Bakıda yollar niyə təmirdən 20 gün sonra yenidən qazılır? - FOTOLAR
23-09-2026, 10:17

Paytaxtda son günlər sürücülərin və piyadaların ən çox şikayət etdiyi məsələlərdən biri bağlanan yollar və kilometrlərlə uzanan tıxaclardır.
Belə bir şəraitdə ard-arda aparılan qazıntı işləri də ayrı problem yaradır. Dəfələrlə bir küçədə asfalt örtüyü yeniləndikdən qısa müddət sonra başqa bir qurumun eyni yolu yenidən qazdığının şahidi olmuşuq.
"Cebheinfo.az" bu vəziyyətin növbəti nümunəsini təqdim edir. Belə ki, Bünyad Sərdarov və Mehdi Hüseyn küçələrinin kəsişməsində yol təxminən avqustun sonu- sentyabrın əvvəlində təmir edilərək asfaltlanıb. Lakin üstündən cəmi 20 gün keçməmiş ərazi yenidən qazılıb. Bu dəfə qazıntı işlərini su təsərrüfatı ilə bağlı qurum - ADSEA aparır.
Burada məsələ təkcə bir küçənin qazılması deyil. Problem ondan ibarətdir ki, kommunal xidmətlər və yol təsərrüfatına cavabdeh qurumlar bir-biri ilə əlaqəli şəkildə çalışmırlar.
Halbuki, qurumlar tərəfindən işlər vahid plan üzrə qurulsa, məsələn, hər hansı küçədə kanalizasiya, su, qaz və digər yeraltı kommunikasiya xətləri əvvəlcədən yoxlanılar və bütün zəruri işlər başa çatdıqdan sonra yekun asfalt örtüyü vurular.
Bundan başqa, yeni salınmış yolların qısa müddətdə yenidən qazılması həm dövlət vəsaitinin səmərəliliyinə, həm də şəhərdə nəqliyyatın hərəkətinə ciddi mənfi təsir göstərir.
Bütün bunları nəzərə alsaqq, sual yaranır ki, eyni yol niyə bir neçə həftə ərzində iki dəfə qazılmalıdır? Bəlkə burada bilmədiyimiz başqa bir hikmət var?
Bəlkə problem təkcə qurumların fəaliyyətinin bir-biri ilə koordinasiya edilməməsində, şəhər təsərrüfatına cavabdeh olan qurumların bir-birindən xəbərsizliyində deyil, həm də bu düzənsiz fəaliyyətin həmin qurumlara qazandıracağı vəsaitdədir. Uduzan isə həm dövlət büdcəsi, həm də yollarda qalan vətəndaşlardır.


