Rəmişə toyda “Kərəmi” sifariş verirlər. Azca çalan kimi orta yaşlı, baz-burutlu bir kişi onu saxlayır, iki “şirvan” atıb deyir: - “Kərəmi” çal! Rəmiş özünü bir az da cəmləyib mahnıya girişəndə, həmin adam onu yenə saxlayır və bu dəfə beş “şirvan” atıb deyir: - “Kərəmi” çal! Rəmiş üçüncü dəfə lap dərindən girişir mahnıya, bu dəfə iki əlliminlik gəlir və eyni söz: - “Kərəmi” çal! Rəmiş dözmür: - Qardaş, mən nə çalıram bəs? Bazburutlu adam: - Sən “Kərəmi” çala bilmirsən! Rəmiş küsür, nə qədər illah eləsələr də toyu atıb gedir. Musiqiçi dostlarını da gözləmir. Çıxır küçədə başlayır hirslə gəzişməyə. Birdən ağlına nə gəldisə taksi tutub Ədalət qalan evə gəlir. Əhvalatı danışıb ustaddan “Kərəmi” havası çalmağı xahiş edir. Ədalət onun sözünü yerə salmır. “Kərəmi”ni çalıb bitirəndən sonra Rəmiş onun əllərini sıxır və deyir: - Düz deyirmiş. Zakir Osmanov