Səxavət Kazımov - “AMEA-Naxçıvan”ın duzu ən quru olan alimi
20-09-2026, 10:08

Dünən axşam AMEA-Naxçıvan alimlərinə öz səhvlərini düzəltmək üçün 24 saat vaxt vermişdim. Bu müddət ərzində onlar statusumun altına yazdıqları mədhiyyələri silməli və məni şikayət etmə təşəbbüslərindən əl çəkməli idilər. Əks halda onların plagiatlıq fəaliyyətini ifşa edəcəyimi bildirmişdim.
Etiraf edim ki, elmi fəaliyyətləri İsmayıl Hacıyev cənablarına bəy tərifi deməklə kifayətlənən bəzi “alimlərimiz” onlara verdiyim bu möhlətdən faydalanaraq rəylərini silmiş, bəziləri isə hələ də israrlı şəkildə “elmi fəaliyyətlərini və bacarıqlarını” nümayiş etdirirlər. Can sağlığı, ümidvaram ki, onların həqiqətən də duzları qurudur və heç nədən çəkinmirlər.
“Duzu quru olanlar” içərisində ən çox diqqətimi cəlb edən elm adamlarından biri Səxavət Kazımov adlı gənc tədqiqatçı oldu. Adam rəsmən mənə meydan oxuyaraq yazırdı:
“Neçəyə qədər saya bilirsən ?
Say yekunlaşanda xəbər edərsən”.
Açığı, belə bir elm xadimi tanımadığımdan onun dissertasiya işi barəsində açıq qaynaqlara müraciət etmək istədim. Bu məqsədlə də AMEA-nın elektron kitabxanasını eşələdim. Qabağıma çox qəribə bir faktlar çıxdı. Sən demə, Səxavət Kazımov adlı alimin soyadı belə AMEA-nın İnsan Resursları və Elmmetrik Məlumatlar bazasında düzgün yazılmayıbmış – Səxavət Kazımova. Səxavət müəllimin başı isə daha ciddi işlərə, xüsusilə də başqalarına hesab dərsi keçməyə qarışdığından bu “xırda” məsələyə vaxt ayırmayıb. Mən gənc təqdiqatçıya AMEA-nın rəsmi qaynaqlarındakı özünə aid səhvi düzəltməyi tövsiyyə edərəm. Zira bu “xırda” səhvlər bəzi yanlış anlaşılmalara yol aça bilər.
Bunlar öz yerində. Mənim üçün əsl kəşf Səxavət Kazımovun cəsarətinin hardan qaynaqlandığını müəyyənləşdirmək oldu. Sən demə, onun duzu həqiqətən də quru imiş. Ona görə yox ki, Səxavət müəllim öz elmi əsərlərini doğrudan da ondan-bundan çırpışdırıb plagiatlıqla məşğul olmayıb. Ona görə ki, Səxavət Kazımov indiyə qədər AMEA tərəfindən qeydə alınmış hər hansı elmi əsər ortaya qoymayıb. Başqa sözlə, hansısa elmi əsər yazmayıb ki, plagiatlıq da etsin. Hər halda AMEA-nın məlumat bazasında onun elmi işlərinin siyahısı bom-boş görünür.
Heydər Oğuz




