Britaniyada hamı üçün pulsuz sosial qayğı sistemi təklif edilir
28-09-2026, 07:24

Böyük Britaniyanın Baş naziri Endi Börnhəm İngiltərədə hamı üçün ödənişsiz sosial qayğı xidmətinin yaradılmasını təklif edib.
Bizimyol.info xəbər verir ki, “The Guardian”ın yazdığına görə, Börnhəm yeni sistemin Milli Səhiyyə Xidməti (NHS) modelinə uyğun qurulmasını və xidmətlərdən istifadənin ödənişsiz olmasını nəzərdə tutur.
Baş nazir bildirib ki, sistem ümumi vergilər hesabına maliyyələşdirilə bilər və bütün vətəndaşların onun maliyyələşdirilməsinə töhfə verməsi nəzərdə tutulur. Bununla belə, o, maliyyələşdirmənin konkret mexanizmini açıqlamayıb.
Börnhəmin sözlərinə görə, islahatla bağlı təkliflər növbəti parlament seçkilərində Leyboristlər Partiyasının seçki proqramına daxil ediləcək. Hazırkı təqvimə əsasən, növbəti ümumi seçkinin 2029-cu ildə keçirilməsi gözlənilir.
Baş nazir İngiltərədə mövcud sosial qayğı sistemini ədalətsiz adlandıraraq, islahatın siyasi baxımdan çətin və bahalı ola biləcəyini etiraf edib.
Börnhəm sosial qayğı sistemində çalışan insanların aşağı əməkhaqqı ilə mühüm iş gördüyünü bildirib. O, atasının Alzheimer xəstəliyindən iki həftə əvvəl vəfat etməsinin bu sahədə islahatlara dair mövqeyini daha da gücləndirdiyini bildirib.
Baş nazir yeni sistemin illik xərcinin daha əvvəl səsləndirilən 18 milyard funt sterlinq rəqəmindən aşağı ola biləcəyini deyib. Bununla belə, o, dövlət maliyyəsinə əlavə yük yaratmamaq üçün maliyyələşdirmə məsələsinin diqqətlə araşdırılacağını vurğulayıb.
Börnhəm 2009-cu ildə, səhiyyə naziri olduğu dövrdə də NHS modelinə əsaslanan milli sosial qayğı xidməti yaratmağı təklif etmişdi. Həmin plan sonradan həyata keçirilməmişdi.

