Bu abidə Əfqanıstanın Nənqərhar vilayətinin mərkəzi Cəlalabad şəhərinin "Kaka Mura" parkında yerləşir
7-10-2026, 10:04

Nə qədər qəribə olsa da, üzərində rəngli,böyük insan fotosu olan bu abidə-memorial hazırda Əfqanıstanın Nənqərhar vilayətinin mərkəzi Cəlalabad şəhərinin "Kaka Mura" parkında yerləşir və insan şəkillərinin, abidələrinin nümayişini ən ciddi surətdə qadağan edən "Taliban" hərəkatı belə bu abidənin mövcudluğuna dözümlü yanaşır. Bu memorial əfqan xalqının hörmət və sevgi ilə Kaka Mura(Mura dayı) adlandırdığı doktor Tetsu Nakamuranın xatirəsinə itfah olunub və fotodakı odur.
Doktor Tetsu Nakamura 15.09.1946-cı ildə Yaponiyada anadan olub. Alpinizmə böyük həvəsi olan Nakamura ilk dəfə 1978-ci ildə alpinist qrupun tərkibində həkim kimi Pakistanın Peşəvər vilayətinə gəlir. Burada onun həkim olduğunu bilən yerli hakimiyyət orqanları Nakamuradan Peşəvərdə geniş yayılmış xəstəliklərin müalicəsində kömək göstərməyi xahiş edirlər.Nakamura alpinizmin başını buraxaraq, vərəmə,cüzama və digər təhlükəli yolxucu xəstəliklərə yoluxmuş insanların müalicəsinə başlayır.Çox tezliklə doktor Nakamura yerli əhalinin xəstəliklərinin əsas səbəbinin yoxsulluq və səfalət olduğu qənaətinə gəlir.Doktor Nakamura bu bədbəxt insanlara kömək etmək üçün "Yapon Sülh Tibbi Xidməti"fondunu(yaponlar həmin fonda "Peshawar-Kai" deyirlər)yaradır və həmin fonda maddi yardım göstərmələri üçün sadə yaponlara müraciət edir.1978-1991-ci illər ərzində Nakamura xəstələri müalicə etməklə yanaşı, həmin fondun vasitəsilə Peşəvər vilayətində bir-neçə xəstəxananın tikintisinə nail olur.1991-ci ildə ilk dəfə Əfqanıstana gələn doktor Nakamura Nənqərhar vilayətində və vilayətin mərkəzi şəhəri Cəlalabadda daha dəhşətli mənzərə ilə rastlaşır.Burada da vərəmli,cüzamlı xəstələri müalicə etməyə başlayan doktor Nakamura bu qənaətə gəlir ki,xəstəliklərin əsas səbəbi əhalinin içməli suyunun olmamasıdır.Belə ki, vaxtı ilə həmin vilayətin əsas kənd təsərrüfatı rayonu olan Qamberi çölünün kolluq-meşəlikləri 1978-ci ildən davam edən müharibə zamanı qırılmış,yandırılmış, 2000-ci ilin dəhşətli quraqlığı isə regionu tamamilə səhraya çevirmişdi.Şirin suyun olmaması xəstəliklərə səbəb olmaqla yanaşı, yoxsulluğun,səfalətin də əsas səbəbi idi.Şirin suvarma suyunun olmaması nəticəsində əfqan kəndliləri təsərrüfatla məşqul ola bilmirdi.Quraqlıq ucbatından təsərrüfatla məşqul ola bilməyən kəndlilərin çoxu doğma torpaqlarını tərk edərək qaçqına çevrilir, öz övladlarını satmağa məcbur olur, əllərinə silah alaraq radikal qruplaşmalara qoşulurdular.Doktor Nakamura deyirdi ki, mənim klinikada müalicə etdiyim böyüklər,uşaqlar evlərinə qayıtdıqdan sonra aclıqdan əziyyət çəkəcəklərsə, çirkli,yararsız su içməyə məcbur olacaqlarsa onları müalicə etməyimin nə faydası var?
Doktor Nakamura əfqan kəndlilərinin içməli su ilə təmin olunmasının həm xəstəliklərlə,həm yoxsulluqla,həm də digər ictimai bəlalarla mübarizədə ən vacib, ən həlledici vəzifə olması qənaətinə gəlir və bütün qüvvəsini bu problemin həllinə yönəldir.Doktor Nakamura maliyyə dəstəyi üçün yenə də sadə yaponlara müraciət edir və onların Peşavar-Kaya etdikləri xeyriyyə ianələri sayəsində 2000-ci ildən başlayaraq regionda 1600-dan çox dərin su quyusu və artezianları qazdırır.Amma,1600 su quyusunun qazılması bir nəfər üçün çox nəhəng iş olsa da,böyük bir regionun su ilə təmin olunması üçün yetərli deyildi.Və doktor Nakamura Cəlalabad və ətraf rayonları susuzluqdan xilas etmək üçün Nənqərhar ərazisindən axan,lakin texnoloji gerilik ucbatından imkanlarından istifadə edilməyən gur və bolsulu Kunar çayına əsaslanan bütöv bir irriqasiya sistemi qurmaq fikrinə düşür.Amma, bu fikrin həyata keçirilməsi qarşısında aşılması mümkünsüz görsənən maneələr var idi.Nakamuranın müraciət etdiyi mütəxəssislər bildirdilər ki, Kunar çayı kimi bolsulu çaydan kanal yalnız müasir texnologiya,avadanlıq və beton vasitəsi ilə çəkilə bilər. Bu dəfə Peşavar-Kaya sadə yaponlarla yanaşı Yaponiyanın dövlət orqanları dəstək olsalar belə bu qədər böyük maliyyənin tapılması mümkün olmadı.Digər tərəfdən, müharibənin şiddətlə davam etdiyi, radikal qruplaşmaların at oynatdığı regionda işləməkdən mütəxəssislər imtina etdilər.Müasir texnologiyaların və mütəxəssislərin olmaması gerçəkliyi qarşısında doktor Nakamura 17-ci əsr Yapon irriqasiya təcrübəsindən istifadə etmək qərarına gəlir.Bu qəribə qərarın əsas səbəbi maliyyə, texnologiya və mütəxəssis çatışmazlığı olsa da,digər tərəfdən Nakamura ənənəvi yapon üsullarından istifadə edərək irriqasiya sistemi yaratmağı bacarsa, əfqan kəndlilərinə -bahalı müasir texnologiyalara və mühəndislərə müraciət etmədən-bu sistemi işlək vəziyyətdə saxlamağı öyrədə biləcəkdi.Lakin, iş ondaydı ki, doktor Nakamura çox ixtisaslı həkim olsa da, irriqasiya mühəndisliyindən tamamilə bixəbər idi.Buna görə də, Nakamura qədim kitablardan 17-cı əsr yapon irriqasiya elmini öyrənir və işə başlayır.Bu zaman başqa bir problem ortaya çıxır.Ənənəvi olaraq yadlara,xaricilərə etimad etməyən əfqan kəndliləri bir tərəfdən bu işin uğur qazanacağına inanmır( haqq üçünə, o zaman bu işin uğuruna heç mütəxəssislər də inanmırmış),digər tərəfdən isə çəkiləcək kanalların onların əllərində olan az-çox torpaqların itirilməsinə səbəb olacağından qorxaraq Nakamuraya köməkdən imtina edirlər.Həkim kimi əfqanlar arasında böyük nüfuza malik Nakamura əfqan kəndlilərini yola gətirmək üçün onlarla xeyli söhbətlər aparır, birlikdə tarlalarda işləyir, minnətçi düşür və axır ki, onları razı sala bilir.Nakamuraya kömək etsələr də onun uğur qazanacağına inanmayan kəndlilər, çox çətinliklərdən sonra 2007-ci ildə Kunar çayından Marvari kanalı ilə suyun gəldiyini gördükdə sevinclərinin həddi-hüdudu olmur.Əfqanların "Ölüm vadisi" adlandırdıqları Qamberi səhrasına su gəlmişdi və həyat geri dönmüşdü.Bundan sonra Nakamura daha 8 kanalın və 11 bəndin qurulmasına nail olur. Əvvəllər səhra olan 16000 hektardan çox ərazidə taxıl,qarğıdalı,bostan bitkiləri əkilir,bağlar, yaşıllıqlar salınır.150 mindən çox qaçqın geri -öz vətənlərinə dönür.Bir çoxları silahı yerə qoyaraq təsərrüfatla məşqul olmağa başlayır.Hal-hazırda 600 mindən çox insan Nakamuronun müəllifi olduğu irriqasiya sisteminin sayəsində öz dolanışıqlarını, öz həyatlarını qurublar.Nakamura bununla da kifayətlənmir, bir-neçə məktəb və əfqanlara və onların dini inanclarına xüsusi hörmət əlaməti olaraq 2 məscid tikdirir.Əfqanları irriqasiya sahəsində xaricilərdən asılı vəziyyətdən qurtarmaq və onlara irriqasiya sistemlərini davamlı işlək vəziyyətdə saxlamağı öyrətmək üçün 2016- cı ildə Cəlalabadda "İrriqasiya məktəbi" açır.Gördüyü işlər doktor Nakamuranı bütün əfqan xalqının sevimlisinə çevirmişdi və təbii ki, bu sevgi, bu nüfuz kimlərinsə xoşuna gəlmirdi.Hələ 2008-ci ildə Nakamuranın yaxın dostu və əməkdaşı Kidzi İto radikal qruplaşmalar tərəfindən oğurlanır və öldürülür.Bu hadisədən sonra Yaponiya hökuməti özünün və əməkdaşlarının həyatını təhlükəyə atmaması üçün Nakamurodan bütün işləri dayandırmağı və Yaponiyaya geri dönməyi tələb etsə də, Nakamuro Əfqanıstanı tərk etmir və öz fəaliyyətini davam etdirir.Nəhayət, 04.12.2019-cu ildə 73 yaşlı doktor Nakamuro 5 əməkdaşı ilə birlikdə getdiyi avtomobildə güllələnərək öldürülür.
Nakamuronun ölümü insan həyatının çox ucuz olduğu Əfqanıstanı belə matəmə boğur.Onun əfqanlar içərisində nüfuzu o qədər böyük idi ki, heç bir qruplaşma Nakamuronun öldürülməsinin məsuliyyətini üzərinə götürməyə cəsarət etmir.Cinayətin failləri naməlum qalır və "Taliban" hakimiyyətə gəldikdən sonra, 2021-ci ilin avqustunda bu cinayətin araşdırılması dayandırılır.Amma,"Taliban" belə əfqanların sevərək Muro dayı adlandırdıqları doktor Tetsu Nakamuroya vaxtı ilə onun özünün saldığı parkda sadə əfqanlar tərəfindən memorial-abidə qoyulmasına mane olmur.
P.S.Görəsən bu dünyanın cəhənnəmini yüzminlərlə insan üçün cənnətə çevirən Muro dayı o dünyada cənnətə layiqdirmi?
Shamsur Kerimov
TEREF

