Elə sizin evin xörəyidir ki var!
12-11-2026, 07:04

Həsən Məmmədov Rejissor Arif Babayevin "Birisi gün, gecə yarısı" filminə çəkilirdi. Çəkilişlər adətən axşam saatlarında aparılırdı və gecə yarıyadək davam edirdi.
Yenə belə çəkiliş günlərindən birində, gecə saat 11-də Həsən Məmmədovun evinin qapısı döyülür. Həyat yoldaşı Lətifə xanım qapını açanda filmin ikinci rejissorunu görür. Əlində də kabab və çörək. Rejissor xahiş edir ki, bəlkə evdə isti sulu xörək olar? Məlum olur ki, bütün restoranları gəzsələr də, gecənin bu vaxtı açıq yer tapa bilməyiblər. Lətifə xanım dərhal bir qazan duru xörəyi gətirib verərək gətirilən kabab-çörəyi geri qaytarır: "Aparın, çəkilişdə özünüz yeyərsiniz".
Xörək çəkiliş meydançasına çatdırılır. Həsən Məmmədov yeməyə başlayanda nə isə ona çox tanış gəlir:
— Ay bala, bu yemək mənə nədənsə çox tanış gəlir...
Arif Babayev maraqla soruşur:
— Hə, xörək necə idi, xoşuna gəldi?
Həsən Məmmədov:
— Hə, çox yaxşı idi. Amma bilmirəm nədənsə elə bizim evin xörəyinə oxşayır.
Arif Babayev dözməyib gülərək sirri açır:
— Elə sizin evin xörəyidir ki var!
Gunel Natiq

