“İcra başçıları deyir; siz nə çalırsınız çalın, biz elə “heyvagülü” oynayacağıq- yəni...”

20-09-2026, 09:54           
“İcra başçıları deyir; siz nə çalırsınız çalın, biz elə “heyvagülü” oynayacağıq- yəni...”
“Hər il 18 sentyabrda - dahi Üzeyir Hacıbəyovun doğum günündə Milli Musiqi Gününü qeyd edirik, amma efirdə “xalq artist”ləri adlanan Aygün Kazımova, Röya, Məleykənin milli-mənəvi və dini həssaslıqlarla ziddiyyət təşkil edən səhnə və həyat obrazlarını “mədəniyyət” kimi parladırıq — xalq(!) artisti Alim Qasımov demişkən, musiqimizi yerin altına basdırmağa heç düşmən lazım deyil...”

-7 CÜMLƏDƏ 7 DƏRD...-

-Azərbaycanda əsəb xəstələrinin sayı 48 faiz artıb — görünür, səhiyyə sistemimiz insanları vaxtında müalicə etməyin ən radikal yolunu tapıb: vətəndaşı əvvəlcə növbə, dərman, həkim qəbulu və süründürməçiliklə əsəbdən xəstə etmək, sonra da yaranan xəstəliyi statistikada “müalicə etmək”.

-Bərdədə su böhranının həlli nəhayət tapıldı: rayonun Şatırlı bələdiyyəsinin 10 kəndinə su vermək əvəzinə 100-dən çox artezidan quyusunun elektrikini sökdülər ki, heç olmasa su problemi yox, birbaşa suyun özü olmasın...

-Son onilliklərdə korrupsiyaya qarşı görünən mübarizə çərçivəsində neçəsi tutulsa da, yüz milyonlarla əmlakları üzə çıxsa da, icra başçıları deyirlər ki, siz nə çalırsız çalın- onsuz da biz heyvagülü oynayacağıq, yəni aldığımızı alacağıq...

-İşsizlərimizin sayı bir ildə 4,5 faiz artaraq 247,7 minə çatıb — görünür, ölkədə iş axtaranların sayı iş yerlərindən daha sürətlə artır və statistika da bunu “məşğulluq strategiyasının növbəti uğuru” kimi qeyd etməyə hazırlaşır...

-Hər il 18 sentyabrda - dahi Üzeyir Hacıbəyovun doğum günündə Milli Musiqi Gününü qeyd edirik, amma efirdə “xalq artist”ləri adlanan Aygün Kazımova, Röya, Məleykənin milli-mənəvi və dini həssaslıqlarla ziddiyyət təşkil edən səhnə və həyat obrazlarını “mədəniyyət” kimi parladırıq — xalq(!) artisti Alim Qasımov demişkən, musiqimizi yerin altına basdırmağa heç düşmən lazım deyil...

-Tramp “CNN”, “MS NOW” və “Politico”-nu Ağ Evdən qovdu —başqa sözlə hökuməti hələlik(!) Ağ Evin içindən tənqid etməyə qadağa qoyuldu...

-Manatın dollara qarşı məzənnəsi dəyişmədi - heç xalqın həyat səviyyəsi, rifahı, ərzaq qiymətlərinin bahalığı, maaş və pensiyalar da dəyişmədi..

Sultan Laçın












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]