Avtomobil bazarı qeyri-müəyyənlik yaşayır: Median qiymət artsa da, köhnə maşınlar ucuzlaşır
14-11-2026, 12:24

Ölkədə avtomobil sahibi olmaq məsələsinə münasibət dəyişib. Xüsusilə son illərdə bu sahədəki yeniliklər yanaşmalara da təsirsiz ötüşməyib. Sanki yeni alıcılar belə, ilk təcrübəsini köhnə maşınlarda yaşamaq istəmir. Bazarda “sıfırdan” daha sərfəli təkliflər gözə dəyir. Alıcılar da əvvəlki illərlə müqayisədə nisbətən cəsarətli olmağa başlayıb.
Bizimyol.info xəbər verir ki, oktyabrda Azərbaycanın avtomobil bazarında median qiymət 3,7 faiz artaraq 19 min 500 manata çatıb. Azərbaycan Qiymətləndiricilər Palatasında bunu real bahalaşma kimi qiymətləndirmirlər. Hesab olunur ki, satışa çıxarılan nəqliyyat vasitələrinin tərkibinin dəyişməsi median qiymətin artmasında vacib rol oynayıb.
Median qiymət niyə artıb? Əlbəttə, birinci səbəb təklif strukturunun dəyişməsidir. Yəni ümumi qiymət artmayıb, sadəcə, yeni maşınlara daha çox üstünlük verilir. Bu isə bazarda xərclənən vəsaiti artırır. Aydındır ki, yeni avtomobillər buraxılış ili daha köhnə olan maşınlardan bahadır.
İkincisi, büdcə seqmentinin payının aşağı düşməsidir. Məsələn, VAZ avtomobillərinə maraq azalıb. Bazarda pay 9,4 faizdən 8,8 faizə düşüb. Büdcə seqmentinin populyar avtomobillərdən olan “Kia”da azalma 1,8 faizdir. Orta və premium seqmentin payı yüksəlib. Satış elanlarında nisbətən yeni və daha bahalı olan “Toyota”, “Mercedes” və BMW markalı avtomobillərin payı artaraq ümumi median göstəricini yuxarı çəkib.
Ümumiyyətlə, “Hyundai Santa Fe”, “Chevrolet Cruze”, “Kia Sorento” . LADA (VAZ) 2107, “Hyundai Elantra” , “Opel Astra”, “Ford Transit”, “Ford Fusion”, “Hyundai Sonata” kimi kütləvi modellər üzrə ciddi qiymət dəyişikliyi yoxdur.
Bazarda köhnə və ucuz maşınlara etibar sarsılıb. Müəyyən qədər elan sayının azaldığını da demək olar. Yeni avtomobillərə maraq çox böyüyüb. Köhnə maşınını satanlar ciddi güzəştə getmək məcburiyyətində qalır. Məhz belə amillərə görə ucuzlaşma fonunda bahalaşma görüntüsü yaranır.

