Magistraturada bəzi ixtisaslara niyə maraq azdır? — Ekspert açıqladı
4-09-2026, 00:08

Magistratura üzrə bəzi ixtisaslarda plan yerlərinin yarıdan çoxunun boş qalması ali təhsilin bu pilləsində ixtisas seçimi və əmək bazarına uyğunluq məsələlərini yenidən gündəmə gətirir.
DİM-in məlumatına görə, 2026-cı ildə bəzi proqramlar üzrə plan yerlərinin 50 faiz və daha çoxu boş qalıb. Bəzi ixtisaslar üzrə plan yerlərinin yarıdan çoxunun boş qalması sizcə nədən xəbər verir? Bu, tələbələrin sevdikləri və gələcəkdə işləmək istədikləri ixtisasları seçməməsi, əmək bazarına uyğunluq problemi, yoxsa magistr təhsilinə marağın azalması ilə bağlıdır?
Mövzu ilə bağlı Demokrat.az-a açıqlamasında təhsil eksperti Afərim Seyidova bildirib ki, magistratura üzrə bəzi ixtisaslarda plan yerləri bəzən boş qalır.
Onun sözlərinə görə, bu, o demək deyil ki, magistratura pilləsinə maraq azalıb:
"Hazırda ali məktəbi bitirən tələbələrin 80–90 faizi magistratura təhsili almaq istəyir. Düzdür, bəziləri xarici ölkələrə üz tuturlar, IELTS və müəyyən beynəlxalq sertifikatlar alaraq xaricdə təhsil almağa üstünlük verirlər. Amma yenə də magistraturaya tələbat günü-gündən artır. Sadəcə olaraq, bəs niyə bəzi ixtisaslarda plan yerləri boş qalır? Çünki bəzi ixtisaslar əmək bazarının tələblərinə cavab vermir. Məsələn, insan düşünür ki, mən magistraturanı bitirdim, filan ixtisas üzrə oxudum, amma bu ixtisas əmək bazarının tələblərinə cavab verməyəcək. Məzunlar burada karyera perspektivlərini nəzərə alırlar.
Yəni fikirləşirlər ki, tutaq ki, mənim ixtisasım muzey işidir, kitabxanaçılıqdır. Mən bu sahə üzrə magistratura oxumaqdansa, gedib, məsələn, data analitikası üzrə 7 aylıq kurs keçərəm, 700–1000 manat verərəm və gələcəkdə əmək bazarında daha çox perspektiv əldə edə bilərəm. Bir də abituriyentlərdən fərqli olaraq, bakalavr məzunları magistratura ixtisası seçərkən daha yetkin olurlar. Onlar düşünürlər ki, məsələn, bir tərəfdən abituriyent var. Abituriyent deyir ki, “Təki, universitetə qəbul olum”. Oğlanlar deyirlər, məsələn, “Əsgərliyə getməyim, hərbi xidmətdən yayınım” və yaxud qızlar deyirlər ki, “Qəbul olum, ikinci ilə qalmayım, gələn ilə yeni qaydalar çıxa bilər” və s. “Təki, qəbul olum”. Amma artıq magistraturaya qəbul olmaq istəyən bu tələbələr daha yetkin olurlar".
Afərim Seyidova əlavə edib ki, onlar yalnız diplom əldə etməyi düşünmürlər.
"Daha yetkin olan bu tələbələr daha yüksək məsuliyyət və cavabdehlik hissinə malikdirlər və seçdikləri ixtisasın iş imkanlarını, gəlir səviyyəsini, karyera inkişafını düşünürlər. Tutaq ki, muzey işi üzrə magistratura təhsili almaqdansa, düşünür ki, mən hazırlaşaram, IELTS sertifikatı alaram. Mən hazırlaşaram, məsələn, data analitikası üzrə yaxşı bir sertifikat alıb, o sahəni öyrənərəm. Hansısa praktik bacarıqlara yiyələnməyi düşünürlər", - deyə ekspert fikrini tamamlayıb.

