyam kəsilibsə, hüququmu necə müdafiə etməliyəm?
Bu əsnada Dövlət Gömrük Komitəsinin İnsan Resursları İdarəsinin sabiq rəisi, polkovnik Fərhad Babayevin pensiyası ilə bağlı məhkəmə qərarı bu məsələyə yenidən diqqət çəkir.
Məlumata görə, Fərhad Babayevə 2022-ci ildə gömrük və vergi orqanlarında keçdiyi xidmət illəri nəzərə alınmaqla aylıq 5 840 manat xüsusi şərtlərlə pensiya təyin edilib. Daha sonra Dövlət Sosial Müdafiə Fondu tərəfindən aparılan araşdırma nəticəsində onun xidmət stajının yalnız 6 il 6 ay 2 gününün hərbi qulluqçu statusuna aid olduğu müəyyən edilib və pensiya təyinatı ləğv olunub. Həmçinin əvvəl ödənilmiş 98 min manatın geri qaytarılması tələb edilib.
Babayev isə bu qərardan məhkəməyə şikayət edib və nəticədə Bakı İnzibati Məhkəməsi onun iddiasını təmin edib. Məhkəmə əvvəlki pensiya hesablama qaydasının bərpasına və ödənilməmiş məbləğin ödənilməsinə qərar verib.
Burada diqqət çəkən əsas məqam yalnız konkret şəxsin pensiyası deyil. Bəs sıravi vətəndaş necə etsin? Bu gün yüzlərlə insan görmək olar ki, pensiyası kəsilib və ya azaldılıb. Onlar isə məhkəməyə üz tuta bilmir...
Təsəvvür edək ki, pensiyası kəsilən vətəndaşın aylıq gəliri 300-400 manatdır. Onun qarşısında pensiyasının dayandırılması ilə bağlı qərar var. Vətəndaş hesab edir ki, qərar qanunsuzdur. Bu halda o, hüququnu müdafiə etmək üçün inzibati qaydada müraciətlər etməli, lazım gəldikdə məhkəməyə üz tutmalı, hüquqi prosedurları bilməli və proses boyu öz mövqeyini əsaslandırmalıdır.
Bəs vətəndaşın vəkil tutmağa, məhkəməyə rüsum ödəməyə maddi imkanı yoxdursa?
Məhkəmə prosesinin tələblərini bilmirsə?
Sənədləri necə toplamalı olduğunu bilmirsə?
Uzunmüddətli məhkəmə prosesinin xərclərini və vaxt itkisini qarşılamaq imkanında deyilsə?
Belə vəziyyətdə vətəndaşın hüququnun faktiki müdafiəsi nə dərəcədə mümkün olur?
Hüquq yalnız məhkəməyə müraciət edə bilənlər üçün olmamalıdır
Əlbəttə, hər bir vətəndaş qanunla müəyyən edilmiş qaydada məhkəməyə müraciət etmək hüququna malikdir. Lakin kağız üzərində mövcud olan hüquqla həmin hüquqdan real istifadə etmək imkanları arasında fərq yarana bilər. Bu gün məhkəməyə müraciət etmək hüququnun olması hələ vətəndaşın həmin prosesdə öz hüquqlarını effektiv şəkildə müdafiə edə bilməsi demək deyil. Xüsusilə pensiya yaşında olan, əsas gəlir mənbəyi pensiyadan ibarət vətəndaş üçün pensiyanın dayandırılması və ya məbləğinin azalması ciddi maliyyə problemi yarada bilər.
Belə bir şəxs aylarla, hətta daha uzun müddət davam edə biləcək hüquqi prosesə qoşulmaq məcburiyyətində qalırsa, onun gündəlik yaşayış xərcləri necə qarşılanmalıdır?
Pulsuz hüquqi yardım mexanizmi nə qədər əlçatandır?
Burada dövlətin və aidiyyəti qurumların üzərinə düşən mühüm məsələ var - Maddi imkanı olmayan vətəndaş hüquqi yardım almaq üçün hara müraciət etməlidir?
Vətəndaşlara pensiya məsələlərində hüquqlarını izah edən, sənədlərin hazırlanmasına və məhkəməyə müraciət prosesinə kömək edən əlçatan mexanizmlər nə dərəcədə effektivdir?
Pensiyası kəsilən vətəndaşa sadəcə “məhkəməyə müraciət edə bilərsiniz” demək kifayətdirmi?
Yoxsa dövlət və aidiyyəti qurumlar həmin şəxsin real hüquqi müdafiəyə çıxışını təmin edən daha əlçatan mexanizmlər yaratmalıdır?
Pensiyanın kəsilməsi vətəndaş üçün sadəcə inzibati qərar deyil. Çünki pensiya bir çox insanın əsas, bəzən isə yeganə gəlir mənbəyidir. Bu səbəbdən pensiya ilə bağlı qərarların qəbulunda şəffaflıq, əsaslandırma və vətəndaşın qərardan şikayət etmək imkanının aydın şəkildə izah olunması mühüm əhəmiyyət daşıyır. Əgər sonradan məhkəmə həmin qərarı qanunsuz hesab edirsə - məhkəməyə müraciət etmək imkanı olmayan vətəndaşların hüquqları necə qorunur?
Fərhad Babayev işi bir daha göstərir ki, vətəndaşın məhkəməyə müraciət etmək və öz hüququnu müdafiə etmək imkanı olduqda, inzibati qərardan narazılığını hüquqi müstəvidə mübahisələndirmək mümkündür. Amma hamı Fərhad Babayev kimi imkanlı və vəkil tuta biləcək halda deyil. Elə buna görə də, bu gün yüzlərlə, bəlkə minlərlə pensiyası kəsilən, azaldılan insan məhkəməyə müraciət edə bilımir. Nəticədə, bu insanların haqqı, hüququ pozulmuş hesab olunur...
Ədil Hüseynov












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]