"Çirkin" qalmaqala səbəb oldu: Fərəh Zeynepdən sərt reaksiya — FOTOLAR
3-09-2026, 15:08

“Star TV”də yayımlanan “Çirkin” serialının yeni mövsüm treyleri 2022-ci ildə ekranlara çıxan “Bergen” filmi ilə vizual oxşarlığı səbəbindən mübahisəyə səbəb olub.
Demokrat.az xəbər verir ki, serialın ikinci mövsümünün ilk tanıtımında Derya Pınar Akın canlandırdığı “Məryəm” obrazının səhnəyə çıxmağa hazırlaşdığı kadrlar sosial şəbəkələrdə “Bergen” filmi ilə müqayisə edilib.
Hər iki ekran işində makiyaj masasının qarşısında hazırlıq, əlcəklərin geyinilməsi, ətir vurulması, gözlərin yaxın planda göstərilməsi və koridordan keçərək səhnəyə çıxış kimi ardıcıl səhnələrin bir-birinə olduqca bənzəməsi diqqət çəkib.
Oxşarlıqla bağlı müzakirələr genişləndikdən sonra “Bergen” filminin prodüser şirkəti Orkestra Kontent hüquqi proses başlada biləcəyini açıqlayıb. Şirkət sözügedən səhnələrin ssenari və storyboard mərhələsindən etibarən xüsusi şəkildə hazırlandığını, həmçinin səs dizaynı, çəkiliş yanaşması və yaradılan atmosferin öz işləri ilə oxşar olduğunu bildirib.
Prodüser şirkəti treyler yayımdan çıxarılmadığı təqdirdə müəllif hüquqlarının pozulması ilə bağlı cinayət şikayəti veriləcəyini, həmçinin maddi və mənəvi təzminat tələbi ilə məhkəməyə müraciət ediləcəyini açıqlayıb.
“Çirkin” serialının prodüseri 25 Film isə ittihamları qəbul etməyib. Şirkətin mövqeyinə görə, kulisdə hazırlaşan müğənninin makiyaj masasından qalxaraq koridordan keçib səhnəyə çıxması kino tarixində və Yeşilçam filmlərində dəfələrlə istifadə edilən ümumi vizual təsvir üsuludur.
“Bergen” filmində baş qəhrəmanı canlandıran Farah Zeynep Abdullah da mübahisəyə münasibət bildirib. Aktrisa “Çirkin” serialının treylerinə eyhamla “Göz sarğısını unutmusunuz...” ifadəsini yazıb.
Abdullah daha sonra “Instagram” hekayəsində izləyicilərindən birinin serialla bağlı göndərdiyi və kobud ifadənin yer aldığı mesajın ekran görüntüsünü paylaşıb. Aktrisa həmin paylaşımın üzərinə “Bənzərliklər tamam da...” qeydini əlavə edib.
Beləliklə, iki ekran işi arasındakı vizual oxşarlıq həm sosial şəbəkələrdə, həm də kino sənayesində müəllif hüquqları ilə bağlı müzakirələrə səbəb olub.



