Rusiyada oliqarxlar büdcəyə 5,6 milyard dollar “könüllü” ianə ödəyiblər - “Bloomberg”
6-10-2026, 12:38

Rusiyanın ən varlı iş adamları və oliqarxları bu il ölkə büdcəsinə 5,6 milyard dollardan çox vəsait ödəyiblər.
Yeniavaz.com “Bloomberg”ə istinadən xəbər verir ki, söhbət biznes nümayəndələrindən alınan və rəsmi olaraq “könüllü” ianə kimi təqdim edilən ödənişlərdən gedir.
Bildirilir ki, bu vəsaitlər nəzərə alınmasaydı, Rusiyanın büdcə kəsiri ÜDM-in 3,4 faizinə çata bilərdi. Hazırda Rusiya hökuməti 2026-cı il üzrə büdcə kəsirini ÜDM-in 3,2 faizi, yaxud təxminən 87 milyard dollar səviyyəsində gözləyir. Bu göstərici əvvəl müəyyən edilən hədəfdən təxminən iki dəfə çoxdur.
“Könüllü ianələr” təşəbbüsünün mart ayında Rusiya Prezidenti Vladimir Putinlə oliqarxların qapalı görüşündə müzakirə edildiyi bildirilir. Görüşdə demək olar ki, bütün əsas oliqarxların iştirak etdiyi və biznesin ölkəyə dəstək verməsinin vacibliyinin vurğulandığı qeyd olunur.
Görüş zamanı iş adamlarından birinin 1990-cı illərdə dövlət resurslarından istifadə etməklə böyük sərvətlərin formalaşdığını xatırlatdığı və biznesin büdcəyə dəstək verməli olduğunu bildirdiyi yazılır.
Nəticədə biznesdən “könüllü gəlir” adı altında toplanan vəsaitin metallurgiya və gübrə istehsalı ilə məşğul olan şirkətlərin ödədiyi mənfəət vergisindən daha çox olduğu qeyd edilir.
Bundan başqa, Rusiya hökuməti 2026-cı ildə özəl sektordan müsadirə edilərək dövlət nəzarətinə keçən aktivlərin satışı hesabına büdcəyə əlavə 4,5 milyard dollar cəlb etməyi planlaşdırır.
“Bloomberg”in danışdığı ekspertlər isə bu ödənişlərin nə dərəcədə könüllü olduğu barədə sualların olduğunu bildirirlər. Onların fikrincə, biznes nümayəndələrinə hökumətin müəyyən etdiyi məbləğləri ödəmələri üçün ciddi təzyiq göstərilə bilər.
İtaətsizlik halında isə Kremlin əlində aktivlərin dövlətə keçirilməsi və müsadirə edilməsi kimi mexanizmlərin olduğu vurğulanır. Rusiyada belə addımlar xüsusilə 2022-ci ildən sonra daha geniş tətbiq olunmağa başlayıb.

