Azərbaycanda büdcə gəlirlərində cərimələrin payı: Avropa ölkələrindən çoxdur
17-11-2026, 00:11

Azərbaycanın 2027-ci il dövlət büdcəsi gəlirlərinin 39 milyard 254 milyon manat olacağı proqnozlaşdırılır. Burada cərimələrin payı da müəyyənləşib. Gələn il büdcə gəlirlərinin 315,8 milyon manatı inzibati cərimələrin hesabına formalaşmalıdır. Amma göstəricinin yüksək olması da mümkündür. Məsələn, keçən il büdcədə nəzərdə tutulandan təxminən 48 milyon manat çox inzibati cərimə və sanksiya qeydə alınmışdı.
Bizimyol.info xəbər verir ki, hələlik cərimələrin büdcə gəlirlərindəki payının 0,8 faiz civarında olacağı proqnozu səslənir. Zamanla göstərici 1 faizi aşa bilər. Əvvəlki illərin də təcrübəsi göstərir ki, hadisələr təxminən belə cərəyan edəcək. İnzibati cərimələrin və sanksiyaların büdcə gəlirlərindəki payının 4 faizə yaxınlaşdığı illər olub. Amma indiki vəziyyətdə də göstərici Avropa ölkələri ilə müqayisədə bir neçə dəfə çoxdur.
İtaliya böyük ölkədir, buna görə də cərimələrin ümumi məbləği 2 milyard avroya çatır. Amma yenə də inzibati cərimələrin büdcə gəlirlərindəki payı 0,25 faizi keçmir. Niderlandda, adətən, göstərici 0,2 faizi aşmır. Almaniyada cərimələr büdcə gəlirlərində 0,15 faiz civarında paya sahib olur. Avropanın xeyli ölkəsində bundan da aşağı rəqəmlər görmək mümkündür.
Arqument kimi Azərbaycanda qaydaların daha çox pozulmasını göstərə bilərlər. Buna şübhə ilə yanaşmağa əsas var. Çünki növbəti ilin büdcə xərc və gəlirləri açıqlananda inzibati cərimələrlə bağlı yüksək proqnoz səslənir. Sonradan yığılan məbləğ proqnozlaşdırılandan da artıq olur. Dövlət qurumları niyə belə əmindir ki, insanlar daha çox qayda pozacaq? Bunun öhdəlik kimi səslənməsi heç yaxşı əlamət deyil. İctimaiyyət də ehtimal olunan cərimələr üçün ümumi məbləğ çıxarılmasına isti yanaşmır. Yaxşı olar ki, hər il bu istiqamətdə toplanan vəsait növbəti büdcə gəlirlərində əksini tapsın. İndiki halda sanki qaydaların pozulub-pozulmamasından asılı olmayaraq bu qədər vəsaitin toplanacağı mesajını veririk. Belə psixoloji təzyiqə heç ehtiyac yoxdur.

