Azərbaycan neftinin ucuzlaşması psixoloji həddi də keçib: Proqnozlar nikbin deyil
18-11-2026, 11:24

Bölgədə qeyri-müəyyənliyin davam etməsi fonunda neft ucuzlaşır. Döyüşlərin bərpa edilib-edilməməsi enerji bazarına böyük təsir göstərə bilər. Münaqişə yenidən qızışmayacaqsa, neftin ucuzlaşması dayanmayacaq. Ucuzlaşma psixoloji 100 dollar həddini də keçib. Azərbaycan neftinin qiyməti son günlər yalnız aşağı düşür.
Bizimyol.info xəbər verir ki, “Azeri Light” markalı məhsulun bareli 98 dollar 76 sentə təklif olunur. Halbuki münaqişənin qızğın dövründə qiymət 1,2-1,3 dəfə yüksək idi. Belə görünür, bölgədə gərginlik olmadığı müddətdə ucuzlaşma dayanmayacaq, hətta sürətin artması mümkündür.
Neft niyə ucuzlaşmağa başlayıb? Beynəlxalq Enerji Agentliyi hesab edir ki, bazarda təklif tələbi üstələmək üzrədir. Zamanla neft artıqlığının həcmi artacaq. Bu da qiymətlərin aşağı düşməsinə xidmət edir.
İkincisi, neft tədarükü təkcə Hörmüz boğazından asılı qalmır. Bu işlə məşğul olanlar bölgədə hər zaman gərginlik yaranma ehtimalını nəzərə alaraq alternativ marşrutlar üzərində iş görürlər. Hörmüz boğazından yan keçərək nefti birbaşa Oman körfəzinə, Qırmızı dənizə, Aralıq dənizinə daşıyan yeni boru kəməri layihələrinə investisiya qoyulur. Tədarük imkanları genişlənir.
Bundan başqa, dünyanın ən böyük xam neft idxalçılarından olan Çində və başqa aparıcı iqtisadiyyatlarda artımın və enerji tələbatının gözlənilən səviyyədə olmaması qiymətlərin böyüməsinin qarşısını alır. ABŞ Enerji İnformasiyaları Administrasiyası gələn il bahalaşma gözlənilmədiyini düşünür. Proqnozlara görə, “Brent”in bareli 80 dollardan baha təklif olunmayacaq.
Əlbəttə, dünyada hər an gözləniləndən də böyük gərginlik yaşana bilər. Hörmüz boğazından asılılığı azaltmaq üçün alternativ variantlar ortaya çıxsa, istənilən böyük münaqişə bazara təzyiq göstərir. Ola bilər ki, genişmiqyaslı müharibə bazarda katalizator rolunu oynasın. Hələlik ucuzlaşmaya daha çox əsas var.
Azərbaycan iqtisadiyyatı üçün neftin barelinin 100 dollardan baha olması uyğundur. Qeyri-neft sektoru çox zəif göründüyündən, qiymətin aşağı düşməsinin bizə yalnız zərəri ola bilər.
Bizimyol.info

