Mark Zukerberq bir gündə 9 milyard dollar itirib
28-09-2026, 16:34

Meta şirkətinin səhmlərinin ucuzlaşması şirkətin rəhbəri Mark Zukerberqin sərvətinin bir gündə təxminən 9 milyard dollar azalmasına səbəb olub.
“Forbes” nəşrinin məlumatına görə, sentyabrın 25-də Zukerberqin sərvəti 8,9 milyard dollar azalaraq 257,5 milyard dollara düşüb.
Bu, “Meta Platforms” şirkətinin səhmlərinin təxminən 4% ucuzlaşaraq 749,26 dollara enməsi ilə əlaqədardır. Zukerberq şirkətin təxminən 13%-nə sahibdir.
Sərvətindəki azalma nəticəsində o, “Forbes”in milyarderlər siyahısında 4-cü yerdən 6-cı yerə düşüb. Zukerberq hazırda 259,9 milyard dollar sərvəti olan Sergey Brin və 275,9 milyard dollar sərvəti olan Maykl Dell-dən geri qalır.
“Forbes”in məlumatına görə, Zukerberqin bir gündə qeydə alınan 8,9 milyard dollarlıq sərvət itkisi sentyabrın 25-də real vaxt rejimində yenilənən milyarderlər siyahısında ən böyük azalma olub. Müqayisə üçün, Larri Ellisonun sərvəti həmin gün 1,6 milyard dollar azalıb.
Səhmlərin ucuzlaşmasına nə səbəb olub?
“Goldman Sachs” investisiya bankının süni intellekt sahəsində fəaliyyət göstərən iri texnologiya şirkətlərinin xərcləri ilə bağlı açıqlaması investorların narahatlığını artırıb.
Bankın qiymətləndirməsinə görə, “Meta”, “Microsoft”, “Alphabet”, “Amazon” və “Oracle” kimi şirkətlər süni intellekt infrastrukturuna yatırdıqları kapital xərclərini qarşılamaq üçün süni intellekt xidmətlərindən ildə təxminən 300 milyard dollar gəlir əldə etməlidirlər. Əhəmiyyətli mənfəət qazanmaq üçün isə bu göstəricinin illik 1 trilyon dollara çatması tələb olunur.
Bu açıqlama “Meta” səhmlərinin əvvəlki artımını dayandırıb. Belə ki, şirkətin səhmləri sentyabr ayında “Muse” adlı fərdi süni intellekt köməkçisinin istifadəyə verilməsindən sonra təxminən 36% bahalaşmışdı.
Sensor Tower-in məlumatına əsasən, “Muse” tətbiqi ilk iki həftə ərzində 2,8 milyon dəfə yüklənib. Tətbiq “Apple” və “Google”un tətbiq mağazalarında “ChatGPT”ni geridə qoyaraq birinci yerə yüksəlib.
Bununla belə, “Goldman Sachs” süni intellekt infrastrukturuna çəkilən yüksək xərclərin gəlirlə nə dərəcədə əsaslandırılacağına dair investorları ehtiyatlı olmağa çağırıb.
Maykl Dellin sərvəti 10 milyard dollardan çox artıb
Zukerberqin sərvəti azaldığı halda, “Dell Technologies” şirkətinin qurucusu Maykl Dellin sərvəti sentyabrın 25-də 10 milyard dollardan çox artıb.
Nəticədə Dell milyarderlər siyahısında 4-cü yerə yüksələrək həm Mark Zukerberqi, həm də Sergey Brini geridə qoyub.
Məqalədə qeyd olunur ki, “Meta”nın bazar dəyəri sentyabrın 24-də 2 trilyon dollara çatmağa 1%-dən az məsafədə olub. Şirkət bu həddə çatarsa, dünyanın bu göstəriciyə nail olan azsaylı texnologiya nəhəngləri sırasına qoşulacaq.

