Əshabi-Kəhf podium deyil... Bunu anlamaq üçün xüsusi "istedad" lazım deyil.
18-09-2026, 07:42

Bloqer xanımın Əshabi-Kəhf ziyarətgahında kamera qarşısında verdiyi pozlar Naxçıvan sakinlərinin narazılığı ilə qarşılanıb və video sonradan sosial şəbəkələrdən silinib.
Burada məsələ bir insanın fotosunun bəyənilib-bəyənilməməsi deyil. Məsələ məkanın özünə münasibətdir.
Əshabi-Kəhf fotosessiya üçün adi turistik məkan, podium və ya sosial media kontenti naminə istənilən formada davranılacaq dekorasiya deyil. Ora insanların dini inanc, ziyarət və mənəvi bağlılıq hissləri ilə üz tutduğu məkandır. Belə bir yerdə kamera qarşısında nümayişkaranə poz vermək, məkanın xarakterini nəzərə almamaq cəmiyyətdə haqlı irad və narazılıq doğura bilər.
Bloqer olmaq insana geniş auditoriya qarşısında görünmək imkanı verir, amma bu imkanla yanaşı ictimai məsuliyyət də yaradır. Xüsusilə dini ibadətgahlar, müqəddəs yerlər, qəbiristanlıqlar və tarixi abidələrdə davranış zamanı “nə paylaşım daha çox baxış gətirər?” düşüncəsindən əvvəl “bu məkanın mənəvi və tarixi dəyərinə necə münasibət göstərirəm?” sualı verilməlidir.
Dini ibadətgahlar, müqəddəs yerlər, qəbiristanlıqlar və tarixi abidələri nümayiş etdirərkən onların müqəddəsliyini və tarixi mahiyyətini qorumaq mədəniyyət göstəricisidir.
Xatırldaım ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin tapşırığı və himayəsi ilə 1998-ci ildə burada abadlıq-bərpa işləri aparılmış, zəvvarlar üçün şərait yaradılmış, 13 km məsafədə rahat yol salınmış, məscid tikilmiş, kitabə qoyulmuşdur.
Elyar İslamoğlu

