İdman hərəkətləri yuxusuzluğun mənfi təsirlərini necə aradan qaldırır? - Həkim məsləhəti

9-09-2026, 16:08           
İdman hərəkətləri yuxusuzluğun mənfi təsirlərini necə aradan qaldırır? -
"Kəskin yuxusuzluqdan sonra edilən fiziki məşqlər yuxu çatışmazlığının beyinə göstərdiyi mənfi təsirləri, xüsusən də yaddaş və diqqət pozuntusunu azaltmağa kömək edir".

Bunu TASS-a rusiyalı həkim, tibb elmləri doktoru İnessa Yakimoviç deyib.

"Fiziki aktivlik tam yuxunu əvəz edə bilməz, lakin kifayət qədər yatmaq mümkün olmadıqda koqnitiv fəsadları (məsələn, yaddaş və diqqət zəifliyini) qismən aradan qaldırmaq üçün praktik bir vasitə rolunu oynaya bilər. Buna görə də, əgər gecə yaxşı yata bilməmisinizsə, qısamüddətli idman hərəkətləri günü normal keçirməyinizə kömək edəcək. Lakin bu, mütəmadi olaraq yuxudan imtina etmək üçün əsas deyil - uzunmüddətli sağlamlıq və orqanizmin bərpası məqsədilə tam keyfiyyətli istirahət mütləqdir", - deyə həkim bildirib.

Yakimoviç əvvəllər kanadalı alimlər tərəfindən aparılmış tədqiqatın nəticələrini də şərh edib. Həmin eksperiment zamanı sübut olunub ki, kəskin yuxusuzluq hallarında koqnitiv funksiyaların xüsusi bir istiqamətini - epizodik yaddaşı qorumaq üçün 20 dəqiqəlik məşq 90 dəqiqəlik yuxu qədər effektiv nəticə verə bilər.

Həkimin sözlərinə görə, eksperimentdə həm yuxu, həm də idman hərəkətləri orqanizmə baş vermiş yuxusuzluqdan sonra göstərilən müvəqqəti kömək kimi qiymətləndirilir.

"Əgər yatmaq şansınız varsa, ən yaxşı seçim məhz yuxudur. Yuxu beynin bərpa olunmasına şərait yaradır, məsələn, yatan qrupda yorğunluq əlamətləri nəzərəçarpacaq dərəcədə azalmışdı. Fiziki yük isə fərqli mexanizmlə təsir edir; o, yorğunluq hissini aradan qaldırmasa da, informasiyanı qəbul etdiyi anda beynin onu daha effektiv emal etməsinə dəstək olur. Başqa sözlə, məşq itirilmiş yuxunun yerini doldurmur, sadəcə olaraq yuxusuzluq şəraitində daha yaxşı fəaliyyət göstərmək üçün müvəqqəti təkan verir", - deyə mütəxəssis vurğulayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]