Zelenski: Ukrayna Rusiyanın neft emalı zavodlarına zərbələri artıracaq
4-10-2026, 10:34

Ukrayna Rusiya ordusunun hava zərbələrini genişləndirməsinə cavab olaraq Rusiyanın neft emalı zavodlarına hücumları artıracaq.
Bizimyol.info xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski "Reuters"ə müsahibəsində bildirib.
Zelenskinin sözlərinə görə, Ukrayna kəşfiyyatı Rusiyanın qış aylarında mülki infrastruktura qarşı daha genişmiqyaslı hücumlar həyata keçirmək üçün yeni “doktrina” hazırladığını göstərən sənədlər əldə edib.
O iddia edib ki, Rusiyanın məqsədi Kiyev və digər şəhərlərin sakinlərini yaşayış yerlərini tərk etməyə məcbur etməkdir. Moskva isə zərbələrin Ukraynanın Rusiya ərazisinə hücumlarına cavab olduğunu bildirir. Hər iki tərəf mülki əhalini qəsdən hədəfə aldığını rədd edir.
Zelenski bildirib ki, Ukrayna enerji infrastrukturuna hücumlara Rusiyanın enerji obyektlərinə zərbələrlə cavab verəcək və xüsusilə neft emalı zavodlarını hədəf alacaq. Bununla belə, Kiyev mülki infrastruktura zərbələr endirməyəcək.
Ukrayna lideri həmçinin bildirib ki, ölkənin şərqində davam edən əks-hücum nəticəsində təxminən 140 kvadratkilometr ərazi geri alınıb.
Zelenskinin sözlərinə görə, Rusiya qış hücumları öncəsi yüzlərlə ballistik raket ehtiyatı toplayıb. Moskva həmçinin Ukraynaya reaktiv mühərrikli “Shahed” dronlarının hücumlarını artırıb.
Ukrayna prezidenti ABŞ-la yanaşı, Avropa ölkələrindən də dəstəyin davam etdirilməsinin vacibliyini vurğulayıb və Rusiya ilə münasibətlərin normallaşdırılmasının yalnız sülh əldə edildikdən sonra mümkün olduğunu bildirib.

