AZƏRBAYCANA QONAQ GƏLİB QARABAĞA ZİYARƏTƏ YOLLANAN QÜRBƏTÇİLƏRİMİZƏ XƏBƏRDARLIQ!- - "Halal" yazısı hələ halallığa dəlalət etmir
15-11-2026, 12:44

Bakı–Qazax yolunun Hacıqabul istiqamətində “QƏDİR XUM” adlı yolkənarı restoran var. Guya halal restoranıdır. Azərbaycanda olanda dəfələrlə qürbətçi dostlarla orada yemək yemişik və təəssüf ki, hər dəfə də hamımız mədə-bağırsaq narahatlığı ilə üzləşmişik. Hətta birneçə gün yataq xəstəsi olanlarımız olub.
Nəhayət, günlərin biri, bir qədər diplomatik söhbətdən sonra xidmətçilərdən öyrəndik ki, yeməklərin kərə yağı ilə hazırlandığı barədə deyilənlər həqiqəti əks etdirmir. Onların sözlərinə görə, kərə yağı əvəzinə palma və digər ucuz yağlardan istifadə olunur. Mətbəxlərində heç zeytun yağı belə yoxdur.
Bu məsələ təkcə müştərini aldatmaq deyil, həm də insanların sağlamlığına düşmən münasibətdir.
İndi kimsə soruşa bilər: Bəs niyə yerli sakinlərin mədə-bağırsaq problemi olmur? Mən də zarafatla deyərdim ki, ölkədə təmiz kərə yağı tapmaq onsuz da müşkülə çevrilib, qalıb ki, yolkənarı restoranda tapaq! Azərbaycanın zavallı vətəndaşlarının mədə-bağarsaqları saxta ərzaqlara öyrəşibdir…
Qürbətçi dostlara məsləhətim budur: Qarabağa səfər zamanı imkan daxilində yeməklərinizi Bərdədə, Gəncədə, Şuşada və Xankəndidə, Laçında yeyin.
Bir məsləhətim də var: Hansı yeməkxananın qarşısında iri hərflərlə “HALAL XÖRƏKLƏR” yazıldığını görsəniz, bu yazını keyfiyyət və sağlamlıq zəmanəti hesab etməyin. Əvvəlcə yeməyin necə və hansı məhsullarla hazırlandığını öyrənin.
Unutmayın, halal sözü reklam lövhəsinə yazılmaqla halal olmur.
Halallıq hər şeydən əvvəl vicdan məsələsidir. Təəssüf ki, dini adlardan və müqəddəs anlayışlardan öz şəxsi maraqları üçün istifadə edənlərdə belə vicdanı tapmaq heç də asan olmur…
Elman Mustafazade
TEREF

