İcbari tibbi sığorta qalmaqalı böyüyür
Bu gün, 11:44

Özəl tibb müsəssisələrinə icbari tibbi sığorta çərçivəsində göndərişlərin sayı azalıb. Son günlər bu məsələdən çox danışılır. Ayrı-ayrı həkimlər həm bundan, həm də ödənilən məbləğin aşağı olmasından gileylənir. Özəl tibb müəssisələri iıə bağlı məhdudlaşma ciddi qalmaqala səbəb olub.
Bizimyol.info xəbər verir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) qeyri-dövlət tibb müəssisələri ilə əməkdaşlığı azaldıb. Özəl Tibb Müəssisələri Assosiasiyasının İdarə Heyətinin sədri Günel Əliyeva da bununla bağlı narahatlığın olduğunu dilə gətirib. Onun sözlərinə görə, özəl klinikalar çətinlik yaşamağa başlayıb: “Sahibkarlar maliyyə problemləri ilə üzləşdiklərini deyirlər. İcbari tibbi sığorta ilə bağlı müqavilələr imzalananda onlar müəyyən sahələrə investisiya ediblər. Bahalı texnologiyaya pul xərcləyiblər. İslahatlardan sonra özəl müəssisələrlə əməkdaşlıq zəifləyib. Ümidimiz var ki, bu, müvəqqəti xarakter daşıyır”.
TƏBİB iddialara islahatlar dövrü olması ilə cavab verir. Ödənişlərlə bağlı bildirilib ki, əmək şəraitinə görə əlavələr var, tibb işçilərinin zəhməti nəzərə alınır.
Hələ bu ilin yaz aylarından səhiyyə sistemində islahatlardan, TƏBİB-in rolunun genişləndirilməsindən danışılır. Yeniliklər özəl tibb müəssisələri ilə əməkdaşlığı məhdudlaşdırır. Ekspertlər hesab edir ki, məqsəd həm də dövlət müəssisələrini gücləndirməkdir. Belə xəstəxanaların potensialının və maddi-texniki bazasının artırılması islahatların əsas predmetlərindəndir. Amma başqa amillər də göndərişlərin azalmasında rol oynayır. İcbari tibbi sığorta fondunun vəsaitlərinin səmərəli xərclənməsi məqsədilə nəzarət mexanizmləri sərtləşdirilib. İttihamlardan biri odur ki, bəzi özəl tibb müəssisələri xidmət həcmini süni şəkildə artırır və nəticədə sığorta fondunun xərcləri kəskin yüksəlir. Buna görə də göndərişlərin əsaslandırılması daha ciddi yoxlanır. Tibbi göstəriş tam sübut olunmasa, göndəriş təsdiqlənmir.
Bu məsələ bir çox sadə vətəndaşları da narazı salıb. Onlardan biri Rəna Məmmədova Bizimyol.info-ya bildirib ki, belə yanaşma maddi vəziyyəti zəif olan şəxslərin müayinə və müalicə imkanlarını məhdudlaşdırır: “Dövlət xəstəxanalarının hamısında lazım olan avadanlıq, aparatlar yoxdur. Ürək xəstəsi olan qohumumuz ağır vəziyyətdə Şabranda xəstəxanaya çatdırıldı, oradan göndərişlə Bakıda özəl xəstəxanada əməliyyat olundu. O adamın özünün maddi vəziyyəti həmin əməliyyata çatmazdı. Rayon xəstəxanalarında da nə avadanlıq var, nə də kifayət qədər mütəxəssis. Bakıdakı böyük dövlət xəstəxanalarında da o qədər növbə var. Münasibət də bir çix hallarda yaxşı olmur”.
Bütün hallarda proses dövlət xəstəxanalarının xeyrinə işləyir. Zamanla bəzi özəl tibb müəssisələrinin sıradan çıxmasına da şahid ola bilərik.
Aytən, Bizimyol.info

