“Çeyrək akademiya” getdikcə İsmayıl Hacıyevin şəxsi təsərrüfatına çevrilir

20-09-2026, 12:24           
“Çeyrək akademiya” getdikcə İsmayıl Hacıyevin şəxsi təsərrüfatına çevrilir
“AMEA-Naxçıvan”ın kadrlar heyətinin elmi potensialını araşdırdıqca inanılmaz faktlar ortaya çıxır.
Məsələn, sizcə, bir akademiyada kimlər işləyə bilər? Təbii ki, alimlər, akademik ünvanı olan şəxslər. Zatən adının Akademiya olması da bundan irəli gəlir.
Bəs bilirsinizmi, “AMEA-Naxçıvan”ın nə qədər “elm xadimi” var? – 97.
Bəs onlardan neçəsi alimdir, elmi ad daşıyır? Cəmi cümlətanı, 24-ü. Başqa sözlə desək, “AMEA-Naxçıvan”ın kadrlar heyətinin 75%-nin akademik ünvanı yoxdur. Qalan 25%-nın nə qədəri plagiatlıqla elmi ünvan alıb? Təbii ki, bunu araşdıracağıq. Hələlik isə onu deyə bilərik ki, “AMEA-Naxçıvan”ı 25%-lik elmi yaradıcı heyəti ilə həqiqi akademiya yox, “çeyrək akademiya” adlandıra bilərik.
Yeri gəlmişkən, İsmayıl Hacıyevin babalını yumamaq xətrinə onu da vurğulamaq istərdim ki, “AMEA-Naxçıvan”ın 75%-lik qeyri-alimləri rəsmi sənədlərdə də akademik fəaliyyətlə məşğul olan kadrlar kimi göstərilmir. Demək olar ki, onların hamısı texniki heyətdir - hansısa şöbənin katibələri, xadimələri, laborantları və s. kimi. Ayda isə 300-350 manat maaş alırlar.
Amma dərd burasındadır ki, “çeyrək akademiya”nın elmi fəaliyyətlə məşğul olan həqiqi alimləri də maddi təminat baxımından yağ-bal içində dolanmırlar. Şöbə müdirləri 700 manat, sıravi elm xadimləri 500 manat maaşla keçinirlər.
İnsafən, “AMEA-Naxçıvan” rəhbərliyi bu kasıbçılığın daşını atmaq üçün bəzi kadr islahatlarına getməyə çalışır. Əsas islahatları isə həqiqi alimləri sıxışdırıb işdən çıxarmaq və onun yerinə daha az maaşlı texniki işçi götürməkdir. Bu da “AMEA-Naxçıvan”ın barmaqla sayıla biləcək akademik heyətinin narazılığını daha da artırır və onlar özlərinə başqa yerlərdə iş axtarırlar. Hələ ki, Muxtar Respublikada iş yerlərinin azlığı onların əksəriyyətinin bu arzularının reallaşmasına imkan vermir. Amma yeni iş yeri tapıb akademiyanı tərk edənlər də var. Açığı, qorxuram ki, bu gedişlə, “AMEA-Naxçıvan”da bir “planetimizin 1 nömrəli akademiki İsmayıl Hacıyev qala, bir də onun texniki heyəti. Akademiya dönüb ola baş akademikin şəxsi təsərrüfatı.
Heydər Oğuz












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]