“SpaceX” “Nvidia” çipləri üçün 40 milyard dollar borclanmaq istəyir
Dünən, 16:43

İlon Maskın rəhbərlik etdiyi “SpaceX” süni intellekt infrastrukturu üçün “Nvidia” çiplərinin alınmasını maliyyələşdirmək məqsədilə 40 milyard dollar borc cəlb etməyə hazırlaşır.
Bu barədə “Financial Times” məsələdən məlumatlı mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, maliyyələşdirmə paketinə təxminən 10 milyard dollarlıq bank kreditləri və 30 milyard dollarlıq investisiya dərəcəli borc daxil olacaq.
Maliyyələşdirməyə “Apollo Global Management”ın rəhbərlik edəcəyi gözlənilir. Şirkətin borcun geniş investor qrupu arasında yerləşdirilməsinə də kömək edəcəyi bildirilir. “Pimco”nun isə maliyyələşdirmə ilə bağlı danışıqlar aparan kreditorlar arasında olduğu qeyd olunur.
Sövdələşmənin 2027-ci ildə tamamlanacağı gözlənilir.
Vəsaitin “SpaceX”in süni intellekt hesablama infrastrukturu üçün nəzərdə tutulan “Nvidia” çiplərinin alınmasına yönəldiləcəyi bildirilir.
Xəbərin yayılmasından sonra “SpaceX” səhmləri uzadılmış ticarət sessiyasında təxminən 1% ucuzlaşıb, “Nvidia” səhmləri isə 0,5% bahalaşıb.
“SpaceX”, “Apollo” və “Nvidia” məsələ ilə bağlı dərhal açıqlama verməyib. “Pimco” isə şərh verməkdən imtina edib.
40 milyard dollarlıq potensial maliyyələşdirmə süni intellekt sektorunda infrastruktur quruculuğunun nə qədər böyük kapital tələb etdiyini də göstərir.
“Morgan Stanley”nin hesablamalarına görə, 2028-ci ilədək süni intellekt infrastrukturu üçün 1,5 trilyon dollar həcmində xarici maliyyələşdirməyə ehtiyac yarana bilər.

