Əncirin bilinməyən tərəfləri: Quranda adı çəkilən meyvə nəyə faydalıdır?
2-09-2026, 11:24

Əncir (Ficus carica) tutkimilər fəsiləsinə aid subtropik meyvə ağacıdır. Mənşəyi Aralıq dənizi və Cənub-Qərbi Asiya hesab olunur. Azərbaycanda ən çox Abşeronda, xüsusən Abşeron bağlarında yayılıb. Abşeron ənciri şirinliyi və gözəl dadı ilə fərqlənir. Əncir sadəcə dadlı meyvə deyil, onun həm maraqlı tarixi, həm də özünəməxsus xüsusiyyətləri var. Əncirin adı Quranda da çəkilir. Qurani-Kərimin 95-ci surəsi “Tin” adlanır və “tin” sözü ərəb dilində əncir mənasını verir.
Əncirin ən maraqlı xüsusiyyətlərindən biri onun quruluşudur. İçində gördüyümüz xırda dənələrin hər biri sadəcə adi toxum deyil, əncirin içərisində yerləşən çoxsaylı kiçik meyvəciklərdir. Əncirin çiçəkləri də digər meyvələrdəki kimi çöldə görünmür. Çiçəklər meyvənin iç hissəsində yerləşir.
Əncir antioksidantlarla zəngin meyvədir. Hüceyrələrin yenilənməsinə kömək edir, həzm sisteminin düzgün fəaliyyətini dəstəkləyir və immunitetə faydalı təsir göstərir. Tərkibindəki lif qəbizliyin qarşısının alınmasına və bağırsaqların normal fəaliyyətinə kömək edir. Əncir qan şəkərinin və qan təzyiqinin tənzimlənməsində rol oynaya bilər. Kalium, maqnezium, kalsium və K vitamini ilə zəngin olduğu üçün ürək və sümük sağlamlığını dəstəkləyir. Tərkibindəki antioksidantlar hüceyrələri oksidləşdirici stressdən qorumağa kömək edir.
Əncirin faydaları ilə yanaşı, bəzi mənfi xüsusiyyətləri də var. Ənciri çox yemək bəzi insanlarda ishal və həzm problemlərinə səbəb ola bilər. Əncirin tərkibində təbii lateks (əncir südü) olduğuna görə bəzi insanlarda allergik reaksiyalar yarana bilər.
Əncir həm dini və mədəni baxımdan maraqlı tarixə malikdir. O quruluşu və qida dəyəri ilə başqa meyvələrdən fərqlənir.
Günel Həsənova, Bizimyol.info

