Pensiya yaşına çatıb müavinətlə keçinənlərə verilən məbləğ 4 ildir dəyişmir

17-11-2026, 09:24           
Pensiya yaşına çatıb müavinətlə keçinənlərə verilən məbləğ 4 ildir dəyişmir
Azərbaycanda 65 yaşa çatmasına baxmayaraq, pensiya ala bilməyənlərin sayı sürətlə artır. Təkcə bu ilin 10 ayı ərzində təxminən 14 min nəfər bu taleyi yaşayıb. Pensiya yaşına çatıb müavinətlə keçinmək məcburiyyətində qalanların sayı 180 min 398 nəfər olub. Cəmi altı il əvvəl ölkədə 82,4 min nəfər yaşın uyğunluğuna baxmayaraq əmək pensiyası almaq hüququ əldə edə bilmirdi. Yəni 2,5 dəfə artım olub.
Bizimyol.info xəbər verir ki, altı il əvvəl pensiya yaşına çatıb uyğun vəsaiti ala bilməyənlərə 130 manat ödənilirdi. 2022-ci ildə məbləğ 180, bundan bir il sonra 220 manat olmuşdu. 2023-cü ilin yanvarın 1-dən dəyişiklik yoxdur.

Pensiya yaşına çatıb pensiya almayanların sayının belə sürətlə artmasının iki vacib səbəbi var. Birincisi, işsizlik göstəricisi rəsmi hesabatlarda qeyd olunandan yüksəkdir. Uzun müddət işləməyən adamlar 65 yaşına çatanda əmək pensiyasına kənardan baxmalı olur. İkincisi, əhalinin nəinki real, nominal gəlirləri də aşağıdır. Lazımi sığorta kapitalı yığılmır. Buna görə də 65 yaşına çatanı əmək pensiyasına yaxın buraxmırlar. Beləcə, müavinətlə keçinmək məcburiyyətində qalanların böyük ordusu yaranır.

Məbləğin 4 ildir dəyişməməsi ayrıca böyük problemdir. Bu müddətdə qiymətlər xeyli artıb. Yenə rəsmi hesabatlarda əksini tapmasa da, bir neçə dəfə bahalaşmadan danışmaq olar. Amma pensiya yaşına çatmış insanlar uzun müddətdir həmin 220 manatla həyatda qalmağa məcbur edilir. Başqa ölkələrlə müqayisə aparanda daha çox məyus olmaq mümkündür. Qərbi Avropa dövlətlərindəki vəziyyətdən heç danışmırıq. Cənubda, məsələn, İspaniyada əmək pensiyası almayanlara dövlət bütün imtiyazlardan başqa, ayda 515 avro verir. Bu məbləğin uzağı 40 faizinə aylıq ərzaq qayğısını həll etmək mümkündür. Azərbaycanda bir insan 220 manata yalnız keyfiyyətsiz həyat sürə bilər. Bu taleyi insanlar özü seçmir. İş imkanları məhduddur, yaşlananda isə ac qalmayacağı məbləği ala bilmirlər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]