TÜRK TARİXİNDƏ ƏN ÇOX SEVDİYİM ŞƏXSİYYƏTLƏRDƏN BİRİ - BÖYÜK TÜRKLÜK BULAĞININ ÇAĞLAYANLARINDAN ƏHMƏD HİKMƏT BƏY MÜFTÜOĞLU

21-11-2026, 09:14           
TÜRK TARİXİNDƏ ƏN ÇOX SEVDİYİM ŞƏXSİYYƏTLƏRDƏN BİRİ - BÖYÜK TÜRKLÜK BULAĞININ ÇAĞLAYANLARINDAN  ƏHMƏD  HİKMƏT BƏY MÜFTÜOĞLU
Millətləri millət edən və insanlıq aləmindəki yerlərini
müəyyənləşdirən ən mühüm dəyərlərdən biri də o milləti hərtərəfli
təmsil edə biləcək böyük şəxsiyyətlərin mövcudluğudur. Ona görə
də hər bir millət yetişdirdiyi böyük şəxsiyyətlərini daim gündəmdə
saxlamalı, onlara sayğı göstərməlidir ki, gələcək nəsillər onlara
bənzəməyə çalışsın, mənsub olduğu milləti yüksəltsinlər. Türk
dünyasında belə böyük şəxsiyyətlərdən biri də Turançı romantik
hərəkatın ən ünlü nümayəndələrindən Böyük Türkçülük Bulağının
ilk çağlayanlarından olan Əhməd Hikmət Bəy Müftüoğludur.
3 iyul 1870-ci ildə İstanbulda ahadan olan Əhməd Hikmət
Bəy 7 yaşında ikən atası Yəhya Səzai Əfəndi vəfat etmiş, böyük
qardaşı, Dövlət Şurasının üzvü Əhməd Rəfik Bəyin himayəsi
altında öncə Süleymaniyə Məhəllə Məktəbini, sonra Soyuqçeşmə
Hərbi Rüstiyyəsini, daha sonra isə Aksaray Mahmudiyyə Vəkfi
Rüstiyyəsini bitirərək Qalatasaray Sultaniyyəsinə daxil olmuş,
1888-ci ildə buranı bitirərək 1889-cu ildə Xarici İşlər Nazirliyinin
Konsulluq Xidmətləri dəftərxanasında məmurluq həyatına
başlamışdır.
Konsulluqda məmur olaraq çalışdığı dövrdə boş
vaxtlarında fransızcadan əsərlər tərcümə edərək Türkcə qəzet və
jurnallarda dərc etdirmiş, lakin bu tərcüməçilik işi Əhməd Hikmət
Bəyi təmin etmədiyindən o, artıq tərcüməçilikdən vaz keçmiş, dörd
ay senzor vəzifəsində çalışdıqdan sonra öncə Marsilya və Pirəyə,
1890-cı ildə Potiyə, daha sonra isə Kırımın Kerç şəhərinə diplomat
olaraq göndərilmiş, 1896-cı ildə İstanbula dönərək 1908-ci ilə
qədər Xarici İşlər Nazirliyində məmur olaraq işləmişdir.
Bu vəzifələrdə çalışdığı dövrlərdə həm də 1898-ci ildən 1908-ci ilə qədər özünün oxuduğu Qalatasaray Sultaniyyəsində müəllimlik
edən Əhməd Hikmət Bəy həm aşağı, həm də yuxarı siniflərdə imla,
qiraət, Türkcə və ədəbiyyatdan dərslər demişdir. Bundan sonra bir
il Ticarət və Kənd Təsərrüfatı Nazirliyində “Ticarət İşləri Gənəl
Müdiri” vəzifəsində çalışdıqdan sonra Xalacyan Əfəndi ilə
aralarındakı anlaşılmazlıq üzündən bu vəzifədən istefa vermiş və
Xarici İşlər Nazirliyində “Ticarət İşləri Müdiri” vəzifəsində
çalışmışdır. 1910-1912-ci illərdə İstanbul Universitetində
ədəbiyyat fakultəsinin Alman və Fransız ədəbiyyatı tarixi
kafedrasında professor kimi çalışan Əhməd Hikmət Bəy “Balkan
hərbi”ndən sonra 1912-ci ildə “Budapeşt Baş Konsulu” təyin
edilmişdi. Vəzifəsi ilə əlaqədar olaraq Əhməd Hikmət Bəy
İstanbuldan ayrılsa da məqsədləri “Türk” adı daşıyan bütün
qövmlərin keçmiş və o dövrdəki əsərlərini, tarixlərini, dillərini,
ədəbiyyatlarını, etnoqrafiyalarını, ictimai vəziyyətlərini,
mədəniyyətlərini, Türk dünyasının keçmiş və o dövrdəki
coğrafiyasını araşdırıb ortaya çıxarmaqla bütün dünyaya yaymaq,
Türklüyü və Türkçülüyü yüksəltmək olan “Türk dərnəyi”, “Türk
Yurdu”, “Türk Bilgi Dərnəyi”, “Türk Ocağı” olan Türkçülük
dərnəkləri və onların orqanlarında 1908-1912-ci illərdə olduğu
kimi yurd dışında olduğu dövrlərdə də yaxından iştirak etmiş,
sanballı əsərlər nəşr etdirmişdi.
1912-ci ildə Budapeşt Baş Konsulu göndərildiyindən “Türk
Yurdu” nun qurucularından biri olan Müftü oğlu Əhməd Hikmət
Bəyin yerinə İdarə Heyətinə Ziya Göyalp Bəy seçilmişsə də
Müftüoğlu ölümünə qədər bu dərgi ilə əlaqəsini kəsməmiş,
Türkçülük yolundakı fəaliyyətini davam etdirmişdir. Böyük
Türkçü Macarıstanda diplomat işlədiyi dövrdə burada Türklər
haqqında bir çox məruzə və məqalələrlə çıxış etmiş, Türklərin
Avropalılar tərəfindən tanınmasına və beləliklə də Avropalıların
Türklər haqqındakı yanlış bilgi və qənaətlərinin düzəldilməsinə
çalışmış və qismən də olsa buna nail olmuşdu. Bu illərdə böyük
Türkçü ədibin bir çox əsərləri Macar, Alman və Fransız dillərinə
tərcümə edilmiş, Avropanın məşhur Ensiklopediyalarında müəllif
haqqında bioqrafik yazılar dərc edilmişdi (Bax: The Encyclopedia
of İslam, Vol. I Leyden-London 1913, səh.198; Uj Jdök Lexikona,
Budapeşt 1936, c.I, səh.142. və c.)
“Türk Yurdu Cəmiyyəti”nin qurucuları olan “Milli Şair”
Mehmed Emin Yurdaqulla “Milli ədib” Müftüoğlu Əhməd
Hikmətin səmimi dostluğu, əqidədaşlığı, “Türkçülük” məfkurəsi
uğrunda birgə mübarizələri bir-birlərinə yazdıqları səmimi
məktublarda da öz əksini tapmışdı. Tədqiqatçılar göstərirlər ki,
bərabər çalışdıqları Türk Ocaq və Dərnəklərində Türkçülük
yolunda əl-ələ, könül-könülə yürümüş bir “Milli Şair” ilə bir “Milli
Yazar” arasındakı dərin dostluq və sevgi bağlarını açıqlayan
Əhməd Hikmət Bəyin Budapeştdən Yurdaqula yazdığı bu
məktublarındakı əsil duyğular Milli Şairimiz Mhmed Emin
Yurdaqulun da Türklük üçün çarpan ürəyini doldurmuşdu. Milli
Şairimiz Yurdaqulun Türk yazıçıları içərisində ən çox sevdiyi
Əhməd Hikmət Bəy ilə Ömər Seyfəddin olmuşdu (Bax: Dr.
Tevetoğlu Fethi, Milli Şairimiz Mehmed Emin Yurdakul, I
“Kopuz”, 15 ağustos 1939, sayı: 5, səh.172).
Macarıstanın paytaxtı Budapeştdə Müftüoğlu Əhməd
Hikmət Bəy bir çox yüksək elm və siyasi, xüsusilə mədəniyyət və
sənət dairələrində böyük nüfuz qazanmış, ənənəvi Türk-Macar
dostluğunun isti və səmimi bir surətdə qüvvətlənməsini bir
diplomat kimi tam başarı və qabiliyyətlə həyata keçirməyə
müvəffəq olmuşdu. Bu təmsilçilik diplomatın vəzifəsindən daha
çox qəlbindəki məfkurəni ürəkdən sevməsi ilə bağlı idi. Çünki
Macarıstanda Türkçülük idealına xidmət etmək fürsəti bulmuş,
Türk irqindən olan bir millətin paytaxtında rəsmi fəaliyyəti ilə
yanaşı, Türk-Macar sevgisini qüvvətləndirməyə, iki qardaş milləti
mədəniyyət sahəsində bir-birinə bağlamağa eşq və imanla
çalışmışdı. Müəllifin “Tevhidi-Efkar” qəzetində dərc etdirdiyi
“Türk və Macar dilləri” üzərində apardığı araşdırmaları bu illərin
məhsuludur (Bax: Müftüoğlu Ahmed Hikmet, Türk ve Macar
dilleri, “Tevhidi-Efkar”, № 265, 5 mart, hicri 1338; № 270, 10
mart, hicri 1338; № 310, 19 nisan (aprel), hicri 1338). Bu silsilə
məqaləsində Əhməd Hikmət Bəy Macarların Türk olmasını, Türk- Macar dil yaxınlığını, Macarların XI əsrdə zorla
xristianlaşdırıldığını, onların “Ural-Altay” qoluna mənsub
olduqlarını elmi dəlillərlə sübut etmişdir (Bax: Ahmed Hikmet,
Türk ve Macar lisanı hakkında tecrübe, “Türk Yurdu” dergisi.
İstanbul, hicri 1341, səh.414-417).
O dövrün Türk və Macar qəzet və jurnalları böyük
Türkçünün Macarıstanda qazandığı böyük başarı və sevgini
müxtəlif vasitələrlə sütunlarında sıx-sıx əks etdirmişdilər. Əhməd
Hikmət Bəyin başarısı o qədər böyük əks-səda oyatmışdı ki,
Budapeşt Maarif Nazirliyi keçmişdə Macarıstanda valilik etmiş
Türk paşalarının məktub və yazışmalarını yayımlamış, Budapeştdə
Türkcə məktəblər açılıb kurslar təşkil edilmiş, “Viqszinhaz” adlı
Komediya Teatrında Türkcə əsərlər oynanmış, Budapeştdə yeni bir
cami tikdirilmiş, Macar Millət Məclisi İslam dinini rəsmi dinlərdən
biri olması haqqında qanun qəbul etmiş, Macarıstan “Qızıl Xaç
Cəmiyyəti” Topqapı və Maltəpə xəstəxanalarında işlətmək üçün
Türkiyəyə tibbi ləvazimat göndərmiş, Macar Sənaye və Kənd
Təsərrüfatı Məktəbləri ilə Macar Universitetinin Türix fakultəsi hər
il yüz Türk tələbəni pulsuz oxutmağı öhdəsinə götürmüşdü.
Budapeştdə Universitetin bulunduğu qədim və çox böyük bir
prospektə “Beşinci Sultan Mehmed Caddəsi” adı verilmiş,
Budapeşt jurnalistlərindən M.Pal Bodo Türk milli savaş şeirlərini
Macar dilinə çevirərək yayımlamışdı. Əhməd Hikmət Müftüoğlu
və onun çox sevdiyi həyat yoldaşı Suad Xanım və müavini şair Enis
Behiç Koryürəyin təşəbbüsü ilə Macarıstandakı məşhur Türk “Gül
Baba” türbəsi təmir edilərək möhtəşəm bir hala gətirilmiş,
bəzədilərək muzeyə şevrilmişdi (Bax: Dr. Fethi Tevetoğlu, Türk
Ansiklopedisi “Gülbaba” maddəsi, cild: XVIII, səh.137-140)
Osmanlı İmperatorluğunun Birinci Dünya müharibəsi
nəticəsində məğlub olması ilə əlaqədar olaraq Budapeşt
Konsulluğu ləğv edilmiş və Əhməd Hikmət Bəy 1918-ci ildə
İstanbula dönmüşdü. İki il Almaniya, Avstriya və Macarıstanda
komissiya sədri vəzifələrində çalışmış, sonra qatarla Avstriyadan
İtalyaya, 1921-ci ildə gəmi ilə Triyestedən Venedikə, oradan da
Aralıq və Ege dənizi yolçuluğunu da tamamlayaraq İstanbula
dönmüş, 1924-cü ildə Xəlifə Əbdülməcid Əfəndinin Saray Naziri
vəzifəsinə təyin edilmişdi. Xəlifəlik ləğv edildikdən və Xəlifə
Əbdülməcid Əfəndi 5 mart 1924-cü ildə ailəsi ilə birlikdə ölkədən
çıxarıldıqdan sonra Əhməd Hikmət Bəyin bu vəzifəsinə də son
qoyulmuşdu.
1926-cı ildə Ankaraya Xarici İşlər Hazirliyinin Konsulluq
Xidmətləri və Ticarət Baş Müdirliyinə gətirilən Müftüoğlu Əhməd
Hikmət Bəy həmin il ərzində öncə Xarici İşlər Nazirliyi
Müstəşarlığına vəkil, az sonra isə Müştəşar olaraq təyin edilmişdi.
Paytaxtdakı qısa xidməti dövründə Türk ocaqlarının Mədəniyyət
Bölümünün rəhbəri vəzifəsində də çalışan dəyərli Türkçü Əhməd
Bəy burada ədəbiyyat və musiqi tariximizə aid araşdırmaları,
Türkcənin alınma kəlimə və qaydalarından arınması, Türk imla və
qrammatikasının təsbiti yolundakı əsərləri ilə də millətimizə böyük
milli xidmətlər göstərmişdir. Xarici İşlər Müştəşarlığında ağır
çalışmalar nəticəsində zəif düşən məfkurə adamı bu vəzifəsindən
istefa verərək paytaxtdan ayrılmaq zorunda qalmış, İstanbula
dönmüşdü. Mədə və qaraciyər xərçəngindən əziyyət çəkən Milli
Ədib 24 mart 1927-ci ildə Taksimdəki Fransız xəstəxanasına
gətirilmiş, lakin böyük acı çəkən diplomat, yazar, alim və Türkçü
öz istəyi ilə xəstəxanadan öz evinə gətirilmiş və 19 may 1927-ci
ildə vəfat etmişdir.
Böyük Türkçünün acı xəbəri bütün Türk dünyasını
sarsıtmış, Müftüoğlunu sevən və sayanların omuzlarında “Maska
Məzarlığı”na gətirilərək vəsiyyətinə uyğun olaraq sevimli həyat
yoldaşı Suad Xanımın qəbri yanında dəfn edilmişdir. Dəfn
mərasimində Dəniz, Quru və Jandarma Komandanlıqlarının silahlı
birlikləri, Polis və Bələdiyyə Polisi dəstələri, başda böyük sənətkar
və diplomat Əbdülhəqq Hamid olmaqla Xarici İşlər Nazirliyi
təmsilçiləri, əski Böyük Millət Məclisi sədri Rifat Bəy, Türk Ocağı
Mədəniyyət Heyəti adına məşhur alim Körpülüzadə Mehmed Fuad,
Azərbaycan adına Məmmədəmin Rəsulzadə, İstanbul Universiteti
Ədəbiyyat fakultəsi professoru Hamid Bəy, İstanbul
Konservatoriyasının müdiri Ziya Bəy, Ədəbiyyat fakultəsi Baş
Katibi Sidqi Bəy, İsmayıl Müstaq Bəy, Şərif Bəy, Xəlil Nihad Bəy,
Cəlal Sahir Bəy kimi dövrün məşhur ziyalıları, Qalatasaray və
İstanbul Lissəsi öyrənciləri, Türk Ocaqları üzvləri iştirak etmiş,
nitq söyləmişlər.
İstanbul Böyük Türk millətinin qarasevdası ilə çırpınan bir
böyük vətən övladını da qoynuna almış, İstanbulun “Şəhidlər
Məzarlığı” beləcə Türk nəsilləri üçün bir daha müqəddəsləşmişdir.
Qafqaz, Kırım və Macarıstanda milli duyğu və düşüncələrini daha da yetkinləşdirən böyük türkçü yazıçı Müftüoğlu Əhməd Hikmət bəy istər vətəni Türkiyədə bulunduğu, istərsə də xaricdə diplomat olaraq çalışdığı dövrlərdə Türk Dərnəyi, Türk Ocağı, və Türk Yurdu kimi cəmiyyət və dərgilərdə türkçülük fəaliyyəti ilə yaxından iştirak etmiş, türk milli ədəbiyyatının yaranması və türk dilinin saflığı və sadələşməsində əvəzsiz xidmətlər göstərmişdir. Bu dövrdə «Türkçülük» ideologiyası ədəbiyyata şeirlə Məhməd Emin Yurdaqulla, nəsrlə isə Əhməd Hikmət Müftüoğlu ilə daxil olmağa başlamışdı. Onları izləyən şair və yazarlar şerdə heca vəznini, hekayədə də sadə və saf bir dil işlətmişdilər. «Gənc qələmlər» və başladılan «Yeni dil» anlayışı Ə1i Canib bəy və Ömər Seyfəddindən sonra «Sadə dil» adı altında «Türk yurdu»nda davam etdirilmişdi.
«Türk yurdu» türkçülük hərəkatını hər sahədə sistemləşdirməyə çahşmaqla yanaşı mili ədəbiyyat axınının da yayılmasına öncüllük etmişdi.
Türkçülərə görə, bir türk ədəbiyyatı var, lâkin bu mövcud ədəbiyyat xalqa xitab etməyən, dəbəebəli və qəliz bir dillə yazılmış, üstəlik milli bir vəznlə yazılmamış təqlidçiliyə əsaslanan bir ədəbiyyatdır.
«Türk yurdu» təmsilçilərinin «milli ədəbiyyat» adlandırdıqları
ədəbiyyat görüşünün başlıca özəlliyi «xalqa getmək», məqsədləri
xalq dilinin və folklorunun, saz şairlərinin şerlərində yaratdığı milli
vəzni və milli dili yenidən canlandırmaq, ədəbiyyatı xarici
təqlidlikdən qurtararaq şerdə və nəsrdə duyğu və mövzunu xalqdan
alaraq xalqın danışdığı sadə dil ilə ortaya qoymaq idi. Onlara görə,
«Türk Birliyi» üçün ilk öncə dil və ədəbiyyatda ortaq hərəkət etmək
lazımdır. «Türk Yurdu» və «Türk ocaqları»nın çalışmaları «Milli
ədəbiyyat» tərəfdarlarının çoxalmasında, ədəbiyyatda və qarşılıqlı
olaraq cəmiyyətdə milliyyətçilik fikrinin yayılmasında önemli rol
oynamışdı.
1911- 1931-ci illər arasında «Türk ocağı»nın orqanı olan
«Türk Yurdu» dərgisi ilə birlikdə sənət və ədəbiyyatda
milliyyətçilik fikrinin inkişafına xidmət edən bir çox davamlı
yayımlar olmuşdu ki, bunların içərisində ən qalıcı və davamlı
mücadilə aparan heç şübhəsiz ki, «Türk Yurdu» və onun ətrafında
toplanan milliyətçi türk ziyalıları olmuşdur. Elm, siyasət,
iqtisadiyyat, fəlsəfə və ədəbiyyat sahəsindəki çalışmaları və «Türk
Yurdu»nun izləmiş olduğu siyasət hökumət üzərində də öz təsirini
göstərmiş, öncə «İttihad və Tərəqqi» partiyası ilə qurulan yaxşı
əlaqələr türkçülük cərəyanının hökumət siyasəti halına gəlməsini
təmin etmişdi. Milli dəyərlərə bağlılıq çağdaş bir türk dövləti
qurmanın yollarını araşdırmış, bu yolda mühüm məsafələr qət
edilmiş, türklərin faydasına çalışmaq ideyasını gerçəkləşdirmiş,bu
ideala könül verən Mustafa Kamal Atatürkün dünyagörüşü və
inqilabı ilə bütünləşərək türk millətinə yeniləşmək və yüksəlmək
yolunda böyük xidmətlər göstərmişdi ki, bu yolda Vələd Çələbi,
Nəsib Asim, Mehmed Emin, Yusif Akçura, îsmayıl bəy Qaspıralı,
Nəsib bəy Yusifbəyli, Fuad Körpülü, Rəşad Nuri və s. kimi böyük
şəxsiyyətlərlə yanaşı, Müftüoğlu Əhməd Hikmət bəyin də əvəzsiz
xidmətləri olmuşdur.
İlk yaradıcılığa Sultaniyyə Məktəbində «Leyla yaxud bir
Məcnunun intiqamı» adlı hekayəsi ilə başlayan, «Roman fabrikası»
yazısı ilə «Sərvəti-Fünun» yazı ailəsinə daxil olan Əhməd Hikmət
bəy sonradan «Ədəbiyyatı-Cədidə»nin quruculanndan biri
olmuşdu. Əksəriyyəti kosmopolitlərdən ibarət olan bu cəmiyyətin
«Türklük» cərəyanına mənsub iki böyük şəxsiyyəti var idi.
Bunlardan biri milli şair Mehmed Emin Yurdaqul, diğəri isə milli
ədib Müftüoğlu Əhməd Hikmət bəy idi. Bu iki böyük türkçü
«Sərvəti-Fünun»çuların «Sənət sənət üçündür” düsturunu qəbul
etməmiş, «Türklük üçün sənət» əqidəsinə xidmət etmiş, mədəni
inkişafla yanaşı, milli mədəniyyətə daha çox dəyər vermişlər.
Bu davranış və qeyrətilə Müftüoğlu Əhməd Hikmət bəy
türk dil və yazı inqilabının, ədəbi türkçülüyün ilk
bayraqdarlarından biri olmuşdur.
«însan danışdığı, yazdığı dilə hakim ola bilməzsə, nəyə
hökm edə bilər» - deyən Əhməd Hikmət bəy «Türk Yurdu Dərnəyi
Cəmiyyəti», «Türk ocağı» və onların orqanının Mehmed Emin
Yurdaqul, Əhməd Ağaoğlu, Yusif Akçuraoğlu, doktor Əlibəy
Hüseyinzadə, doktor Aqil Muxtar Özdən kimi türkçülər ilə bərabər
ömrünün sonuna qədər türklərin yüksəlişinə çalışmış, mili
mücadiləyə qoşulmuş, İstanbulda işğal qüvvətlərinə qarşı etiraz
mitinqlərində, Milli Konqres və Milli Türk partiyasının yaradılması
və fəaliyyətində yaxından iştirak etmişdi.
XVI Beynəlxalq Şərqşünaslar Konfransına nümayəndə
olaraq qatılan Əhməd Hikmət bəy «Türk dili və ədəbiyyatı
haqqında tədqiqlər» adlı məruzə ilə fransızca çıxış etmiş, dildə
sadəleşmə, milli vəznə və milli ədəbiyyata keçidin mərhələlərini
açıqlamış, türklərin tarixdəki üstün gücündən, türkcənin zəngin bir
dil olduğundan bəhs etmiş, Fərabi və İbn Sina kimi filosofların türk
olduğunu konfrans iştirakçılarının nəzər-diqqətinə çatdırmışdı.
Müəllif nəzəriyyəsində göstərmişdi ki: «Türklər cahanı
silkələyərək uyuşmuş qollara qüvvət, zəifləmiş ürəklərə qan və can
verərək insanlığın biçimini dəyişdirmək üçün uca yaradandan
özlərinə mənəvi bir vəzifə verilmiş olduğu inancında idilər...
Xəzər, bulqar və macarlar arasındakı savaşlar, Çingiz xan
və Əmir Teymura tabe türklərin qərb türklərinə-osmanlılara
saldırılan bu anlaşılmazlığın birər dəlilidir. Güney Batıya enən
türklərin bir qismi ərəb və əcəm ölkələrinin böyük bir hissəsini fəth
etdiklərindən yerli xalqlarla qarışmış, Avropaya keçənlərin bir
qismi isə alman və ruslarla birləşmiş beləliklə də İranda «Şah»,
Yəməndə «Sultan», Çində «Xaqan», Macarıstanda «Kral» oldular.
Yüksəklik, böyüklük, incəlik, dərinlik kimi ruhu
cilalandıracaq duyğuların xalqa çox yabançı gəlməyacək
kəlimələrin anlaşılmasının və millətin fərdlərinin saviyyəsinin
yüksəlməsinə çalışmasının türk yazar və şairləri üçün milli bir
vəzifə və dini bir borc olduğuna iman gətirib, anladım ki, xalqın
duyğusunu, ruhunu, adət-ənənəsini, istedadını nazərə almayaraq
yazılan xudbin əsərləri oxuyanlar üzərində bir təsiri ola bilmir.
Təsirsiz əsərlərin isə bir dəyəri, bir ömrü olacağına inanmıram.
Avropadan gördüyümüz təhqirlər, keçirdiyimiz böhranlar yazı
yazanlarımızı milliyyətçi etməyə kafi deyilmi?» deyən Əhməd
Hikmət bəy Budapeştdə keçən günlərində özünün 1911- 1922-ci
illərdə yazıb müxtəlif qəzet və jurnallarda derc etdirdiyi ölməz
əsərlərini toplayıb «Çağlayanlar» adı altında 15 iyun 1922-ci ildə
çap etdirmişdi. Bəzi yazılarını da «Yavuz» imzası ilə «Türk yurdu»
dərgisində çap etdirən Əhməd Hikmət bəy məqalələrinin birində
Balkan və Avropa dövlətlərinin türklərlə bağlı siyasətinin iç üzünü
açıb göstərmişdir. Əhməd Hikmət bəy 40 illik ədəbi və diplomatik
həyatı dönəmində dövrün demək olar ki, bütün dərgi və
qəzitlərində müxtəlif mövzularda yüzlərlə məqalə və hekayə derc
etdirmişdir. Dünyada saf və mücərrəd bir dil mövcud olmadığını,
türk dilinin çox qədim və zəngin bir dil olduğunu elmi dəlillərlə
irəli sürən Əhməd Hikmət bəy göstərir ki, mübaliğəsiz olaraq
iyirmi, iyirmi beş əsrdən bəri Asiya, Avropa ve Afrikanın ucsuzbucaqsız üfüqlərini guruldadan türklər buralarda təmas etdiyi xalqlara öz lüğət xəzinəsindən yüzlərlə söz və ifadələr bəxş
etmişdir. (Bax: Ahmet Hikmet, Türkcemizə dair, «Türk Yurdu»
dərgisi, cild 5, İstanbul 1927. Sah. 572-575).
Türk-macar dil yaxınlığım və bu iki dilin qrammatika və
lüğət tərkibini müqayisəli şəkildə şərh edən Əhməd Hikmət bəy bu
iki dilin bənzərliklərini elmi dəlillərlə göstərdikdən sonra bu
qənaətə gəlmişdi ki, macarların əsli türkdür.
Türklərin yaşadığı dövrləri, ərəb və fars sözlərinin türk
dilinə hansı yollarla keçdiyini elmi dəlillərlə şərh edən Əhməd
Hikmət bəy göstərir ki, Məşrutiyyətin elanından sonra bizdə və
diğər millətlərdə olduğu kimi bir milli hiss, bir milli vicdan
doğmuş, böyümüş, türklər də damarlarında əsil bir qanın axdığını
duymuş, mənsub olduqları ulu Turan irqinin ən qədim millətlər
qədər tarixi və keçmişi olduğunu anlamışdılar.
Tərcümə məsələsinə öz müasirlərindən fərqli yanaşan
Əhməd Hikmət bəy bir dildən başqa bir dilə tamamilə həqiqi və
səmimi bir tərcümənin mümkün olmadığını «Tərcüməçi xaindir»
ifadəsinin doğru olduğunu qeyd edərək göstərir ki: «Əcnəbi bir
dildən türkcəyə əsil bir tərcümə çox müşkül və bəzən heç mümkün
də deyil. Bu hər dildə belədir».
Vəzn məsələsində də dövründəki alim və tədqiqatçılardan
fərqli yanaşan Əhməd Hikmət bəy «Milli əruz» adlı silsilə
yazılarında mövzuya ilk olaraq ciddi yanaşmış, istər heca və istərsə
də əruz vəzninin türk ruhundan doğduğunu, birinin digərinə tərcih
etmənin mümkün olmadığın göstərməklə yanaşı heca vəzninə
duyduğu bağlılığı və sevgini də xüsusi qeyd etmişdi.
Milli mədəniyyət, milli məfkurə və milli tərbiyəyə böyük
önəm verən bu yöndə davamlı fəaliyyət göstərən hər bir dərnək və
cəmiyyətdə aktiv iştirak edən Əhməd Hikmət bəy göstarir ki:
«Milli tərbiyəsiz nə fərdlər, nə cəmiyyət və nə də millət təşəkkül
edə bilər». Ədib milli tərbiyəni «ruhani tərbiyə» və «cismani
tərbiyə»olmaqla iki qismə ayırmış və göstərmişdi ki, ruhani və
mənəvi tərbiyə könlü saflığa, ülvüliyə, ağlı Tanrıya yüksəltməklə,
ruhu ilahi eşqə və yaradana göndərməklə, millət sevgisi aşılamaqla
mümkündür.
Cismani tərbiyə müəllifə göre uşaqların, millətin
fərdlərinin fikirlərini,ümidlərini vətənə bağlayacaq xüsusi
gözəlliklərlə göstərmə, saxlamaqla mümkün ola bilər. Ədibə görə
milli tərbiyə milli dil ila gerçəkləşir. Milli dilin də düzgün bir imlası
olmalıdır. Əruz və heca vəzni ilə yazılmış şerləri, mənsur şerləri,
hekayələri, elmi araşdırma və məqalələri, monoloq və məruzələri,
tərcümə və müsahibələri ilə «Könül Xanım» adlı romanı ilə türk
milli ədəbiyyatının, türkçülük məfkurəsinin öndərlərindən olan
Müftüoğlu Əhməd Hikmət bəy türkçülük hərəkətını ömrünün
sonuna qədər davam etdirmişdir.
Əhməd Hikmət bəyin başlıca istəyi və məqsədi türkü
sevmək, türkü qorumaq və türkü ucaltmaq, yüksəltmək olmuşdur.
Vətən və millət sevgisini ən incə duygularla qələmə alan böyük
türkçü Əhməd Hikmət bəy bu sevgini millətin qəlbində, eşqində,
kədərində, vətənin daşında- torpağında, dağında-ormanında,
çiçəyində-gülündə, bulağında-çayında, kəndində-şəhərində,
yerində-göyündə arayır, və oxucularını dərin-dərin düşünməyə
dəvət edir.
«Ey Türk! Dünyanın tarixi, vətəni uğurunda sənin qədər
uğraşan, sənin qədər qanını tökən bir millət göstərə bilməz. Sənin
qədər kimsə öz vətəninə sahib olmağa haqq qazanmamışdır.
Dünyanın hər tərəfindəki baş daşısız məzarların əzəmətinin
malikanələridir. Əsrlərdir millətin eşqinə başına yağan sonu bitibtükənməyən bir bəladır. Yurdun sonsuz bir Kərbəladır. Çile
çəkməyən varlığını duya bilməz. Texnologiyanı Avropanın əlindən
aldığın zaman sənin ruhun onunkundan daha adil-sanlı, sənin
qəlbin onunkundan daha təmiz olduğunu meydana qoyacaqsan.
Vaxtilə Çin və Hindin mədəniyyətləri ilə Yaxın Şərqin feyzini
birləşdirdiyin kimi bu gün də Avropanın elmini, texnologiyasını
Asiyaya yetirəcəksən. Ey Karvanbaşı Türk yürü!» - deyən Əhməd
Hikmət bəy göstərir ki: «Mən bu sətirləri yazarkən əsərlərimi
süsləmədim. Türkün ruhu kimi sadə olmasını istədim. Bunlar
türkün qürurunu oxşamaq üçündür. Qürur! O, hər bir Türkün
yaradılışındadır. Biz türklər bir-birimizi bundan tanıyınq». (Bax:
Müftüoğlu Ahmed Hikmet, Türkeli Zeybeklerine, Çağlayanlar,
Ankara 1990. Seh. 1-4)
Əhməd Hikmət bəy qələmə aldığı əsərləri ilə mənsub
olduğu türk millətinin parlaq ruhuna dadlı bir rəng, altın qəlbinə
parlaq bir cila vermiş, türkün müəzzəm tarixindən, əzəmətli
dastanlarından faydalanaraq içində bulunduğu və şahid olduğu
Balkan, Birinci Dünya və istiqlal savaşlarının acı xatirə və
xüsusiyyətlərini canlandırmışdır.
Türklərin tarixi qəhrəmanlıqlarını bədii və təmiz türkcə,
lakonik bir dillə tərənnüm edən böyük türkçü Əhməd Hikmət bəy
«Altın ordu» adlı əsərində göstərir ki, Tanrının sözü ilə türklər
hərəkətə gəlmiş, rast gəldikləri dikbaş başları, boyunları əydirmiş,
qolları bükdürmüş, donmuş ürəkləri çarpdırmış, soyumuş qanları
qızdırmış, bükülmüş belləri dikəltmiş, insanlara böyüklük nədir
anlatmış, şərəf-şan nədir tanıtmış, xeyir nədir öyrətmişlər.
Ruhlarından, güçlərindən qansız, cansız insanlara ruh, qüvvət
aşılamış, «Nuh tufanı» kimi dünyanın gedişini, tarixini dəyişmişlər.
«Türk tufanı» adlanan bu ikinci «Tufan»nın hər damlasında
bəşəriyyətin gələcək nəsli üçün bir «Ata kimliyi» meydana
çıxmışdır. Bu «Türk tufanı» dünyanın, o cümlədən də Avropanın o
zaman üçün yıpranmış, paslanmış, könüllərə məhəbbət, əzələlərə
qüvvət vermiş, çəlimsiz dünya qadınlarından sağlam və qüvvətli
cocuqlar dünyaya gəlmişdi. Bu «Türk tufanı» nəticəsində bugünkü
insaniyyət meydana gəlmişdi.
İlk insanlar arasındaki münasibətlərdən başlayaraq
insanların insani əzəməti və bəşəri qüdrətini şərh etdikdən sonra
insanlığın sonraki vəziyyətini incələyən Əhməd Hikmət bəy
göstərir ki, insaniyyət təkamül etdikcə heyvan kimi başqa birinin
istəyi ilə yaşamağa, başqa birinin kefi üçün ölmeyə razı olmamaq
ehtiyacını duymağa alışmış, bundan da bir insani vəzifə hissi
doğmuşdur.
Əhməd Hikmət bəyin hörmət bəslədiyi türklüyə xidmət
edən belə şəxsiyyətlərdən biri də «məmləkətində yəhudi
Vamberqer, İngiltərə və Budapeştdə protestan Vamberi, îstanbulda
ise müsəlman Rəşid Əfəndi kimi tanınan (Bax: dr. Fethi Tevetoğlu,
Müftüoğlu Ahmed Hikmet, Ankara 1986, seh. 147) məşhur macar
şərqşünası Armin Vamberi idi. Bu məşhur alimin xidmətlərini
yüksək qiymətləndirən Əhməd Hikmət bəy Budapeştdə diplomat
işlədiyi dövrdə bu yaşlaşmış alimi ziyarət etmiş, ondan geniş bir
müsahibə alaraq bu müsahibələri «Müsteşriq («Şərqşünas»)
Vamberi» adı ilə «Türk yurdu» dərgisində çap etdirmişdi.
Vamberinin həyat və fəaliyyətindən qısa şəkildə bəhs edən müəllif
Vamberinin ona söylədiyi: «Mən türklərin lütfləri ilə yetişdiyim
üçün türklər uğrunda çalışmağı özümə vicdan borcu bilirəm. Fəqət
genə türklər məni təqdir etmədilər. Mənə «Sultan Əbdülhəmidin
dostu» - deyə etimad eyləmədilər. Hətta Məclisi- Məbusanda
(Millət vəkilləri məclisi) açıq şəkildə əleyhimdə bulundular. Fəqət
mən şəxsin deyil, türk millətinin dostu idim. Avropanı kor-koranə
təqlid etdiniz. Lâkin Avropa təqlid edilməz, tədqiq edilər”.
Bir anqlosakson, bir Latin, bir Slavyan milləti mövcud
olduğu kimi böyük bir Turan qovmiyəti, mədəniyyəti vardır və o
cəmiyyətin bayraqdarı Türklərdir. İslam aləminin örnək alınanı
yenə də türklərdir. Türklərin gələcəyi bir çox millətlərdən daha
parlaqdır - kimi fikirlərini bir məşhur xarici alimin dilindən
dinləyib nəşr etməklə, əslində özünün də mənsub olduğu
türkçülərin haqlı olduqlarını təsdiqləyirdi.
Bütün hayatı boyu olduğu kimi görünən, göründüyü kimi
olan Əhməd Hikmət bəydə millət və vətən sevgisi daima qüvvətli
bir həyəcan içində yaşamış və bu müqəddəs sevgi onun bütün
yazılarının ana qaynağı olmuşdur. Müəllif «Bayram» adlı
hekayəsində göstərir ki: bütün Şərq bir Məşhəd, bir Kərbəladır.
Türk bu Şərqin əzəli qurbanı, əbədi şəhididir. Türkün fitri bəlaya
uğramasını ən milli və ən səmimi şairimiz olan Füzulinin
nalələrindən anlamaq olar. İnsanlara bir səadət vəd edən «Eşq» belə
türklər üçün bir «bəla»dır. Füzulinin:
«Ya rəb! Bəlayi-eşq ilə qıl aşina məni!
Bir dəm bəlayi-eşqdən etmə cüda məni!
Az eyləmə inayətini əhli-dərddən,
Yəni ki çox bəlalara et mübtəla məni!»
Heç bir əcnəbi millətin ədəbiyyatında «belə, fəlakət» bu
səviyyədə eşq ilə, şövq ilə təsvir edilməmişdir.
Böyük türkçü Əhməd Hikmət bəyin daimi ilham
qaynaqlarından biri də türk qadını olmuşdur. Mütəfəkkirə görə,
məchulları kəşf edən alimlərin, savaşlar qazanan komandanların,
könülləri titrədən şairlərin, dünyalara hökm edən hökmdarların
qəlblərinin ən dərin guşələrində bir sirr, hir hiss vardır. Etiraf
olunmayan o sirr, o hiss bir qadına yarınmaq sirri, yarınmaq
hissidir. Ömür nədir? - Eşq! Eşq nədir? - Qadın! Müharibələrin
yakdığı-yıxdığı məmləkətləri, məhv etdiyi insanları qadın təmir
etməsəydi, dünyaya övlad bəxş etməsəydi, indiyə qədər dünya quru
bir səhraya bənzəyərdi. Qadınlarda gözəllik olmasaydı, kişilərdə
böyüklük olmazdı. Kişilərdə böyüklük bulunmasaydı, qadınlardakı
gözəllik görünməzdi. Dünyanın tarixi göstərir ki, harada qeyrətli,
isməth qadınlar varsa, o memləkətdə fədakar, vətənsevər kişilər
zühur etmişlər.
Əhməd Hikmət bəy imperialist qüvvələr tərəfindən
türklərin düşdüyü vəziyyətdən çıxmaq üçün «Yakarış»
(«Münacat») larının birində üzünü Tanrıya tutaraq ondan yardım
diləyir: «Ey uca göyləri işıqlı ulduzlarla, azğın denizləri köpüklü
dalgalarla süsləyən Tanrı! Türklər sənin sancağını (bayrağını) yer
üzünün bir ucundan o biri ucuna çatdırmaq, könlü, gözü kor
olanlara, səni tanımayanlara səni tanıtmaq üçün savaşa başladılar.
Qanlarını sənin uğrunda tökdülər. Yaratdığın türkler sənə
düşkünlüklə yüksəldilər. Bu ucalıqdan onları endirmə».
Türkün İlahi qüdrətini, əbədi feyzini özünün məşhur
«Üzümçü» adlı hekayəsində milli ədib Əhməd Hikmət bəy belə
şərh etmişdir: «Ey türk! Sən helə sağlam və güçlü ananın südünü
əmərkən hökmran olmaq üçün yaradılmış bir millətin fəzilətlərinə
malik olmuşsan. Bu hakimiyyət əsaslarını başqa millətlər
məktəblərdə, mədrəsələrdə anlarlar. Sənə bu məziyyətləri ananın
iri siyah baxışı, atanın kükrəyən gur səsi öyrətmişdir. Məhkum
olsan da hakimsən. Onun üçün də dünyada tayı- bərabəri bulunmaz
bir millət olmusan. Bir əngin dənizə bənzərsən ki, yavaş-yavaş
coşar və coşunca da çox əzəmətli olursan... bir ulu çinarsan ki,
əyilməzsən, ölər inləməzsən.
Sən Şərqin qınına sığmayan bir qılıncsan, vurula-vurula
qınlarsan. Yenə də hər parçandan bir qığılcım, hər qığılcımından
bir şimşək çıxar.
İlahi bir qüdrətin, əbədi bir feyzin var, ey Türk!».
Ruhu şad olsun !
AYDIN MƏDƏT OĞLU QASIMLI
Filologiya üzrə fəlsəfə doktoru, dosent












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]