“Rus dilinin Azərbaycanda hansı xüsusi statusu var ki, 157 min şagird bu dildə dövlət hesabına təhsil alır?” - deputatdan etiraz

17-11-2026, 00:04           
“Rus dilinin Azərbaycanda hansı xüsusi statusu var ki, 157 min şagird bu dildə dövlət hesabına təhsil alır?” - deputatdan etiraz
Deputat Hikmət Məmmədov rus bölməsində təhsilin dövlət hesabına maliyyələşdirilməsini sorğuladı

Azərbaycanda ümumtəhsil məktəblərinin rus bölməsində təhsil alan şagirdlərin dövlət büdcəsi hesabına maliyyələşdirilməsi məsələsi Milli Məclisdə müzakirələrə səbəb olub. Deputat Hikmət Məmmədov rus bölməsində oxuyan şagirdlərin sayına və onların təhsilinə ayrılan dövlət vəsaitinə diqqət çəkərək, bu maliyyələşmənin əsaslarının yenidən nəzərdən keçirilməsinin vacibliyini vurğulayıb.

Bestmedia.az xəbər verir ki, deputat məsələni Milli Məclisin bu gün keçirilən plenar iclasında 2027-ci ilin dövlət büdcəsi zərfinin müzakirəsi zamanı gündəmə gətirib.

Hikmət Məmmədov çıxışında milli kimliyin və milli ideologiyanın formalaşmasında təhsilin mühüm rol oynadığını bildirib. Onun sözlərinə görə, hazırda Azərbaycanda ümumtəhsil məktəblərinin rus bölməsində 157 min şagird təhsil alır. Azərbaycan bölməsində oxuyanların sayı isə 1 milyon 570 min nəfərdir.

Deputat qeyd edib ki, bir şagirdin təhsilinin dövlət büdcəsinə illik maliyyə yükü təxminən 2 min manat təşkil edir. Bu rəqəmləri əsas götürən Məmmədov rus bölməsində təhsil alan şagirdlər üçün ayrılan vəsaitin həcminə və bu siyasətin məqsədəuyğunluğuna dair suallar qaldırıb.

O, Azərbaycanda ingilis və ya çin dilində dövlət hesabına təhsil verən məktəblərin, demək olar ki, olmadığını xatırladaraq, rus dilində təhsilin maliyyələşdirilməsinə fərqli yanaşmanın səbəbini sorğulayıb.

“Azərbaycanda ingilis və ya çin dilində dövlət hesabına təhsil alan məktəblər varmı? Demək olar ki, yox. Belə olan halda Azərbaycanda rus dilinin xüsusi əlahiddə statusu nədir ki, 157 min şagird bu dildə təhsil alır və bu xərcləri dövlət ödəyir? Nə üçün? Bu barədə düşünmək lazımdır. Ali təhsil müəssisələrində də belədir” – deputat bildirib.

Məmmədovun çıxışı rus bölməsinin yalnız məktəb təhsili səviyyəsində deyil, ali təhsil müəssisələrində də dövlət hesabına maliyyələşdirilməsi məsələsini müzakirəyə çıxarıb. Deputatın fikrincə, bu sahədə mövcud yanaşma milli təhsil siyasəti, dövlət dilinin mövqeyi və büdcə vəsaitlərinin bölgüsü baxımından diqqətlə qiymətləndirilməlidir.

Qeyd edək ki, deputatın səsləndirdiyi fikirlər rus bölmələrinin bağlanması və ya orada təhsilin dayandırılması ilə bağlı konkret təklif kimi deyil, həmin bölmələrin dövlət büdcəsindən maliyyələşdirilməsinin əsaslarına dair müzakirə çağırışı kimi qiymətləndirilə bilər. Bu məsələnin gələcəkdə parlamentdə və təhsil ictimaiyyətində müzakirə olunub-olunmayacağı isə hələlik məlum deyil.

Xatırladaq ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 oktyabr 2026-cı il tarixli qərarı ilə dövlət ümumi təhsil müəssisələrində adambaşına maliyyələşdirmə mexanizmi təsdiqlənib.
Bu qərara əsasən, məktəbin növündən asılı olaraq hər bir şagirdə düşən illik baza xərcləri müəyyən edilib:
• Tam orta ümumtəhsil məktəbləri: 2 000 manat
• Lisey və gimnaziyalar: 2 200 manat
• Ümumi təyinatlı internat tipli ümumtəhsil məktəbləri: 2 500 manat
• İnternat tipli lisey və gimnaziyalar: 3 000 manat

Deputatın qeyd etdiyi 157 min şagirdə rus dilində orta təhsil vermək üçün Azərbaycanın dövlət büdcəsindən təkcə baza xərclərinə 314 milyon manat vəsait ayrılacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]