Lüks brendlər Çindən üz döndərir: Yeni hədəf ABŞ bazarıdır
14-11-2026, 11:34

Çin bazarında satışların zəifləməsi və qlobal lüks istehlak sektorunda tələbatın azalması Avropanın tanınmış moda və lüks məhsul istehsalçılarını strategiyalarını dəyişməyə vadar edib. LVMH, "Hermès", "Kering" və "Richemont" kimi nəhəng şirkətlər ABŞ bazarında mövqelərini gücləndirmək üçün yeni mağazalar açmağa başlayıblar.
Valyuta.az xəbər verir ki, şirkətlər son beş ildə Nyu-Yorkun "Fifth Avenue" və "Beverli-Hillzdəki Rodeo Drive" kimi ənənəvi lüks alış-veriş məkanlarından kənara çıxaraq "Ostin", "Skotsdeyl", "Prinston" və "Neşvill" kimi şəhərlərdə də fəaliyyətlərini genişləndiriblər.
Çin bazarında geriləmə, ABŞ-da artım
“Bain” şirkətinin məlumatına görə, dünyada lüks məhsulların istehlakçılarının sayı 2022-ci ildəki 400 milyondan 2025-ci ildə 330 milyona düşüb. Beləliklə, göstərici 2013-cü ilin səviyyəsinə qayıdıb. Sektorun əsas gəlir mənbələrindən sayılan Çin bazarında satışların azalması aparıcı şirkətlərin maliyyə nəticələrinə də təsir göstərib.
Məsələn, LVMH-nin Yaponiya istisna olmaqla Asiya regionundakı satışları 2026-cı ilin üçüncü rübündə 5 faiz azalıb.
ABŞ-da isə vəziyyət fərqlidir. Hermès-in Amerika qitəsindəki gəlirləri 2026-cı ilin ilk yarısında sabit valyuta məzənnələri ilə 15,3 faiz artıb. Bu, şirkətin ən yüksək artım qeydə aldığı region olub. LVMH də üçüncü rübdə ABŞ satışlarının yüksəlməkdə davam etdiyini açıqlayıb.
Sərvət artımı və süni intellekt amili
Lüks brendlərin Amerikaya marağının artmasında “Wall Street”də süni intellekt texnologiyaları ətrafında yaranan investisiya yüksəlişi də rol oynayır. Fond bazarındakı artım nəticəsində yeni sərvət əldə edən investorlar bahalı məhsulların əsas potensial alıcılarına çevrilirlər.
“Deutsche Bank”ın analitiki Adam Kokreyn ABŞ-ın növbəti üç-beş il ərzində lüks istehlak bazarında digər regionları üstələyə biləcəyini düşünür. Onun fikrincə, ABŞ qlobal lüks məhsul xərclərinin təxminən 30 faizini təşkil edən Çin bazarını geridə qoyaraq LVMH və "Richemont" üçün ən böyük bazara çevrilə bilər.
Şirkətlər yalnız yeni mağazalar açmaqla kifayətlənmir, Formula 1 kimi beynəlxalq tədbirlərə sponsorluq etməklə də amerikalı müştərilərin diqqətini cəlb etməyə çalışırlar.
Bütün şirkətlər üçün uğurlu strategiya deyil
Bununla belə, ABŞ bazarına yönələn bütün brendlər eyni nəticəni əldə edə bilməyib. "Kering" qrupunun müqayisə edilə bilən satışları 2023-cü ildə 22, 2024-cü ildə isə 11 faiz azalıb. Şirkət "Fifth Avenue"də yerləşən, dəyəri 1 milyard dollar olan daşınmaz əmlak layihəsindəki payını investisiyadan təxminən bir il sonra satmaq qərarına gəlib.
Sektordakı böhranın digər səbəblərindən biri də pandemiyadan sonra lüks məhsulların qiymətlərinin kəskin artırılmasıdır. Məsələn, “Chanel”in klassik çantasının ABŞ-dakı qiyməti 2019-2024-cü illərdə 104 faiz bahalaşıb. Həmin müddətdə ümumi inflyasiya 22 faiz təşkil edib.
Qiymətlərin yüksəlməsi orta gəlirli istehlakçıların lüks məhsullara çıxışını çətinləşdirib. Nəticədə bəzi alıcılar çanta əvəzinə nisbətən əlçatan olan zinət əşyalarına və saatlara üstünlük verməyə başlayıblar.
ABŞ Prezidenti Donald Trampın gömrük rüsumları siyasəti də şirkətlərin istehsal planlarına təsir göstərir. Bu səbəbdən bəzi brendlər ölkə daxilində istehsal imkanlarını genişləndirirlər. “Louis Vuitton” 2019-cu ildən Texas ştatının Alvarado şəhərində dəri məmulatları istehsal edir və 2027-ci ilə qədər burada ikinci emalatxanasını açmağı planlaşdırır.
Beləliklə, Avropanın lüks brendləri Çin bazarındakı itkiləri ABŞ hesabına kompensasiya etməyə çalışır. Lakin qiymət artımları, gömrük siyasəti və istehlakçı davranışındakı dəyişikliklər bu strategiyanın nəticələrini müəyyən edəcək əsas amillər olaraq qalır.

